2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

İki gün sonra müharibə olacaqdı…

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü dünyanın diqqət mərkəzindədir. Rus ordusu fevralın 24-ü səhər saat 5:00 radələrində bir neçə istiqamətdən Ukraynaya qarşı hücuma keçib. Hazırda təmas xətti boyu ağır artilleriya və aviasiyanın iştirak etdiyi ağır döyüşlər gedir. Başda ABŞ və Böyük Britaniya, Avropa İttifaqı olmaqla Qərb dünyası Ukraynanın müdafiəsinə qalxıb. İlk növbədə Rusiyaya qarşı məhvedici sanksiyaların qoyulması gözlənilir.  

Təkcə Ukraynaya deyil, eləcədə dünya düzəninə hücum edən Rusiya adlı qüvvə fevralın 22-də Moskvada imzalanmış “Qarşılıqlı fəaliyyət və müttəfiqlik haqqında” Bəyannaməyə uyğun olaraq Azərbaycanın müttəfiqi sayılır. 43 bəndlik sənəddə dövlətlərarası əlaqələrin keçmişinə, bu gününə, gələcəyinə nəzərə salınır, qarşılıqlı öhdəliklər, əməkdaşlıq istiqamətləri müəyyən edilir. 

Bəs bu sənədin hazırkı geosiyasi qarşıdurmanın pik nöqtəsində imzalanması Azərbaycana lazım idimi? Mövzu ilə bağlı Türkiyənin nüfuzlu universitetlərində dərs deyən tarixçi professor Xaləddin İbrahimli Pressklub.az-a geniş şərh verib. O, bildirib ki, indiki dövrdə imzalanan bu bəyannamə haqlı olaraq Azərbaycan cəmiyyətini narahat edən bir bəyandır. 

Saytların yığılması Saytlarin yigilmasi

“Çünki Rusiya ilə müttəfiqlik tarixən Azərbaycan xalqında narahatlıqlar doğurub. Hər zaman bu “müttəfiqliyin”, “dostluğun” zərərini görmüşük. Tarixi təcrübə də bizə Rusiyadan çox az faydalı şeyin gəldiyini deyir. Xalqımız haqlı olaraq Rusiya ilə bağlanan istənilən sənədə şübhə ilə yanaşır. Bu tarixdən gələn acı təcrübələrə bağlıdır”, – professor vurğulayıb.

X.İbrahimli deyir ki, məsələnin ikinci tərəfi Rusiya ilə Azərbaycan arasındakı mövcud fərqlərlə bağlıdır: “Aydın məsələdir ki, bu bəyannamə eyni statusda, eyni hüquqda qarşılıqlı fəaliyyətə gətirib çıxarmayacaq. Rusiya böyük dövlətdir, istənilən vaxt özünün yeni şərtlərini diktə edə, maddələri dəyişdirə, yaxud özünə sərf edən şəkildə yorumlaya bilər. Yaxud, ölkənin içərisində bir nəzəri fəaliyyət ortaya qoya bilər. Məsələn, Qazaxıstana müdaxilə guya bu ölkədə beynəlxalq terrorçuların olması ilə bağlı idi. Rusiya üçün istənilən ölkədə “terrorçu” tapmaq çətin məsələdirmi? Əlbəttə yox!” 

Professor üçüncü məsələ kimi Putin Rusiyasını göstərir. Onun sözlərinə görə, bu Rusiya işğalçıdır, başqa ölkələr üçün problemlər yaradır, potensial təhlükə mənbəyidir: “Bu barədə uzun danışmağa ehtiyac yoxdur. 2000-ci ildən bəri Gürcüstanda, Ukraynada, Azərbaycanda elədikləri məlumdur. Ona görə də, Putin Rusiyası ilə qarşılıqlı müttəfiqlik fəaliyyətini nəzərdə tutan bəyannamə imzalamaq hansı zərurətdən doğur? Buna indiki  şəraitdə hansı ehtiyac var? Əlbəttə, bu ayrıca müzakirəyə ehtiyacı olan mövzudur. Rusiya ilə qarşılıqlı müttəfiqlik münasibətində olmaq təbii ki, sabah Azərbaycan üçün ciddi problemlər yarada bilər. Rusiya ilə müttəfiq olmaq Ukraynanı tanımamaq, Krımın ilhaqı ilə barışmaq sayıla bilər”. 

