2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“İdmana ayrılan pullar çox zaman korrupsiya pulları olur”

Sual: Natiq bəy, Prezident deyir ki, idman-olimpiya komplekslərinin fəaliyyəti ciddi təftiş edilməlidir. Sizcə, həmin idman olimpiya kompleksləri nə kimi fəaliyyət göstərirlər?

Cavab: Açığı Azərbaycanda  idman-olimpiya komplekslərinin mülkiyyəti, idarə edilməsi, hansı təşkilatların balansında olması ilə bağlı qeyri-müəyyənlik var. Rəsmi məlumatlara görə, ölkədə 47 idman- olimpiya kompleksi fəaliyyət göstərir. Açıq informasiyalardan aldığımız məlumata görə, onlardan 16-nı Gənclər və İdman nazirliyi tikdirib. İkisini Qaçqın və Məcburi köçkünlərlə iş üzrə Dövlət Komitəsi inşa etdirmişdi. Bundan başqa özəl sektorun inşa etdirdiyi 12 idman-olimpiya kompleksi var. Bunların arasında ZQAN Holdinq, Nurgün Motors, Beynəlxalq bankın keçmiş rəhbərinə məxsus şirkətlərin və AzPetrolun tikdirdiyi idman-olimpiya kompleksləri var idi. İndi onların taleyi də məlum deyil. Nazirlik bütün bu komplekslərə nəzarət edirmi? Həmin komplekslər nazirliyin balansındadırmı? Əgər elə deyilsə, özəl mülkiyyətdə olan və yaxud digər dövlət qurumunun balansında olan idman-olimpiya komplekslərinə nazirlik necə nəzarət etməlidir? Bu məsələdə bir qarışıqlıq, qeyri-müəyyənlik var. Ona görə də idman-olimpiya komplekslərinin fəaliyyəti ölkədə qeyri-effektiv idarəetmənin digər sahələrdə olan fəsadları kimi, bu sahədə də üzə çıxıb.

Sual: Prezident həmçinin çıxışında bir sıra suallar səsləndirib. Məsələn, prezident soruşur ki, “medallar qazanmış idmançılar arasında gənc nəslin nümayəndələri yoxdur. Necə ola bilər ki, nəsillər arasında artıq belə bir ara, elə bil ki, məsafə yaranır?” Və ya “idman olimpiya komplekslərində məşq prosesi nə səviyyədədir, uşaqlar, yeniyetmələr idman bölmələrinə gəlirmi, gəlmirmi, idmanla məşğul olmaq üçün şərait nə dərəcədədir?”. Milli Olimpiya Komitəsinin prezidenti olan İlham Əliyev sizcə, bütün bu suallarından cavabından xəbərsizdir?

Saytların yığılması Saytlarin yigilmasi

Cavab: Əslində ölkədə uşaqlar üçün olan idman məktəblərinin böyük problemləri var. Orada çalışan məşqçilərin maaşı çox aşağıdır. Həmin məktəblərin maddi-texniki bazası çox zəifdir. Uzun illər nəticəyə hesablanmış, böyük idman  yarışlarında qalibiyyətə hesablanmış bir yanaşma olub. Yəni legionerlərin gətirilməsi, başqa ölkələrin vətəndaşlarının milliləşdirilməsi ilə məhz nəticə əldə etməyə köklənən bir yanaşma olub. Elə bu İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti olduğu dövrdən başlanan bir prosesdir. Mən düşünmürəm ki, bu məsələlərdən prezidentin xəbəri yoxdur. Bu, nəticə etibarı ilə idmanı millətin sağlamlığı, uşaqların asudə vaxtını maraqlı keçirməsi və sağlam böyüməsi prinsiplərinin arxa plana keçməsinə səbəb oldu. Bu da uşaqlar üçün olan idman məktəblərinin vəziyyətinin daha da pisləşməsinə, gənc idmançıların yetişməsində problemlərin yaranmasına gətirib çıxardı və nəsillər arası bir uçurum formalaşdı. İllər öncə milliləşdirilmiş və bundan sonrakı dövrdə də milliləşdirilmiş idmançılar daha önə çıxmağa başladılar ki, bu da ciddi problemdir.

Sual: Prezident deyir ki, Olimpiya Oyunlarına hazırlıq dövründə bəzi federasiyalarda işlər qeyri-qənaətbəxş olub və bütün federasiyalarda mövcud olan vəziyyət ciddi təhlil edilməlidir. Sizcə, təhlilin nəticəsi necə olacaq? Federasiyalarda vəziyyət nə yerdədir?

