Now Reading:
I vitse-prezidentlə bağlı dəyişiklik qəbul edildi

I vitse-prezidentlə bağlı dəyişiklik qəbul edildi

Milli Məclisin iclasında Əmək Məcəlləsinə əlavələr müzakirə olunub.
Publika.az xəbər verir ki, layihə barədə Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib.
H.Rəcəbli bildirib ki, məcəlləyə təklif edilən 5-1 maddəsinə əsasən korrupsiya ilə əlaqədar məlumat verən işçinin hüquqlarının qorunması nəzərdə tutulur. Əlavədə idarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalar haqqında məlumat vermiş işçisi barədə intizam tənbehi tətbiq edən idarə, müəssisə və ya təşkilatın intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsi və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığının əsaslandırılması nəzərdə tutulur. Təklif edilən əlavə göstərilir ki, korrupsiya ilə əlaqədar hüquqpozmalar haqqında məlumat vermiş işçi attestasiyadan keçirildikdə idarə, müəssisə və ya təşkilatın hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müəyyən edilən müvafiq vəzifəli şəxsi və ya struktur bölməsinin nümayəndəsi attestasiya komissiyasının iclasında iştirak etməlidir.
Layihə səsə qoyularaq qəbul olunub.
***
“Vətəndaşların müraciətləri haqqında” qanuna dəyişiklik edilir
Milli Məclisin aprelin 25-də keçirilən iclasında “Vətəndaşların müraciətləri haqqında” qanuna 9.2-1-ci maddənin əlavə edilməsi müzakirə olunub. Publika.az xəbər verir ki, təklif olunan maddəyə görə, barəsində məlumat verilən şəxsə, həmçinin araşdırmanın nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olan şəxslərə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatın araşdırılması həvalə edilə bilməz. Layihə səsə qoyularaq qəbul edilib.
***
Milli Məclis “Mənzil Məcəlləsinə” dəyişikliklər edilməsi haqqında qanununun layihəsini müzakirə edib.
Publika.az xəbər verir ki, qanuna təklif edilən dəyişikliyə əsasən evlərdən hostel kimi istifadə edilməsinə, habelə otellərdən mənzil kimi istifadə edilməsinə icazə verilir.
Millət vəkili Asim Mollazadə qanuna təklif edilən bu dəyişikliyə qarşı çıxıb:
“Yaşayaış sahəsində mehmanxana və hostellərin yerləşdirilməsi vətəndaş istirahət hüququnu pozmağa əsas yarada bilər. Dünya təcrübəsində yaşayış sahəsində yerləşdirilən belə qurumlar qadağandır. Çünki insanların öz evlərinda sakit yaşamaq haqqı var. Biz bu təklifləri qəbul etməklə bir növ insanların sakit istirahət etmək hüququna maneə yaradırıq. Sanki bu düzəliş bizim vətəndaşların şəxsi həyatına müdaxilə yaradır. Belə düzəlişlə vətəndaşların hüquqlarını pozuruq”.
Komitə sədri Hadı Rəcəbli isə Asim Mollazadəyə qarşı çıxıb:
“Asim müəllim bizim dünyagörüşlü deputat həmkarımızdır. Biz 1,6 aydan çoxdur ki, Turizm qanunu üzərində iş aparırıq, bu məqsədlə dünyanın 10 ölkəsinin qanun layihəsini öyrənmişik. Hesab edirəm ki, Asim Mollazadənin fikirləri doğru deyil və turizmə ziddir. Biz bu qanunla həm də bürokratiyanın qarşısını almış olacağıq”.
Spiker Oqtay Əsədov isə xatırladıb ki, bəzən Türkiyənin 40-50 minlik şəhərinə ildə 100 minlərlə turist səfər edir:
“Əlbəttə, hostellər və otellər olmasa, onları yerləşdirmək mümkün olmaz”.
Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov isə Gürcüstan təcrübəsini nümunə göstərib. Deyib ki, qonşu Gürcüstana ötən il 6 milyon turist gəlib və bu ölkəyə milyardlarla valyuta gətirib. Bu turistlərin 60-70 faizi evlərdə qalıb.
