Loading...
Loading...
SEÇMƏ

İctimai fəala təcavüzlə bağlı məhkəmə hökmü yenə oxunmadı

Yayımlandı: 2 Sentyabr 2022 21:13

Proses yenə təxirə salındı

İctimai fəal Sənay Yağmura qarşı cinsi təcavüzdə ittiham olunan Əsgər Ağazadənin məhkəməsinin başa çatması və yekun hökmün elan olunması üçün bir mərhələ qalıb – təqsirləndirilən şəxsin son sözünü deməsi. Artıq çıxışlar mərhələsi yekunlaşıb – prokuror Əsgər Ağazadəyə 7 il həbs cəzası istəyib. İstər zərərçəkmişin nümayəndəsi – anası Zümrüd Yağmur və vəkili Zibeydə Sadıqova, istərsə də təqsirləndirilən şəxsin özünün üç müdafiəçisi çıxış ediblər. Bir aya yaxındır ki, hər həftə məhkəmə iclası təyin edilir və hansısa səbəbdən baş tutmur.

Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Sentyabrın 2-də hakim Novruz Kərimovun sədrliyilə keçirilən məhkəmə iclası növbəti dəfə baş tutmayıb. Məlum olub ki, təqsirləndirilən şəxsin müdafiəçiləri məhkəmədə iştirak etmir. Üstəlik, Əsgər Ağazadə özü də səhhətində problemlər olduğunu söyləyib. Bu əsasla da məhkəmə prosesi sentyabrın 9-na qədər təxirə salınıb.

Zərərçəkmişin nümayəndəsi Zümrüd Yağmur məhkəmə prosesinin məqsədli şəkildə uzadıldığını deyir. Hesab edir ki, bu cür üsullarla onun səbrini tükəndirməyə çalışırlar.

Sentyabrın 2-də Abşeron rayon Məhkəməsində Zümrüd Yağmurun özünün də məhkəməsi keçirilib. Onu bacısı – təqsirləndirilən Əsgər Ağazadənin anası Sürəyya Ağayeva məhkəməyə verib.

Cinsi təcavüzlə bağlı cinayət işindəki tərəflər – zərərçəkmiş Sənay Yağmurla təqsirləndirilən Əsgər Ağazadə iki bacının övladlarıdır.

Sürəyya Ağayeva bacısına qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb. O, Zümrüd Yağmurun ona və ailəsinə böhtan atdığını iddia edir və onun Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə cəzalandırılmasını istəyir.

Abşeron Rayon Məhkəməsində bu iş hakim Vaqif Həsənovun icraatındadır. Hakim bu iş üzrə növbəti məhkəmə iclasını sentyabrın 9-u saat 16.00-a təyin edib. Həmin gün saat 17.00-da isə Bakı Ağır Cinayətlər Məhkəməsində təcavüz ittihamıyla bağlı məhkəmə prosesi keçirilməlidir.

Əsgər Ağazadə Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsilə ittiham olunur. O, bu ittihamı qəbul etmir, xalası qızının onlarda qaldığı gecə ona cinsi təcavüz etməsi barədə iddiaların əsassız olduğunu deyir. O, məhkəmədə ifadəsində qarşı tərəfi ona böhtan atmaqda ittiham edib.

Təcavüz hadisəsinin 2020-ci ilin avqustunda baş verdiyi iddia olunur. Bu cinayət işi üzrə istintaq təxminən bir il Yasamal rayon Prokurorluğunda aparılıb. Sanay Qəhrəmanlı şikayətçi olsa da, Əsgər Ağazadə məsuliyyətə cəlb edilməyib. Yasamal rayon Prokurorluğunda iki dəfə bu işlə bağlı cinayət işinə xitam verilməsi haqda qərar qəbul edilib.

Gözdən qaçırmayın:  DİN-dən “Berdzor” lövhəsini sındıran şəxslərin həbsi ilə bağlı açıqlama

Təxminən bir sonra Zümrüd Yağmur mətbuat konfransı keçirərək, məsələni ictimailəşdirib. Bundan sonra Baş Prokurorluğun rəhbərliyi işi nəzarətə götürüb. Araşdırmaların davam etdirilməsi Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub. Ardınca Əsgər Ağazadə həbs edilib.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button