2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

İki müsəlmanı Çin barışdırır… Bəs, Rusiya nəyə sevinir?

Yaxın Şərqin iki əsas antaqonisti – İran və Səudiyyə Ərəbistanı – yeddi illik fasilədən sonra diplomatik münasibətləri bərpa etmək barədə razılaşıblar. İndi belə qərar hər iki ölkəyə sərfəlidir, hərçənd iki ənənəvi rəqibin hərtərəfli barışmaq perspektivi hələ böyük sual altındadır. 

Dəqiq qazanclı çıxan isə Tehran və Ər-Riyad arasında danışıqlarda vasitəçi olan Çindir. Əvvəllər Pekin Yaxın Şərqdəki siyasi proseslərə xüsusi maraq göstərmirdi. Amma indi regionda ABŞ və Rusiyanı sıxışdırması ssenarisi yetərincə real görünür. 

 

Saytların yığılması Saytlarin yigilmasi

İransayağı məcburiyyət

 

İran və Səudiyyə Ərəbistanı diplomatik münasibətləri hələ 2016-cı ildə, səudiyyəlilər görkəmli şiə ruhanisini [ayətullah Nimr ən-Nimr] edam edəndən sonra kəsiblər. Bu münasibətlərin bərpa olunması bir neçə il idi ki,  gözlənilirdi. Birinci vasitəçi İraq oldu. 2021-ci aprelindən başlayaraq, Bağdadda danışıqların bir neçə raundu keçirildi. Dialoq gah dalana dirənir və bir neçə ay dayandırılırdı, gah da bərpa edilirdi. 

2022-ci ilin yanvarında elə görünürdü ki, uğurlu nəticə lap yaxındadır. Səudiyyə Ərəbistanı 2016-cı ildən bəri ilk dəfə olaraq İslam Əməkdaşlıq Təşkilatının xətti ilə çalışan üç İran diplomatına viza verdi (İƏT-ın mənzil-qərargahı Səudiyyə Ərəbistanının Ciddə şəhərindədir). Tehran isə Səudiyyə Ərəbistanı ilə İraqın enerji şəbəkələrinin birləşdirilməsinə müsbət yanaşdı, hərçənd indiyə qədər İraqın enerji sektorunu öz maraq dairəsi hesab edirdi. 

Amma 2022-ci il nailiyyət ili olmadı. İran hakimiyyəti etirazların boğulmasına və digər daxili problemlərə kökləndi. Ukrayna müharibəsi fonunda Tehranın Moskva ilə əməkdaşlığı da diqqət mərkəzinə çıxdı. Səudlarla barışmaq daha heç kimin yadına düşmürdü. Buna görə, normallaşma haqqında 2023-cü ilin martında Pekində imzalanan razılaşma gözlənilməz oldu. 

Bu da var ki, Tehran və Ər-Riyad mümkün variantlar içində ən yaxşısının diplomatik münasibətlərin bərpası olduğu qənaətinə artıq çoxdan gəlmişdilər. İranın motivləri aydındır. Son illər ölkə bir eskalasiyadan çıxıb, başqasının qucağına düşür. İsrail ölkənin nüvə obyektlərinə qarşı mütəmadi diversiyalar təşkil edir və iranyönümlü qüvvələrə zərbələr endirir. Donald Tramp 2018-ci ildə nüvə sazişindən çıxandan sonra Vaşinqtonla da dil tapmaq olmur. İran generalı Qasım Süleymaninin Bağdadda öldürülməsini xatırlamaq kifayətdir. Həmin epizod az qala lokal hərbi konfliktə səbəb olacaqdı.

Səddam rejiminin çöküşündən sonrakı dövrdən fərqli olaraq, Tehran artıq xeyli vaxtdır, öz nüfuzunu Yaxın Şərqdə genişləndirə bilmir. İndi iranlılar ekspansiya hayında deyillər – sərbəst resursları yoxdur. Əksinə, Suriyada, İraqda və Livanda mövqelərini qorumaq getdikcə çətinləşir. Məhz belə vəziyyətdə İslam Respublikasının rəhbərliyi Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşdırmağı mürəkkəb beynəlxalq vəziyyətlərini yumşaltmaq üçün ən yaxşı üsul hesab ediblər. 

