Loading...
Loading...
SEÇMƏ

İctimai fəala qarşı təcavüzdə ittiham olunan şəxsin anasına məsləhəti Fuad Ələsgərov verib?

Yayımlandı: 8 Avqust 2022 23:10

Bir qrup fəal məhkəmə öncəsi aksiya keçirib

Avqustun 8-də publisist Zümrüd Yağmur və bir qrup ictimai fəal Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında aksiya keçirib. O, ictimai fəal Sənay Yağmurun anası və məhkəmədəki nümayəndəsidir.

Sənay Yağmuraa (Qəhrəmanlı) qarşı cinsi təcavüzdə ittiham olunan Əsgər Ağazadənin işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir. Artıq məhkəmə istintaqı başa çatıb, prokuror çıxış edərək, Əsgər Ağazadənin 7 il azadlıqdan məhrum edilməsini istəyib. Prosessual qaydalara görə, dövlət ittihamçısından sonra müdafiə tərəfi – təqsirləndirilən şəxsin vəkili çıxış etməlidir.

Bu iş üzrə avqustun 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək növbəti məhkəmə iclasında vəkillərin çıxışı gözlənilir. Bundan öncə iyulun 27-nə təyin edilən məhkəmə iclası vəkillərin iştirakı olmadığına görə təxirə salınmışdı.

Vəkillərin çıxışından sonra təqsirləndirilən şəxs məhkəmədə son sözünü deyir və ardınca hökm elan edilir.

Növbəti məhkəmə iclası ərəfəsində etiraz aksiyası keçirən zərərçəkən tərəf prosesi aparan hakimin fotosunu götürərək, “Ədalətli hökm ver!”, “Dövlət, təcavüzkarı qoruma!” kimi şüarlar səsləndiriblər.

Yazar Zümrüd Yağmur bildirib ki, qızına qarşı cinsi təcavüzdə ittiham olunan Əsgər Ağazadənin səhhətindəki problemlər əsas gətirilərək, ona yüngül cəza verilməsindən narahatdır.

Əsgər Ağazadə həbs olunan ərəfədə cərrahiyyə əməliyyatı keçirib. Onun qaraciyərinin bir hissəsinin atasına köçürüldüyü deyilir.

Qarşı tərəf isə Əsgər Ağazadənin orqanizmi tam sağalmadan onun həbs olunması, istintaq və məhkəmə dövründə ev dustaqlığına buraxılmamasından narazı qalmışdı.

Sənay Yağmura qarşı təcavüz ittihamıyla cinayət məsuliyyətinə cəlb olunan Əsgər Ağazadə onun xalası oğludur.

Əsgər Ağazadənin anası Sürəyya Ağayeva oğlunun təqsirsiz olduğunu, böhtana məruz qaldığını deyir. O, bugünlərdə mediaya müsahibəsində də oğlunun işi ilə əlaqədar bir sıra dövlət orqanlarına, o cümlədən Prezident Administrasiyasına, Heydər Əliyev Fonduna və s. qurumlara müraciət etdiyini, orada müvafiq şəxslərlə görüşdüyünü bildirib.

“Bir sıra ali instansiyalarda, hətta Prezident Administrasiyasında olduq. Orada mənə dedilər ki, onlar həyasızlıq edir, qışqırırlar. Siz də gedib qışqırın. Hətta vəkilimə dedi ki, qarşı tərəfin vəkili kimdi? Dedi: “Zibeydə Sadıqova”. Dedi: “Nə edir o?” Vəkilim dedi “qışqırır”. Cavab verdi ki, sən niyə qışqırmırsan?”.

Foto: screenshot Meydan TV

Meydan TV-nin əldə etdiyi məlumata görə, Sürəyya Ağayeva prezidentin hüquq mühafizə orqanları ilə iş üzrə köməkçisi, Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərovun da qəbulunda olub və ondan məsləhətlər alıb. Məlumatı Ağayevlər ailəsinə yaxın şəxslərdən biri də Meydan TV-yə təsdiqləyib. Lakin Sürəyya Ağayeva Meydan TV əməkdaşının davamlı zənglərinə cavab verməyib. Yalnız müsahibə götürülərsə, danışacağını, əks halda heç bir sualı cavablandırmayacağını deyib.

Gözdən qaçırmayın:  Adı işgəncədə hallanan polis rəisi ölümlə nəticələnən qəza törədib

Meydan TV Fuad Ələsgərovla və ya Prezident Administrasiyasından münasibət öyrənə bilməyib.

Əsgər Ağazadə Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsilə ittiham olunur. O, bu ittihamı qəbul etmir, xalası qızının onlarda qaldığı gecə ona cinsi təcavüz etməsi barədə iddiaların əsassız olduğunu deyir. O, məhkəmədə ifadəsində qarşı tərəfi ona böhtan atmaqda ittiham edib.

Təqsirləndirilən şəxsin anası Sürəyya Ağayeva da iddia edir ki, iş materiallarında olan ekspert rəyləri oğluna qarşı ittihamın böhtan olduğunu göstərir.

Zərəçəkmişin nümayəndəsi – anası, yazar Zümrüd Yağmur təqsirləndirilən şəxsin məhkəmə iclasında həm onun, həm də azyaşlı övladının ünvanına səsləndirdiyi fikirləri qarayaxma adlandırıb. Onun sözlərinə görə, Əsgər Ağazadə məsuliyyətdən yayınmaq üçün yalan danışır.

Zümrüd Yağmur təqsirləndirilən şəxsə istənilən cəzadan da narazı qalıb. O, hesab edir ki, prokurorun istədiyi 7 il azadlıqdan məhrumetmə yüngül cəzadır.

Təcavüz hadisəsinin 2020-ci ilin avqustunda baş verdiyi iddia olunur. Bu cinayət işi üzrə istintaq təxminən bir il Yasamal Rayon Prokurorluğunda aparılıb. Sanay Qəhrəmanlı şikayətçi olsa da, Əsgər Ağazadə məsuliyyətə cəlb edilməyib.

Təxminən bir sonra məsələ ictimailəşib və işi Baş Prokurorluğun rəhbərliyi nəzarətə götürüb. Araşdırmaların davam etdirilməsi isə Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub. Ardınca Əsgər Ağazadə həbs edilib.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button