2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Hüquqşünas: “Son cərimələnən jurnalistlərlə bağlı qərarların bəziləri biabırçıdır”

“Jurnalistlərin prokurorluğa çağırılması ifadə azadlığına müdaxilədir”

“Jurnalistlərin yaydıqları məzmunla bağlı prokurorluğa dəvət edilmələri, cərimələnmələri ifadə azadlığı hüququna müdaxilə kimi qəbul oluna bilər”.

Media hüququ üzrə ekspert Xalid Ağaliyev Meydan TV-yə belə deyir.

Saytların yığılması Saytlarin yigilmasi

O, jurnalistlərin cərimələnməsi, onlara xəbərdarlıq edilməsini yuxarı məhkəmələr qarşısında mübahisələndirmək üzərində işləyir.

Baş Prokurorluq dekabrın 21-də məlumat yayaraq bildirib ki, sosial mediada faktlara əsaslanmayan müxtəlif məlumatlar yayan şəxslərə xəbərdarlıq edib.

Onların içində jurnalist Səxavət Məmmədov da var.

Prokurorluğun deməsinə görə, jurnalist şəxsi sosial media hesabından ölkənin hərbi strukturlarının fəaliyyətinə dair məlumatlar paylaşıb.

Buna görə o, əvvəlcə Baş Prokurorluğa dəvət olunub, sonra isə məhkəməyə aparılaraq 500 manat cərimələnib.

Prokurorluq həmçinin  2 saytın da cərimələndiyini bildirir.

Bildirməsinə görə, “olke.az” və “manevr.az” saytları intiharı problemlərin həlli üsulu qismində təbliğ edib.

Saytlardan açıqlama almaq mümkün olmasa da, jurnalist Səxavət Məmmədov iddiaları qəbul etmir, paylaşdığı materialın aylar sürən araşdırmanın nəticəsi olduğunu söyləyir.

Cəriməyə görə apelyasiya şikayəti verəcəyini bildirir.

Xalid Ağaliyev deyir ki, məsələnin iki aspekti var, birincisi, prokurorluğun jurnalistləri çağırması, xəbərdarlıq, sorğu-sual etməsidir.

Milli qanunvericilik prokurorluğa belə bir səlahiyyət verir.

Qanunvericiliyə görə, prokurorluq qanun pozuntularından çəkindirmək məqsədi ilə vətəndaşa və ya vəzifəli şəxsə rəsmi xəbərdarlıq edə bilər: “Bu səlahiyyətlərdən xüsusilə, jurnalistlərə qarşı istifadə zamanı ölçü-biçili olmaq lazımdır. Prokuroluğa çağırılma, sorğu-sual etmək, xəbərdarlıq jurnalistlərdə qorxu yaratmamalı, onları senzuraya məcbur etməməlidir. Jurnalistlərin yaydıqları məzmunla bağlı belə təsirlərə məruz qalması, ifadə azadlığı hüququna müdaxilə kimi də qəbul oluna bilər”.

Jurnalistlərin, xəbər resurslarının xəbərdarlıqdan sonra cərimələnməsinə gəlincə, hüquqçu bildirir ki, bu da prosedur baxımından, milli qanunlara uyğundur.

Media Hüquq İnstitutunun eksperti Xalid Ağaliyev
Source: Meydan.TV

4 il əvvəl “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna, eləcə də inzibati qanunvericiliyə xeyli dəyişiklik edilib.

Sosial mediada, internetdə yayılan məzmunla bağlı olan həmin dəyişikliklər mürtəce olub: “Təəssüflər olsun ki, ifadə, media azadlığı hüququ ilə uyğun gəlməyən həmin normalar indi işə salınmaqdadır. Məncə, yuxarı məhkəmələr bu işlərə milli qanunvericiliyin və beynəlxalq müqavilələrin işığında yenidən ədalətli baxsalar, cərimə qərarları ləğv ediləcək”.

Xalid Ağaliyev düşünür ki, son cərimələnən jurnalistlərlə bağlı qərarların bəziləri ümumiyyətlə, biabırçıdır. Məsələn, həm “ölkə.az” saytı, həm də “manevr.az” saytı eyni xəbərin yayılmasına görə cərimə ediliblər: “”Manevr.az” saytı “ölkə.az” saytının yaydığı xəbəri istinadla, olduğu kimi ondan sonra yayıb. “Kütləvi İnformasiya Vasitələri haqqında”Qanunda aydın yazılıb ki, məlumat digər kütləvi informasiya vasitəsindən götürülüb, yayılıbsa, həmin media məsuliyyətdən azad olunur. Təəssüflər olsun ki, məhkəmələr belə aydın normaları belə qərar verərəkən görməzdən gəliblər”.

Media sahəsi üzrə hüquqşünas Ələsgər Məmmədli isə düşünür ki, “Media haqqında” Qanun qüvvəyə minməmiş tətbiqinə başlanıb.

Onun sözlərinə görə, jurnalistin yazısına görə prokurorluğa dəvət olunması doğru deyil: “Jurnalistin prokurorluğa çağrılması, ardınca məhkəmədə cərimə olunması ifadə azadlığına qarşı təzyiqdir, ifadə azadlığını zorlamaqdır”.

Hüquqşünas Ələsgər Məmmədli
Ələsgər Məmmədli, Foto: AFU

Hüquqşünas düşünür ki, Səxavət Məmmədov nümunəsində məhkəmə heç bir araşdırma aparmayıb: “Jurnalisti cəzalandırmaq üçün məhkəməyə zəruri “göstəriş” verilib. Dərhal da yazının analizi aparılmadan, onun hansı hüquqa zidd olduğu, hansı sirri yaydığı müəyyən olunmadan jurnalist cəzalandırılıb”.

Milli Məclisin dekabrın 20-də keçirilən iclasında “Media haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

Bu qanun layihəsində jurnalist fəaliyyəti ilə bağlı sərt tələblər nəzərdə tutulub.

Bura media qurumun və jurnalistlərin qeydiyyatdan keçməsindən tutmuş, vahid jurnalist vəsiqəsi əldə etməyə qədər xeyli məsələlər daxildir.

Layihə dekabrın 14-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb və birinci oxunuşdan keçib.

Ardınca Azərbaycanın onlarla jurnalisti, hüquqşünası, media eksperti və təşkilatı layihənin Milli Məclisdə müzakirəsini dayandırmağı əks etdirən müraciət yayıb.

Hətta vətəndaş cəmiyyəti nümayəndələri layihənin Milli Məclisdə müzakirəsinin dayandırması haqqında çağırış da ediblər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button