2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Hüquqşünas ictimai nəqliyyatdan danışır:

“Bu pullar qeydiyyatdan keçməyən, hesabı aparılmayan pullardır”
24saat.org tanınmış hüquqşünas Əsabəli Mustafayevlə müsahibəni təqdim edir.
– Əsabəli müəllim, bu gün Bakı-Sumqayıt yolunda ağır yol nəqliyyat hadisəsi baş verib, nəticədə 5 gənc dünyasını dəyişib, ona yaxın insan müxtəlif dərəcəli bədən xəsarəti alıb. İctimai nəqliyyatda uzun illərdir mövcud olan durum və onun bu kimi nəticələri haqda çox danışılıb. Hüquqşünas olaraq bu hadisəni necə qiymətləndirirsiniz?
– Bir vətəndaş olaraq məni ictimai nəqliyyata dövlət tərəfindən nəzarətin zəif olması çox narahat edir. Mən həm də sürücüyəm və daima ictimai nəqliyyatda şəhər daxili və şəhərlərarası avtobusların idarə edilməsindən narahatlıq hissi keçirirəm. Mən özüm dəfələrlə şahid olmuşam ictimai nəqliyyatın sürücüləri tez-tez qəza vəziyyəti yaradırlar. Hesab edirəm ki, bu daha çox onunla bağlıdır ki, ictimai nəqliyyata dövlət yol polisi tərəfindən ciddi nəzarət edilmir. Görünür hansısa maraqlara görə. Yollarda da görürük ki, digər avtomobilləri saxlayır, xəbərdarlıq edirlər. Amma bir çox hallarda bu ictimai nəqliyyata aid edilmir. İctimai nəqliyyat vasitəsi istər qırmızdan, istər sarıdan keçsin, istərsə də dönmə əməliyyatlarını pozsun. Yəni yol hərəkət qaydalarının istənilən maddəsini pozanda da, onlara qarşı tədbirlər görülmür.
Mən oxudum ki, qəza yaradan və bir neçə gəncin ölümünə səbəb olan həmin avtobus sürücüsünün səhv etmirəmsə yüzə yaxın cəriməsi olub. Görünən budur ki, həmin sürücüyə loyal yanaşılıb. Halbuki yol polisinə məlum idi ki, bu şəxs sərnişin daşıyan sürücüdür. Mən bilmirəm “Ford” markalı avtomobil onun özünə məxsusdur, yoxsa hansısa firmaya. Hesab edirəm ki, polis bu qədər cəriməni gördükdən sonra həmin sürücü ilə bağlı tədbirlər görməli idi. Çünki bu şəxs təkcə özünü deyil, 20 nəfərə qədər şəxsi daşıyırdı və onların taleyinə cavabdeh idi. Hesab edirəm ki, burada səhlənkarlığa yol verilib. Ola bilsin ki, burada da hansısa maraqlar olub. İctimaiyyətdə belə fikir var ki, yol polisi ilə ictimai nəqliyyat vasitələri arasında hansısa əlaqə mövcuddur və buna görə də, həmin sürücülər tərəfindən yol verilən nöqsanlara göz yumurlar. Güman edirəm ki, bu gün baş verən və faciəyə səbəb olan qəza bir dərs olmalıdır. Yol polisi ictimai nəqliyyatı nəzarətə götürməlidir.
İkincisi, burada başqa bir problem də var. Bildiyiniz kimi ictimai nəqliyyatda avtobus idarə edən sürücülərin mütləq əksəriyyəti özü yol pulunu sərnişindən toplayır. Üstəlik bir çox hallarda bu sürücülər avtobusu yüksək sürətlə və riskli sürür. Fikrimcə, bu məqamlarında rolu var. Sürücü ancaq avtomobilin idarəçiliyi ilə məşğul olardısa, belə hadisələrin sayı kəskin azalardı. Bəlkə də bizim ölkə yeganə ölkələrdən biridir ki, sürücü həm kassirdir, həm də avtomobili idarə edir. Bu halda çox pul qazanmaq hesabına sərnişinlərin həyatını və sağlamlığını belə təhlükəyə atır. Hesab edirəm ki, sürücülər əsas işləri ilə məşğul olmalıdır.