İranlılar çoxdan Ər-Riyadı dialoqa çağırırdılar və çağırışlarının daha inandırıcı olması üçün müxtəlif təzyiq metodlarına əl atırdılar. Yəmən husilərinin əlində olan İran PUA-ları Səudiyyə Ərəbistanına zərbələr endirirdi, İran hakerləri krallığın mühüm infrastruktur obyektlərinə hücumlar edirdilər, Səudiyyə tankerlərində müəmmalı partlayışlar baş verirdi. 

“Münasibətlərə məcburiyyət” sonda nəticə verdi, hərçənd, məsələ təkcə onda deyil. ABŞ-ın Yaxın Şərqdə mövcudluğunun azalması da səudiyyəliləri kompromisə sövq edib. Krallıq perspektivdə İranla təkbətək qalmağı açıq-aşkar istəmirdi. Beləcə, barışıq formulu haqqında razılığa gəlmək qalırdı.  

 

Kövrək normallaşma 

İran-Səudiyyə barışığının təfərrüatları açıqlanmır. Ehtimal ki, regionda nüfuz dairələrinin bölüşdürülməsindən söhbət gedir. Amma istənilən halda, iki ölkə arasında bütün ziddiyyətlərin arxada qaldığını söyləmək olmaz. Onlar uzun illər ərzində nümunəvi antaqonist olublar: inqilabçı respublika və sünni monarxiyası, “Amerikaya ölüm!” şüarlı antikolonial qüvvə və ABŞ təsirinin istinadgahı. 

İslam Respublikasının mövcud olduğu 40 il ərzində Tehran və Ər-Riyad münasibətləri bir neçə dəfə normallaşma mərhələsini keçiblər. Amma hər dəfə yeni eskalasiya mərhələsi başlayıb. Oxşar ziqzaqları bu dəfə də istisna etmək olmaz. İranlılar və səudiyyəlilər rəqib olaraq qalırlar və tam barışıqdan heç kim bəhs etmir. 

Hər şeyin bu iki ölkədən asılı olmaması vəziyyəti mürəkkəbləşdirir. Krallıq üçün Yəməndə husilərlə müharibənin bitməsinə nail olmaq mühümdür. İndi yəqin ki, qiyamçılara yardımın məhdudlaşdırılması, ya da tam dayandırılması barədə İranla sövdələşmək mümkündür. Amma məsələ həll olacaqmı? Husilər artıq bildiriblər ki, İran-Səudiyyə normallaşması hərbi əməliyyatların gedişinə təsir göstərməyəcək. 

Regionda gərginliyin azalmasını, şübhəsiz, hər iki ölkə istəyir. Amma bəzən şərtlər onların barışıq səylərindən daha güclü olur. 

 

Çin alternativi

Razılaşmanın iranlılar və səudiyyəlilər üçün gerçək nəticələrini qiymətləndirmək hələ tezdir. İndi haqqında danışmaq mümkün olan isə vasitəçi kimi çıxış edən Çinin gözlənilməz roludur. Bir çoxları Pekinin Yaxın Şərqdə Vaşinqtonun rəqibi olacağını söyləyir. Rusiya KİV-ləri də Çinin regionda artan rolu barədə xüsusi məmnunluqla danışırlar. 

ABŞ həqiqətən Yaxın Şərqə marağını itirir. Ağ ev İran və Səudiyyə Ərəbistanı arasında razılaşmadan çox məmnun deyil. Amma bunun qarşısını almaq üçün Ər-Riyada təhlükəsizlik təminatı vermək lazım idi. ABŞ krallığa silah satmağa razıdır, amma öz qüvvələri ilə müdafiə etməyə yox. Cari şərtlər daxilində Vaşinqton iki ölkə arasında hərbi qarşıdurmada iştirak etməkdənsə münasibətlərinin normallaşmasına razıdır. 

Eyni zamanda Çin özünü məsuliyyətli və sülhsevər, konstruktiv qərarlara can atan və problemləri ölü nöqtədən tərpədə bilən dövlət kimi göstərir. Son illər bir-biriləri ilə proksi müharibə aparan İran və Səudiyyə Ərəbistanı arasındakı uğurlu vasitəçiliklə sübut etdi ki, ABŞ-dan fərqli, sülh haqqında ümumi sözlərlə kifayətlənməyərək, regional konfliktləri durdurmağa qadirdir.  

