Now Reading:
“İfadə verənlərin hamısı Alışanovun ya qohumları, ya da tabeliyində işləyənlərdir”

Vəkillər AZTV sədrinə sui-qəsd cəhdində ittiham edilənlərə bəraət istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində AzTV QSC-nin sədri Arif Alışanov və yaxınlarını öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Əfqan Hacıyev sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Zöhrab Şirinovun vəkili Ruslan Həsənov müdafiə çıxışı edib. O bildirib ki, müdafiə etdiyi şəxsə qarşı ittihamlar üzrə mötəbər sübut yoxdur. “Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatətləri təmin olunmadı. Bununla belə, yenə də Zöhrab Şirinova qarşı ittiham sübuta etirilmədi. O, oxumadan sənədlərə imza edib və məhkəmədə istintaqdakı ifadələrini təsdiqləmədi”.

Vəkil bildirib ki, Z.Şirinov 2007-ci ildən usta kimi çalışıb və Şücaətlə belə tanış olub. “Qoçalının (təqsirləndirilən) Zöhrabı Alışanovu öldürmək məqsədilə cəlb etməsi və s. haqda yazılanlar həqiqətə uyğun deyil. Qoçalı da bildirdi ki, Zöhrabın ona borcu olub, aralarındakı danışıq da bu barədə olub. Aqşin də Zöhrabı tanımadığını dedi. Zöhrabın 37 ədəd patronlu Kalaşnikovu saxlaması, daşıdığını təsdiqləyən heç bir sübut ortaya qoyulmadı. Əgər Şücayətin Alışanovu öldürmək niyyəti olsaydı, bunu maneəsiz şəkildə edə bilərdi. Belə bir plan olmayıb”.
Vəkil onu da bildirib ki, Zöhrab 29 yanvara qədər “bandotdel”də (Daxili İŞlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi) saxlanılaraq işgəncəyə məruz qalıb, onlardan özlərinin və bir-birinin əleyhinə ifadə alınıb. “Məhkəmədə videogörüntülər nümayiş etdirildi. O görüntülər də Zöhrabın fiziki təzyiqlərə məruz qaldığını təsdiqləyir. Dindirmədə vəkil iştirak etmir”.
Vəkil bildirib ki, Z.Şirinov ailəlidir, üç övladı var, yaşayış yerindən müsbət xarakterizə okunur. “O, ailənin yeganə qazanc gətirəni idi. Ailənin oğul övladı hazırda hərbi xidmətdədir. Bu üzdən ailə ağır duruma düşüb”.
Vəkil çıxışının sonunda müdafiə etdiyi şəxsə bəraət hökmü çıxarılmasını xahiş edib.
Daha sonra çıxış edən vəkil Babək Həmidov bildirib ki, Şücayət Əkbərov latın qrafikası ilə oxuyub-yazmağı bacarmır. “Bu baxımdan ittiham aktında yazılanların, ittihamın mahiyyəti ona tam aydın olmayıb. Alışanovun ifadəsinə uyğun ifadə verənlərin hamısı ya qihumlarıdır, ya da tabeliyində işləyənlərdir. Alışanov iddia edir ki, ona satılan torpaq sahələri deyilən yerdə yox, başqa yerdə yerləşib. Bu, texniki məsələdir. Bunu ekspertiza yolu müəyyən etmək mümkün idi, amma ekspertiza təyin olunmayıb”.
Vəkil əlavə edib ki, ortada ittihamla bağlı obyektiv sübut yoxdur. Ş.Əkbərovun qızı Cəmilənin “Prado” markalı avtomobili ilə bağlı məsələyə gəlincə, vəkil bildirib ki, maşın Müsabinin sahibliyində, istifadəsində olub. O qeyd edib ki, avtomaşının üzərinə həbs qiyulduğuna görə mülkiyyətçi – Cəmilə öz əmlakından istifadə edə bilmir.
Vəkil çıxışının sonunda Ş.Əkbərova bəraət verilməsini tələb edib.
Digər vəkil Bəxtiyar Hacıyev da bildirib ki, məhkəmə istintaqı obyektiv aparılmadı. “Ədalətli hökm çıxarılmasını arzulayıram. Onlarla vəsatət vermişdik, heç biri təmin olunmadı. Ümid edirəm ki, müşavirə otağında nəzərə alcaqsız”.
Təqsirləndirilən Zöhrab Şirinov son sözündə bildirib ki, neçə vaxtır ədalətli hökm çıxarılacağına ümid edirdi, ancaq artıq buna ümid etmir. “14 yanvarda Şamaxı polisi məni tutub bandotdelə təhvil verib. 29-na qədər vəkilsiz orada qalmışam. Vəkilsiz dindirilmişəm. Nə qədər vəsatət verdik təmin edilmədi: “Əmim sosialist əmğyi qəhrəmanıdır. 130 qohumun YAP-ın üzvüdür. Hamısı imtina edəcək. Mən özüm vətəndaşlıqdan imtina edəcəm. Prokuror mənə 17 il iş istədi. Amma güllə ilə adam vurub öldürənə 9-10 il verirsiniz. Artıq sizin ədalətli qərar verəcəyinizə inanmıram. Amma sizi də qınamıram, siz də “zakaz”la iş görürsünüz. Allahımız haqaı özümə qəsd edəcəm. Yazıb da qoyacam. Elə eləyək ki, burada heç kimin ailəsi başsız qalmasın. 75 yaşlı əmimi güclə saxlamışam. Bir nəfər canlı şahid yoxdur ki, üzümə dura. Müsabi ilə niyə çəkiliş eləmədilər? Orada da gördünüz də nə gündəyəm? Mən bu əllərimin əziyyəti ilə maşın almışam. Mən Arif Alışanovun pulu ilə maşın almamışam e, müsadirə olunsun.
