Loading...
Loading...
SEÇMƏ

İki beynəlxalq təşkilat Elçin Sadıqovun dərhal azad edilməsini tələb edib

Yayımlandı: 16 Sentyabr 2022 16:59

“Onun hüquq və azadlıqları təmin olunmalıdır”

Beynəlxalq Vəkillər Assosiasiyasının İnsan Hüquqları İnstitutu (IBAHRI) və KİV-in Müdafiəsi (Media Defence) vəkil Elçin Sadıqov və jurnalist Əvəz Zeynallının barəsində qaldırılmış cinayət işlərindən narahat olduqlarını bildiriblər.

Hər iki təşkilatın yaydığı bəyanatda Elçin Sadıqovun həbs edilməsi üsulu, saxlanması və ona qarşı tətbiq edilən prosedurların beynəlxalq standartlara uyğunluğu şübhə altına alınıb.

Məlumatı “Turan” yayıb.

“Vəkilin evində və ofisində axtarış zamanı cənab Sadıqovun üzərində işlədiyi işlərə aid materiallar, eləcə də elektron qurğular hakimiyyət tərəfindən götürülüb. Bu materiallar hüquqi peşəkar imtiyazla qorunur və ciddi insan hüquqları pozuntularına dair məxfi informasiyanı ehtiva edir. Bu material dərhal geri qaytarılmalıdır”, – deyə bəyanatda deyilir.

Həmçinin qeyd olunub ki, Elçin Sadıqova qarşı həyata keçirilən tədbirlər yeni hal deyil:

“Azərbaycanda siyasətçilər, jurnalistlər, vəkillər və hüquq müdafiəçiləri daxil olmaqla, tənqidi səslərin təqib olunması tendensiyasını əks etdirir. Hüquq sistemindən bu sonuncu sui-istifadə hüquq pozuntuları qurbanlarının ziyanına olmaqla, Azərbaycanda insan hüquqlarının müdafiəsilə məşğul olan hüquqşünaslara qorxuducu təsir göstərir”.

Bəyanatda vəkilin dərhal azadlığa buraxılması vurğulanıb: “Sadıqov dərhal azad edilməli, insan hüquqları sahəsində beynəlxalq standartlara uyğun olaraq onun hüquq və azadlıqları təmin olunmalıdır”.

Əvəz ZeynallıElçin Sadıqov sentyabrın 10-da saxlanılıb.

Onların evlərində və ofislərində axtarış aparılıb.

Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma), Elçin Sadıqova isə 32,311.3.3 (külli miqdarda rüşvət almada iştirakçılıq) maddəsilə ittiham olunur.
Bu maddədə 8 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Onlar “Baku Steel Company” MMC-nin – poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədovun ailəsindən pul almaqda ittiham olunur.

Elçin Sadıqov 2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədovun vəkili idi.

Elçin Sadıqov və Əvəz Zeynallı özünü təqsirli bilmir, ittihamın cəfəngiyyat olduğunu deyirlər.

Elçin Sadıqov saxlanılmasını siyasi motivlərlə həbs edilən ictimai-siyasi fəallara vəkillik etməsilə əlaqələndirir və iddia edir ki, məhz buna görə cəzalandırılır.

Vəkilin sözlərinə görə, Əvəz Zeynallının biznesmenin yaxınlarından pul alması barədə deyilənlər yalandır.

O hesab edir ki, ona qarşı aparılan bu kampaniya qara piardır və azad sözə hücumdur.

Əvəz Zeynallı da tənqidi çıxışlarına görə cəzalandırıldığını bildirib.

Meydan TV

Gözdən qaçırmayın:  Pelosi Yerevana gedəcək

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button