Əlbəttə, Çinin Yaxın Şərqdə diplomatik uğuru heç də o demək deyil ki, özünün 12 maddəlik planı ilə barışdırmağa çalışdığı Ukrayna və Rusiyaya münasibətdə də həmin şeyə nail olmağa qadirdir. Kiyevin Pekini Moskvanın çox yaxın müttəfiqi sayması və vasitəçi rolunda görməməsi buna mane olan ilk amildir. Amma konflikt əvvəl-axır dalana dirənə bilər və o zaman Çin vasitəçiliyi mümkün ola bilər – axı artıq Rusiya bu rolda Qərbi görmək istəməyəcək.

Hər bir halda, Pekin müqaviləsi göstərir ki, qlobal Cənub dövlətləri öz problemlərinin həllində Qərbin iştirak edəcəyinə güvənməməlidirlər. Bu planda Çin Rusiyanın saldığı yolla gedir. Son onillikdə məhz Moskva Yaxın Şərqdə universal vasitəçi rolunu oynamağa çalışırdı: məsələn, Türkiyə və İranla Astana formatını fikirləşdi ki, onun da çərçivəsində Suriya böhranını Qərbə tərəf baxmadan həll etməyə çalışdılar. 

Görünür, Çin özünün “Pekin formatı”nı yaratmağa çalışacaq. ÇXR sədri Si Tsinpin Fars körfəzi ölkələrinə (BƏƏ, Bəhreyn, İran, Küveyt, Qətər, Oman, Səudiyyə Ərəbistanı) bu il Pekində ilk dəfə belə tərkibdə sammit keçirməyi təklif edib. 

Beləcə, istisna deyil ki, Rusiya KİV-ləri Yaxın Şərqdə rolların dəyişilməsinə sevinməkdə tələsiblər. Orada Çin Rusiyanın müttəfiqi deyil, daha çox alternatividir. Yaxın Şərq ölkələri gerçəkdən də ABŞ və Avropanın siyasətindən məyusdurlar və artıq Qərbdən vasitəçilik gözləmirlər. Amma Ukrayna müharibəsi üzündən RF-nın da avtoriteti xeyli zəifləyib. Özü də bu, Rusiyanın Qərbdə izolyasiyası və iqtisadi çətinlikləri üzündən Yaxın Şərqə daha çox ehtiyac duyduğu zaman baş verir. Region ölkələri isə Moskva ilə münasibətlərdə öz mövqelərinin nə qədər gücləndiyini anlamaya bilməzlər.

Rusiya ilə müqayisədə Çin xeyli çox maliyyə və texniki imkanlara malikdir. Amma yaxın vaxtlara qədər regionda iqtisadi ekspansiya ilə kifayətlənir, siyasi proseslərdə iştirakdan yayınırdı. İndi Rusiya və ABŞ-ın mövqeləri zəifləyib, Çin də yaranan boşluğu doldura bilər. Çin region ölkələrinə hərbi-texniki sahədə də çox şey təklif edə bilər və artıq bunu edir. 

“The Wall Street Journal”in  iranlıların nüvə sazişinin bərpa olunmasında da Çindən kömək istəmələri barədə yazdıqları Moskvanın əndişəsini artıra bilər. Kreml bu sazişi öz maraqlarına uyğun hesab etmir. Yüksək mənsəbli Rusiya diplomatları anonimlik şərti ilə jurnalistlərə etiraf ediblər ki, İrandan sanksiyaların götürülməsi və karbohidrogenlərinin ixracının artması Rusiyaya lazım deyil.

Çinin nüvə sazişini xilas edəcəyi hələ ki, şübhəli görünür. Amma ona belə xahişlə müraciət edilməsi faktının özü artıq önəmlidir: bu, təkcə region üçün önəmli olmayan məsələlərin həllində alternativ qüvvəyə ciddi tələbatın olduğunu göstərir. Belə yanaşma isə həm Vaşinqtonu, həm Moskvanı ən azı narahat etməlidir. 

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: 

https://meduza.io/feature/2023/03/16/iran-i-saudovskaya-araviya-pomirilis-blagodarya-kitayu-pochemu-rossiyskie-propagandisty-zrya-raduyutsya-potere-vliyaniya-ssha-na-blizhnem-vostoke

The post İki müsəlmanı Çin barışdırır… Bəs, Rusiya nəyə sevinir? appeared first on 24 saat.

24 saat” “İki müsəlmanı Çin barışdırır… Bəs, Rusiya nəyə sevinir?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button