Loading...
Loading...
Cəmiyyət

İctimai, yoxsa özəl İTV?

Qanunda Yayım Şurasının səlahiyyətlərinin azaldılması ilə bağlı 4 dəyişiklik edilib. Lakin Yayım Şurasının nə dəyişikliklərə etirazı eşidilib, nə də səlahiyyətinə uyğun olaraq qanunun tələbləri pozulduğuna görə Baş direktora hər hansı xəbərdarlığı olub. Baxmayaraq ki, bu illər ərzində tamaşaçılar saysız qanun pozuntusuna şahidlik edib. Elə təkcə aşağıdakı bəndlə bağlı pozuntular Yayım Şurasının qərar verməsi üçün yetərlidir. Qanunda deyilir:

7.1.1. ölkədə və dünyada baş verən mühüm hadisələr, dövlət orqanlarının, bələdiyyələrin, siyasi partiyaların, ictimai birliklərin, dini qurumların və kommersiya təşkilatlarının fəaliyyəti barədə vətəndaşların qərəzsiz və tarazlaşdırılmış informasiya almaq hüququnun həyata keçirilməsi.

İTV-də yalnız bir siyasi partiyanın təbliğatı gedir, yəni bu bənd hər gün pozulur.

Pozuntularsa bununla bitmir. Yayım Şurasının özünə qoyulan tələblər var:

20.1.12. ildə bir dəfə öz fəaliyyəti barədə ictimaiyyətə hesabat verir və bu hesabatı mətbuatda dərc etdirir;

20.4. Yayım şurası ən azı altı ayda bir dəfə iclas keçirir.

İllər üzrə axtarışa verəndə Yayım Şurasının illik hesabatları gözə dəymir. İnternet resurslarda yalnız Şuranın 2012-ci il mart -2013-cü il mart ayı dövründəki bir illik fəaliyyəti barədə hesabatla qarşılaşdıq.

Həmin hesabatda da İTV sədri İsmayıl Ömərovun tərifinə böyük bir abzas ayrılıb: “Yayım Şurası İctimai teleradio şirkətinin Baş direktoru İ.Ömərovun bu teleradionun fəaliyyət mahiyyətini doğru qurduğunu və onun ictimailik prinsipini daim diqqətdə saxladığını bir daha nəzərə çatdırmağı vacib sayır…

Onun kollektivə rəhbərlik prinsipi Yayım Şurasının tələblərinə tamamilə cavab verir. İ. Ömərov İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru kimi öz yaradıcılıq, peşəkarlıq göstəriciləri ilə nəinki Azərbaycan cəmiyyətində, habelə beynəlxalq aləmdə geniş nüfuza malikdir. O, indiyə qədər beynəlxalq demokratik təsisatların bir neçə mükafatına layiq görülüb”.

Ancaq Yayım Şurasının bu yarınmağı işə yaramayıb və İsmayıl Ömərov həmin hesabatdan cəmi bir ay sonra işdən çıxarılıb.

2013-cü ilin dekabrında isə İTV-də İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Tahir Məmmədov, İctimaiyyətlə əlaqələr departamentinin müdir müavini Pərvanə Süleymanova, Analitik proqramlar departamentinin direktoru Füzuli İsmayılov, 2013-cü ilin sentyabrına kimi İTV-nin İnformasiya departamentinin direktoru olmuş və daha sonra vəzifəsi aşağı salınaraq şərhçi kimi fəaliyyət göstərən İlham Sərxanlı, “Carçı-film” Yaradıcılıq Birliyi rəhbərinin müavini Qərənfil Xəlilova, İTV sədrinin müavini Çingiz Aslanov İctimai Televiziyadan gedib, yəni İTV-nin yeni rəhbərliyi əmək müqavilələrinin müddəti başa çatan bu şəxslərlə təzə müqavilə bağlamayıb.

Modern.az əməkdaşının bununla bağlı sualına Yayım Şurasının sədri Cahangir Məmmədli belə cavab verib:

Gözdən qaçırmayın:  General Nizami Məmmədov həbs olundu - FOTO

“Mən orada olmamışam axı. Ona görə də bu barədə məlumatım yoxdur. Dəqiqləşmə aparandan sonra və təhlil edəndən sonra münasibət bildirəcəyəm. Məsələ ilə bağlı dəqiqləşmələr aparmaq üçün İctimai Televiziyada söhbətimiz olacaq”.

24 saat” “İctimai, yoxsa özəl İTV?” başlıqlı yazını “Meydan.tv”yə istinadən dərc edib.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button