Xaləddin İbrahimli əlavə edir ki, sabah Rusiya həmin bəyannaməyə istinad edib Azərbaycana Ukraynada yaratdığı qondarma DNR və LNR tanımağı tələb edə bilər. “Biz bu qondarma rejimləri tanıya bilərikmi? Bu addımı atmaq asandırmı? Eyni zamanda Krımın Rusiya torpaqları kimi tanımağı da tələb edə bilərlər. O zaman Azərbaycan Türkiyə ilə münasibətlərini hara qoyacaq? Çünki qardaş, müttəfiq ölkəyə qarşı əks siyasət ortaya qoymuş olacağıq. Bütün bunları nəzərə alanda əlbəttə Rusiya ilə müttəfiq olmaq elə də asan deyil. Ümumiyyətlə, başqa dövlətlər üçün də Putin Rusiyası ilə müttəfiq olması çox çətin məsələdir. O zaman bizimkilər niyə bu reallıqları gözardı edirlər? Putinlə müttəfiq olmaq niyə hörmətli işə çevrilib, bunu da anlaya bilmirəm”. 

Tarixçi alım vurğulayır ki, Bəyannamənin müddəalarına baxanda bir çox məsələlərdə Azərbaycanın Rusiyanın patronajlığını qəbul etmək zorunda olduğu aydın görünür: “Hazırda sənədin birinci maddəsinə çox istinad edirlər. Amma orada sərhədlərin toxunulmazlığı məsələsi yenə də mücərrəd şəkildə qoyulub.  Əgər orada qeyd olunsaydı ki, dünya birliyinin, BMT-nin tanıdığı dövlət sərhədləri, bu başqa məsələ olardı. Çünki Rusiya üçün Azərbaycan və Ermənistanın dövlət sərhədləri mübahisəlidir. Çünki delimitasiya və demarkasiya prosesi getməyib”.

Professor daha sonra Bəyannamədəki 4-cü maddəyə diqqət çəkir: “Qeyd olunub ki, Azərbaycan və Rusiya beynəlxalq və regional problemlərdə eyni və yaxın mövqelərdən çıxış edirlər, qarşılıqlı fəaliyyət göstərəcəklər. Niyə biz Rusiya ilə eyni və yaxın mövqelər tutmalıyıq? Bütün istiqamətlərdə eyni və yaxın mövqe tutulacaqsa, o zaman bu, bir dövlət olur. Biz Türkiyəyə “iki dövlət, bir millət” deyirik. Bu zaman isə Rusiya ilə bir dövlət, iki millət oluruq. Heç bir dövlət başqa ölkə ilə xarici siyasətində eyni və yaxın mövqe tuta bilməz. Bu, heç Türkiyə ilə də yoxdur. Məsələn, ABŞ-la Böyük Britaniya anqlo-sakson dövlətlərdir. Amma bütün məsələlərdə eyni mövqelərədən çıxış edirlər?! Eyni mövqe tutmaq o anlama gəlir ki, artıq ya Rusiya, ya da Azərbaycan yoxdur. Amma hazırkı kontekstdə sanki Azərbaycan ortalıqda görsənmir”. 

Tarixçi professor qeyd edir ki, ümumiyyətlə sənəddə yer alan bütün bəndlərə nəzər salanda indiki dövrdə bu bəyannamənin nə üçün qəbul edildiyini anlaya bilmir: “Rusiyanın Ukraynaya təcavüz etdiyi, ərazisində qondarma dövlətlər yaratdığı bir şəraitdə bu addımı atmağa nə ehtiyac vardı? Bizim işğalçı Rusiyaya dəstəkçi görünməyimizə nə ehtiyac vardı? Hesab edirəm ki, bu sənəd yersiz və lazımsızdır, onunla irəli getmək mümkün deyil”.

Turqut 

24 saat” “İki gün sonra müharibə olacaqdı…” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button