– Hər bir sürücü ictimai nəqliyyat vasitəsini idarə edə bilərmi, yoxsa normalda bunun üçün standartlar, imtahan vermək, attestasiyadan keçmək kimi tələblər olmalıdır?
– Mənim fikrimcə, ictimai nəqliyyat idarə edən sürücülərlə bağlı qrafik müəyyən edilməlidir. Bu sürücülər mütəmadi olaraq imtahandan keçirilməlidir. ən azından 3 ildən bir imtahana girməlidir. Bir çox müəssisələrdə attestasiyadan keçmək, imtahan vermək tələbləri qoyulur. Mənə elə gəlir ki, ictimai nəqliyyatı idarə edən sürücülərlə bağlı da belə tələblər olmalıdır. Sürücülük vəsiqəsini Azərbaycanda əldə etmək ən asan işdir. Bunun üçün xüsusi qabiliyyət tələb edilmir və real vəziyyəti hər kəs bilir. Bu da ciddi problemdir. Yəni istənilən adam xərc çəkərək sürücülük vəsiqəsi əldə edə bilər. Qəza törədən sürücünün 2012-ci ildən ictimai nəqliyyat vasitəsi idarə etdiyi deyilir. Biz bilmirik ki, bu şəxs sürücülük vəsiqəsini necə əldə edib, ümumiyyətlə imtahan veribmi? Bilirsinizmi, hadisə bir dəfə olur. Adətən peşəkar sürücü qəza vəziyyətindən manevr edə, situasiyadan çıxa bilir. Səhər baş verən qəzanın video görüntüləri yayılıb. Açıq görünür ki, orada sürücünün qeyri peşəkarlığı var. Peşəkar sürücü bilir ki, ötmək istədiyi avtomobilin qarşısında başqa avtomobil ola və qəza vəziyyəti yarana bilər. Bir daha deyirəm ki, qeyri peşəkarlıq və daha çox pul qazanmaq istəyi, iddiası var. Sərnişindən gediş pulunu sürücülər yığır. Bu pullar qeydiyyatdan keçməyən, hesabı aparılmayan pullardır. Təbii ki, sürücülər də maraqlı olurlar ki, pulların sayı çox olsun. Əslində bu geniş və dərin araşdırma tələb edir. İctimaiyyət bundan məlumatlı olmalı, ciddi nəzarət həyata keçirilməlidir. Əks təqdirdə belə hallar davam edir. Dünən də olub, sabah da olacaq. Əgər ciddi struktur dəyişiklikləri baş verməsə.
– Bəllidir ki, siz Sumqayıtda yaşayırsınız və Bakı-Sumqayıt yolundan gündəlik istifadə edirsiniz. Özünüz qəza vəziyyəti ilə rastlaşmısınız?
– Dəfələrlə belə hallar olub. Bir daha deyirəm ki, bir qədər intizamlı sürücü gərgin vəziyyətdə avtomobil idarə edir. Çünki yollarda çox intizamsızlıq hökm sürür. Xüsusilə, ictimai nəqliyyatda. Daima gərginlik var. Adam avtomobil sürmək istəmir. Ələlxüsus Bakı-Sumqayıt yolunda. Baxmayaraq ki, bəzi yerlərdə kameralar var, amma radarlar daha çoxdur. Yəni sürəti qaldırdın, radara düşdün, cərimə ödəyəcəksən. Ancaq kamera görüntüləri azdır. Ola bilsin ki, cəza sistemini də dəyişmək lazımdır. Biz hüquqşünaslar neçə illərdir deyirik ki, ictimai nəqliyyatda ciddi dəyişikliklərə ehtiyac var.
– Bu gün baş verən və 5 tələbənin həyatına son verən faciəvi hadisə ictimai nəqliyyata, ona nəzarət etməli olan qurumlara bir dərs olacağını gözləyirsinizmı?
– Normalda dərs olmalıdır. Amma bu birinci hadisə deyil. Xüsusilə, Bakı-Sumqayıt və ya Bakı-Quba yolunda. Belə hallar mütəmadi baş verir. Amma ciddi tədbirlər görülmədiyi üçün davam da edir. Açığı, mən inanmıram ki, çox ciddi tədbirlər görüləcək. Çünki ictimai nəqliyyat həddən ziyada korrupsiyalaşmış sahədir. Korrupsiya olan yerdə ciddi tədbirlərin görülməsi bir qədər inandırıcı görünmür.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button