Xəbərlər

İctimai fəal həbs edilib

İctimai fəal Laçın Vəliyev martın 20-də Sabunçu rayonu ərazisində saxlanıb. Onun barəsində məhkəmənin qərarı ilə 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Bu barədə vəkil Nemət Kərimli bildirib. Onun sözlərinə görə, L.Vəliyev Cinayət Məcəlləsinin 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma – külli miqdarda törədildikdə) maddəsi ilə günahlandırılır. İttiham sübut olunarsa, fəalı əmlakı müsadirə olunmaqla 5 ildən 12 ilədək həbs gözləyir.

Vəkilin qeyd etməsinə görə, fəalla aprelin 2-də 1 saylı Bakı İstintaq Təcridxanasında görüşüb: “Dedi ki, ondan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) fəalının əleyhinə ifadə verməsi tələb olunub, buna razı olmadıqda ona qarşı ittiham irəli sürülüb. O özünü təqsirli bilmir, ifadələrindən imtina edib, ifadələrini təzyiq altında verdiyini dedi”.

Rəsmi qurumlar L.Vəliyevin həbsi ilə bağlı məlumat yaymayıb.

“Laçın Vəliyev əvvəlcə dələduzluq maddəsi ilə saxlanıb. Daha sonra qəfil ittihamı dəyişərək narkobarona çeviriblər. Laçın bəyi ötən aylar ərzində bir neçə dəfə saxlayıblar, zorakılığa məruz qoyublar. Konkret olaraq AXCP Rəyasət Heyətinin üzvlərindən birinə qarşı ifadə verməsi tələb olunub. Laçın bəy bu tələbdən imtina etdiyinə görə cəzalandırılıb”,- AXCP bildirib.

Bir sıra hüquq-müdafiə təşkilatları da L.Vəliyevin həbsini pisləyən bəyanatlarla çıxış edib. “Müdafiə xətti” hüquq-müdafiə təşkilatı bildirir ki, L.Vəliyevə ailəsi ilə bağlı sarsıdıcı video göstəriblər.

Amma bütün bu açıqlamalara, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Hüquq mühafizə orqanları polis və istintaq təcridxanasında saxlanan şəxslərə fiziki, psixoloji təzyiq göstərilməsi ilə bağlı iddiaları, bir qayda olaraq, təkzib edirlər.

24 saat” “İctimai fəal həbs edilib” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Related Articles

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button