Cavab: Azərbaycan idmanında ən böyük problemlərdən biri də idman növləri üzrə milli federasiyalara məmurların rəhbərlik etməsidir. Heç kimə sirr deyil ki, nazirlərin, komitə sədrlərinin idman federasiyalarına rəhbərlik etməsi onların həmin federasiyalara qeyri-rəsmi pul xərcləməsinə səbəb olur. Yəni onları ona görə federasiya rəhbəri təyin edirlər ki, həmin sahələrə pul xərcləsinlər. O pulun mənbəyi də bilinmir. Çox zaman da təəssüf ki, korrupsiya pulları olur. Və həmin federasiyaların fəaliyyəti daha çox məmurların fəaliyyətindən asılı olur. Yəni məmurların həmin federasiyalara xərclədiyi vəsaitdən asılı olur. Son zamanlar federasiyalarda problem ondan ibarətdir ki, artıq bir çox vurulmuş, işdən çıxarılmış, həbs edilmiş məmurların rəhbərlik etdiyi idman federasiyaları olub. Bu gün də var. Məmurlar vəzifəsini itirəndən sonra idmana, federasiyaya pul xərcləmirlər. Çünki onların federasiyalara xərclədikləri vəsait dediyim kimi vəzifədən, kreslodan əldə etdikləri vəsaitlərin bir qismidir. İndi əgər federasiyalara rəhbərlik yenə köhnə qaydada həyata keçiriləcəksə, bunun ciddi dəyişikliklərə səbəb olacağını düşünmürəm. Beynəlxalq təcrübəyə baxdıqda, çox zaman federasiya rəhbərləri özəl şirkət sahibləri və yaxud da varlı insanlar olur. Bu da bir reklam, imic məsələsidir. Reklam və imicə görə vəsaitlərini hansısa bir idman növünə xərcləyirlər. Azərbaycanda bu da problemdir. Çünki Azərbaycanda bazar iqtisadiyyatı əməl olunan bir iqtisadi model deyil. Bizdə reklamın gücü yoxdur, reklam bazarı çox zəifdir. İnhisarçılıq, məmur biznesi olan bazarda reklamın önəmi həmişə aşağı olur. Burda da federasiyaların rəhbərliyinin kimdən ibarət olacağı, necə təşkil olunacağı gələcəkdə önəmli rol oynayacaq.

Sual: Azərbaycanda idmanın inkişafı üçün nə etmək lazımdır? Sizin təklifləriniz nədən ibarətdir?

Cavab:  Azərbaycanda idmanın problemləri çoxdur. İdarəetmədən tutmuş maliyyəyə qədər bir çox problemlər var. Dediyim kimi Azərbaycan idmanının ən böyük problemlərindən biri korrupsiya pullarının önəmli rol oynamasıdır. Mən yazılarımda, ictimai çıxışlarımda dəfələrlə demişəm ki, Azərbaycanda korrupsiya pulunu idmandan tam çəkilsə, Azərbaycan idmanı tamamilə çökər.  Məsələn, dünyada ən çox populyar olan idman növü olan futbolu götürək. Azərbaycan futbol çempionatında mübarizə aparan futbol klublarının böyük əksəriyyəti birbaşa və dolayı Rövnəq Abdullayevə, SOCAR-a və ya AFFA-ya bağlıdır. Rövnəq Abdullayev həm Futbol Federasiyasının, həm də SOCAR-ın prezidentidir. Neftçi komandasının birbaşa sponsorudur, digər futbol komandalarının maliyyə vəsaitinin ödəyicisi isə AFFA-dır. AFFA-nın prezidenti də yenə Rövnəq Abdullayevdir. Faktiki olaraq öz komandalarını bir-biri ilə oynadır. Azərbaycanda bircə Qarabağ komandası Azərsun-un sponsorluğundadır. Bu da özəl sektordur. Normal bir məktəb qurub, nəticələr də əldə edib.  Bir də Qəbələ futbol klubunda da sponsorluq var idi. Burda da məmur biznesi rol oynayırdı. Həmin klub Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova və onun ailəsinə yaxın klub idi. Bu kluba da xərclənən  vəsaitlər qeyri-leqal əldə olunmuş vəsaitlər idi. Bir sözlə, maliyyə mənbələri və idarəetmə sistemi- bu iki problem Azərbaycan idmanının əsas ümdə problemləridir. Bu problemlər – maliyyə mənbələri və idarəetmə ilə bağlı problemlər həllini tapsa, ikinci addım kimi uşaq məktəblərinin yaranması və inkişaf etdirilməsi, məhz həmin məktəblərin nəticəsində yeni idmançıların yetişdirilməsi önə çıxacaq. Bunun başqa yolu yoxdur. Məsələn, maraqlı ölkələrdən biri Belçikadır. 2000-ci illərdə Belçika futbol klublarının çox pis nəticələri var idi. O zaman qərara alındı ki, legioner alıb, milliləşdirməkdənsə, uşaq futboluna üstünlük verilsin. Nəticə etibarı ilə üstündən 15-20 il keçəndən sonra Belçika bu gün dünyanın ən güclü futbol klublarına malikdir, dünyanın ən yaxşı futbol yığmalarından biridir. Hətta reytinqlərdə uzun müddət birinci yerdəydi. Belə yanaşma olmalıdır. Uşaq idmanına daha çox diqqət yetirilməlidir. Bunun nəticəsində bir müddətdən sonra yaxşı idman nəticələri də olacaq.

Kamran Mahmudov

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button