Loading...
Loading...
Xəbərlər

İbrahim Raisi Paşinyanı məsələləri beynəlxalq hüquq əsasında həll etməyə çağırıb

Bakı/04.01.22 Yanvarın 3-də İran prezidenti İbrahim Raisi Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışıb. Söhbət zamanı iranlı lider Ermənistanın ərazi bütövlüyünün qorunub saxlanmasına İranın dəstəyini, eyni zamanda İranın mübahisəli məsələlərin beynəlxalq hüquqa uyğun həllinə sadiqliyini vurğulayıb. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti və İran mətbuatı (tasnimnews) məlumat yayıb.

Raisi bildirib ki, ölkələrin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək İranın prinsipial siyasətidir. İran prezidenti Ermənistanla Azərbaycan arasındakı danışıqlarda irəliləyişi alqışlayıb.

“Ümid edirik ki, Ermənistanla Azərbaycan arasında digər problemlər də beynəlxalq prinsiplər və qanunlar çərçivəsində dinc yolla həll olunacaq və biz regionda sülhün, sabitliyin və təhlükəsizliyin şahidi olacağıq”, – o qeyd edib.

Xatırladaq ki, 2021-ci ilin oktyabrında Raisi İranın “Qafqazda xəritənin geosiyasi dəyişməsinə” dözməyəcəyi barədə xəbərdarlıq edib. Tehran Araz çayının cənub tərəfində İran İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi təlimlərini keçirib ki, Bakıda bu, İran İslam Respublikasının Azərbaycana təhdidi kimi qiymətləndirilib.

Həmin vaxt 9-10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda təsbit olunmuş Azərbaycanla Ermənistan arasında nəqliyyat yollarının açılması haqqında əsasnamənin reallaşdırılması müzakirə olunurdu. O vaxt Tehran “bu regionda terrorçuların və sionistlərin” olması ilə bağlı “ciddi narahatlığını” bildirmişdi. Məlum oldu ki, “ABŞ-ın regiondakı məğlubiyyətindən sonra İsrail İranın şimal-qərb sərhədində yerləşib”.

Azərbaycan prezidenti İlham Əliyev Cəbrayıl rayonu ictimaiyyəti qarşısında çıxış edərkən bu ittihamı təkzib edib.

İki ölkə arasındakı münasibətlərdə prinsipial dönüş 2021-ci il noyabrın 28-də Raisi ilə Əliyevin Aşqabad görüşü nəticəsində baş verib. Danışıqlardan sonra Raisi deyib: “Biz heç zaman imkan vermərik ki,  başqaları münasibətlərimizə müdaxilə etsin.. Biz öz məsələlərimizi özümüz həll etməliyik, münasibətləri inkişaf etdirməliyik, qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirmək üçün birgə çalışmalıyıq. Mövcud təcrübə göstərir ki, biz öz məsələlərimizi özümüz müzakirə edəndə onların əksəriyyətini həll edə və maneələri aradan qaldıra bilmişik”.

Bu görüşdən sonra Ərdoğanın 3+3 (Cənubi Qafqaz ölkələri, İran, Rusiya, Türkiyə) təşəbbüsü çərçivəsində regionda sülhün və əməkdaşlığın bərqərarı üzrə real məsləhətləşmələr başlayıb.

Ötən il dekabrın 10-da Moskvada təşəbbüs ölkələrinin (iştirakla bağlı hələ qərar verməyən Gürcüstan istisna olmaqla) xarici işlər nazirləri müavinləri səviyyəsində 3+3 məşvərət platformasının ilk iclası keçirilib.—0—

 

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Ukrayna şərtləri açıqladı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button