Qoçalı Cəbiyev isə bildirib ki, danışmağın mənası yoxdur. O hakimə üz tutaraq, “mən nə deyim? Bu “kino”nun ssenarisini yazılıb, sən də bu kinonun direktorusan” – deyib.
Təqsirləndirilən Aqşin Hüseynov vəkilinin çıxışı ilə razı olduğunu bildirib.
Təqsirləndirilən Şücayət Əkbərov isə çıxışa hazır olmadığını deyib.
Proses iyulun 20-də davam edəcək.
Qeyd edək ki, dövlət ittihamçısı Fərid Nağıyev çıxışında Şücayət Əkbərovun 18 il, Qocalə Cəbiyevin 16 il, Zöhrab Şirinovun 17 il, Aqşin Hüseynovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Ş.Əkbərovun özü, keçmiş həyat yoldaşı və qızının adına olan bir sıra əmlakların üzərinə həbs qoyulub. Prokuror həmin əmlakların müsadirə olunmasını və Alışanova dəymiş ziyanın ödənməsinə yönəldilməsini istəyib.
İttihama əsasən, Ş. Əkbərov Şamaxı və Kürdəmirdə torpaq sahələri almaq adı ilə A.Alışanovun təxminən 5 milyon manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib. Bundan başqa, AzTV sədrinin həyatına bir neçə dəfə sui-qəsd cəhdi ediblər. Onun avtomobilini Ağsu aşırımında vurub dərəyə aşırmaq istəsələr də, bu baş tutmadıqda Alışanovu gülləmək planları olub. Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarına qədər bu plan üzərində işləyib. O, tanışları Musabil Namazov, Qoçalı Cəbiyevə bu haqda danışıb, Qoçalının vasitəsilə Zöhrab Şirinovu tapıb, onunla razılığa gəlib. Q.Cəbiyevlə M.Namazova söz verilib ki, onlar bu işin əvəzində 600 min manat pul qazanacaqlar. Arif Alışanov ailə üzvləri ilə birlikdə Şamaxının Mədrəsə qəsəbəsindəki evinə gedəndə onu, qızı Nigarı və sürücüsünü öldürmək planlaşdırılıb. İş materiallarında çap yazılıb ki, sonradan M.Namazov bu cinayətdən könüllü olaraq imtina edib. Ona görə də bu işi başqa bir adama həvalə etmək qərarına gəliblər. Q.Cəbiyev tanışı Z.Şirinovu tapıb, ona bu işin müqabilində 100 min manat vəd olunub. Bu dəfə plan hazırlanıb ki, A.Alışanov bacısı oğlu Dəyanət Cəfərovla birlikdə maşınla Çuxuryurd- Şamaxı şosesində olanda onları yüksək sürətlə vurub dərəyə salsınlar. Avtomobilin markası, nömrəsi haqda da məlumat verilib. Amma Alışanov gözlənilmədən öz avtomaşınında yox, başqa bir avtomobildə gedib. Növbəti dəfə isə Q.Cəbiyev əvvəlcədən ona nişan verilmiş «Toyota Land Cruiser» markalı avtomaşını özünün idarə etdiyi «Niva» ilə bir neçə dəfə arxa və yan hissəsindən vurub yüksəklikdən dərəyə salmağa çalışsa da, buna nail ola bilməyib və sonda idarəetməni itirib. Plan baş tutmasa da, Ş.Əkbərov vəd etdiyi 100 min manatın bir hissəsini Z.Şirinova verib. İttihamda yazılıb ki, 2017-ci ilin yanvarın 11-də növbəti dəfə A.Alışanovu Şamaxı rayonunda odlu silahla öldürmək qərarına gəliblər, amma yenə plan baş tutmayıb.
Təqsirləndirilən şəxslər isə ittihamları qəbul etməyiblər.
Qeyd edək ki, Ş.Əkbərov məhkəmə proseslərində bildirib ki, A.Alışanov Şamaxıya gələrkən yanında əvvəlki kürəkəni Fəridin gəzdiyi qız olub və onu dağdan çaya ataraq öldürüb. Təqsirləndirilən iddia edir ki, bu hadisəni bildiyi üçün A.Alışanov onu şərləyərək həbs etdirib.
Arif Alışanovun vəkilləri isə onun dediyini cəfəngiyyat adlandırıb və təqsirləndirilənin özünü müdafiə etmək üçün uydurduğu fikir adlandırıb.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.