***
Milli Məclis Azərbaycan və Türkiyə arasında hərbi maliyyə əməkdaşlığı haqqında Sazişi təsdiq etdi
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” Sazişin təsdiq edilməsi məsələsinə baxılıb.
Publika.az xəbər verir ki, Sazişin məqsədi Azərbaycan Hökumətinə bu Sazişin 10-cu maddəsində göstərilən təmənnasız hərbi yardım haqqında müqavilələr, sazişlər və maddi-texniki təchizatın həyata keçirilməsi haqqında protokollarla Türkiyə Hökuməti tərəfindən ayrılan, lakin istifadə edilməyən ümumilikdə 8.067.871,80 (səkkiz milyon altmış yeddi min səkkiz yüz yetmiş bir dollar səksən sent) ABŞ dollarının birinci növbədə Türkiyənin müdafiə sənayesi şirkətləri olmaqla, Türkiyədəki yerli şirkətlərdən hərbi məqsədlərlə mal və xidmətlərin satın alınması məqsədilə istifadə edilməsinə dair əsasları müəyyənləşdirməkdir.
Bu Saziş 5 il müddətinə qüvvədə qalacaqdır. Bu Sazişə əsasən Azərbaycan Hökumətinə ayrılan vəsaitin bütünlüklə istifadəsi halında Saziş tərəflərin bu halı təsdiq edən qarşılıqlı yazılı bildirişlərindən ikincisinin alındığı tarixdə ləğv ediləcək. Bu Sazişlə 8.067.871,80 (səkkiz milyon altmış yeddi min səkkiz yüz yetmiş bir dollar səksən sent) ABŞ dolları həcmində vəsait Azərbaycan Hökumətinin birinci növbədə Türkiyənin müdafiə sənayesi şirkətləri olmaqla, Türkiyədəki yerli şirkətlərdən hərbi məqsədlərlə satın alınacaq mal və xidmətlərin dəyərinə maliyyə töhfəsi verilməsi şəklində və Türkiyə Hökumətinin bu sahədəki milli qanunvericiliyinə müvafiq olaraq istifadə ediləcək. Bu Saziş Azərbaycan Hökuməti adından Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Türkiyə Hökuməti adından isə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi tərəfindən həyata keçiriləcək.
Saziş səsə qoyularaq təsdiq edilib.
***
Milli Məclis “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edib.
Publika.az xəbər verir ki, dəyişikliklər haqqında deputatlara Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Komitə sədri deyib ki, qanuna təklif olunan dəyişikliklər Konstitusiyaya edilən dəyişikliklərlə bağlıdır:
“Konstitusiyaya edilən dəyişikliyə əsasın I vitse-president vəzifəsi təsis edilib. Hazırda hörmətli Mehriban xanım I vitse-prezident təyin edilib. Təbii ki, I vitse-prezidenti xidmətində olan dövlət qulluçularının statusu bu qanunla müəyyən ediləcək. Yəni, I vitse-prezidentin xidmətində olacaq inzibati vəzifələr, müşavirlər, köməkçi və digər strukturlarda çalışanların statusu “Dövlət qulluğu haqqında” qanunla müəyyən ediləcək. Qanun layihəsi Milli Məclisə prezident tərəfindən tövsiyə edilib. ”.
Deputatlar “Dövlət qulluğu haqqında” Qanuna təklif olunan dəyişiklikləri dəstəkləyib.
***
Milli Məclisin gündəliyinə daxil edilən Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsilə bağlı qanun layihəsi müzakirədən çıxarılıb.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin sədri Oqtay Əsədov deyib. Spiker bildirib ki, sözügedən layihə ilə bağlı qanunvericilik təşəbbüsü irəli sürən qurum onu geri çəkib.
Daha sonra spiker təklif edib ki, gündəlikdən çıxarılan layihənin yerinə Əziz Seyidovun Ali Məhkəməyə hakim təyin edilməsi məsələsi salınsın.
Deputatlar gündəliyi bu şəkildə təsdiq ediblər.

Input your search keywords and press Enter.