2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“İfşa kampaniyası hələlik tam görünməyən siyasi gəlişmələrin kiçik bir hissəsidir”

Sual: Ərəstun bəy, sizcə, bu görüntüləri kim yayır? YAP-çıları kim şantaj edir?

Cavab: Əvvəla onu qeyd edim ki, belə görüntülərdən siyasi mübarizə və ya sadəcə insanları nüfuzdan salmaq, şantaj etmək məqsədilə istifadə olunması təkcə çirkin əməl deyil, həm də qanunsuzdur, cinayətdir. Amma təəssüf ki, son illər Azərbaycanda belə çirkli texnologiyalardan istifadə adi hala çevrilib. Əvvəlki illərdən bir tək fərq ondadır ki, o zaman belə üsullardan daha çox hakimiyyətin müxalifətdəki, vətəndaş cəmiyyətindəki, mediadakı opponentlərinə qarşı istifadə olunurdusa, bu gün onların qurbanı olanlar hazırki və keçmiş iqtidar nümayəndələridir. Burdan da aydın olur ki, artıq mübarizə müxalifətlə hakimiyyət arasında deyil, birbaşa ikincinin daxilində gedir. Bu səbəbdən də intim görüntülərlə nüfuzdan salmanın qurbanları indiki və keçmiş iqtidar nümayəndələridir. Qaldı görüntülərin kim tərəfindən yayılmasına, məncə burda da hər şey aydındır: belə görüntülər daim hakimiyyətin ən yüksək eşolonlarından sanksiyalaşdırılıb və bu gün də belədir. Bunun da izahı son dərəcə sadədir. Bu tipli görüntülər yalnız bunun üçün xüsusi texniki və digər imkanları olan qurumlar üçün əlçatandır. Onların da hamısının dövlət qurumları olduğunu nəzərə alsaq demək, sanksiyalaşdıran da hakimiyyətin özüdür.     

Sual: Bu kimi videogörüntüləri yaymaqda məqsəd hakim partiyanı nüfuzdan salmaqdır, yoxsa baş verənlər partiya daxili qruplaşmaların mübarizəsinin nəticələridir?

Saytların yığılması Saytlarin yigilmasi

Cavab: Məncə burda məqsəd həmin şəxslərin mənsub olduqları hakimiyyətdaxili qrupları təhdid etmək, hansısa siyasi addımlardan çəkindirmək və onların mövqelərini zəiflətməkdir. Heç kəsə sirr deyil ki, bütün qınaqlara rəğmən belə metodlar kifayət qədər effektiv nəticələr verir və hələ uzun müddət də vəziyyət belə olacaq. Bunun üçün digər ölkələrin təcrübəsinə baxmaq kifayət edər. Söhbət təkcə avtoritar ölkələrdən deyil, ilk növbədə demokratik quruluşa malik olan dövlətlərdən gedir ki, orda da bu metodlar hələ yetərincə təsirlidir. YAP-ı nüfuzdan salmaq isə, əgər belə nüfuz hələ mövcuddursa əlbəttə, hakimiyyətə lazım deyil, çünki mübarizə elə həmin partiyaya nəzarət uğrunda gedir. Odur ki, dəyərləndirmədə yanılmıramsa, o zaman biz hələ qarşı tərəfin cavab “atəşinin” də şahidi ola bilərik.   

Sual: Bu görüntülər hakimiyyətə yaxın mediada açıq şəkildə yayıldı. Sizin də bildiyiniz kimi hakimiyyətə yaxım media bunu özbaşına edə bilməzdi. Bu da şübhələri artırır. Ola bilərmi bu sifariş yuxarılardan gəlsin?

Cavab: Əlbəttə ki, hakimiyyətə yaxın media bunu öz təşəbbüsü ilə yaya bilməz. Məncə burda şübhəyə heç bir əsas yoxdur, əksinə görüntülərin hakimiyyətə yaxın media tərəfindən yayılması mənzərəyə daha da aydınlıq gətirir. Deməli, həmin ifşaedici materialların yayılması hakimiyyətin özü tərəfindən sanksiyalaşdırılıb. Özü də ən yüksək səviyyədə.  

Sual: Son vaxtlar parlamentin buraxılacağı, referendum və proporsional qaydada yeni seçkilərin keçiriləcəyi ilə bağlı ictimaiyyətdə söhbətlər gəzir. Ola bilərmi biz yaxın vaxtlarda yeni bir partiyanın ortaya çıxmasına və ya hakim partiyanın özünü buraxmasına və re-brendinq etməsinin şahidi olaq?

Cavab: Mən bu hadisələrin hələ 2020-ci ilin sonlarında olacağını demişdim, amma görünür, müharibə bunu arxa plana keçirdi. Parlamentin buraxılması, ümumiyyətlə yeni – parlament üsul-idarəsinə keçid getdikcə daha çox zərurətə çevrilir. Amma ölkədəki sosial-iqtisadi situasiyada və bölgə ətrafındakı bugünkü geosiyasi reallıqda siyasi idarəetmə sisteminin bu cür islahatını həyata keçirmək müəyyən, özü də ciddi risklərlə müşaiyət oluna bilər. Bura iqtidar daxilində gedən qruplararası çəkişmələri də əlavə etdikdə risklər bir qədər də artmış olur. Amma görünən həm də budur ki, həmin istiqamətdə addımlar atmaq üçün müəyyən hazırlıq işləri artıq görülməkdədir. Qaldı hakim partiya ilə bağlı atıla biləcək addımlara, məncə dediklərinizin heç biri olmayacaq. Partiyanın rəhbərliyində bir sıra dəyişikliklər olacaq və YAP elə bu gün olduğu şəkildə də seçkiyə gedəcək. İndiki mərhələdə iqtidar partiyasının buraxılması və ya re-brendinqi real görünmür. Yeni partiya yaratmaq isə ciddi insan resursları tələb edir ki, burda da vəziyyət heç ürəkaçan deyil. Azərbaycandakı seçki sistemində iqtidar partiyasının müstəsna yeri və rolu var ki, onu həmin mövqedən çıxarmaq və ya başqası ilə əvəzləmək mövcud sistemin sıradan çıxması deməkdir. Odur ki, yeni nəsə gözləmək üçün ciddi əsaslar olsa da, səbəblər yoxdur.    

Sual: Biz illərdir bu kimi təhdid növlərinin müxalif fəallara, jurnalistlərə qarşı edildiyinin şahidi olmuşduq. İndi isə bunu hakim partiya üzvlərinə qarşı edildiyini görürük. Ola bilərmi, Ramiz Göyüşovun özünün dediyi kimi bunu xaricdəki qüvvələr etsin?

Cavab: Daim “xaricdəki qüvvələr” dedikdə kimi nəzərdə tutduqlarını bilmirəm, amma onu dəqiq bilirəm ki, hətta xaricdən görülən işlərin bir qismi də ölkənin daxilindən, daha dəqiq desək, hakimiyyətin daxilindən qaynaqlanır. Azərbaycanın az qala bütün bəlalarının səbəbkarı kimi göstərməyə çalışdıqları “xaricdəki qüvvələr” haqda deyilənlər isə çeynənmiş ucuz spekulyasiyadan başqa bir şey deyil. Hərçənd Azərbaycan qonşu olan bəzi ölkələrin müəyyən məsələlərdə maraqlı olması istisna deyil, amma onlar da ölkənin, konkret halda isə hakimiyyətin daxilindəki “5-ci kolonlarından” istifadə edirlər.

Sual: Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Quliyev dərhal mediaya bildirib ki, R.Göyüşovun ümumiyyətlə partiya sıralarından xaric edilməsi məsələsinə isə YAP İdarə Heyətinin iclasında baxılacaq. Bu kimi hallara görə partiya sıralarından xaric edilmək doğrudurmu? Çünki bu həm də şəxsi həyat məsələsidir.  Bu operativ bəyanatı ilə YAP özü bu hadisəni siyasiləşdirmək məqsədi güdə bilərmi?

Cavab:  Azərbaycanda əksər fundamental hüquq və azadlıqlar kimi şəxsi həyat da toxunulmaz deyil. Odur ki, bu haqda fikir mübadiləsinin özü belə səmərəsizdir. Qaldı məsələnin  məqsədli səkildə siyasiləşdirilməsi ehtimalına, bununla razılaşmamaq olmur. Çünki əslində hər şeyi daha sakit yolla həll etmək olardı, amma onun ətrafında məqsədli şəkildə siyasi ajiotajın yaradılması bir daha  göstərir ki, start verilmiş ifşa kampaniyası hələlik tam görünməyən siyasi gəlişmələrin kiçik bir hissəsidir. Bəlkə də siyasi təlatümlərin. Odur ki, bu gün yayılanların kiminsə intim həyatının deyil, qarşıdan gələn həmin siyasi təlatümlərin ilk görüntüləri olması da istisna deyil.

Kamran Mahmudov

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button