2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

İki yaşlı bəyanatın 2 ay ömrü qalıb

Üstündən iki il ötməsinə baxmayaraq, Azərbaycan və Ermənistan liderlərinin son çıxışlarında əsas istinad nöqtəsi hələ də 2020-ci il 10 noyabrda imzalanmış üçtərəfli bəyanat idi. İlham Əliyev erməni tərəfini vaxtı uzatmaqda, öhdəliklərini yerinə yetirməməkdə ittiham edib. Habelə, Rusiya sülhməramlılarının 3 il sonra Qarabağı tərk edəcəyinə işarə edib. Bu gün isə Nikol Paşinyan gözlənilmədən Azərbaycana qarşı sərt açıqlamalar səsləndirib. Onun tezisləri isə bölgədə yeni müharibəni alovlandıracaq qədər təhlükəlidir. Bu barədə bir qədər sonra…  

Prezident Əliyev Şuşada hərbçilər qarşısında çıxışında bildirib ki, Ermənistanda müharibənin nəticələri ilə barışmaq istəməyən qüvvələr, dairələr baş qaldırır: “Ermənistan 2020-ci ilin 10 noyabr Bəyanatına tam əməl etmir, öz silahlı qüvvələrini Qarabağdan tam çıxarmayıb, Zəngəzur dəhlizini bizə təqdim etməyib, bizə qarşı vaxtaşırı hərbi təxribatlar törədir. Əlbəttə ki, biz hazırlıqlı olmalıyıq və biz hazırıq.

…Qarabağ bizim torpağımızdır. Rus sülhməramlılar orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir və əgər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər.

Saytların yığılması Saytlarin yigilmasi

…Biz 2020-ci ilin 10 noyabr Bəyanatında üzərimizə götürdüyümüz bütün öhdəlikləri yerinə yetiririk, iki ildir ki, yerinə yetiririk. Bəs Ermənistan yerinə yetirir? Yox! Sadəcə olaraq İkinci Qarabağ müharibəsindən dərhal sonra o qədər qorxu içində idi ki, o müddəaları yerinə yetirdi və bir güllə atılmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal altında olan ərazilərini bizə qaytardı. Əgər qaytarmasaydı, yenə də başlarını əzəcəkdik. Amma sonra? Ondan sonra yenə vaxt uzatmağa başladı. Mən bir daha demək istəyirəm, o öhdəlik hələ tam yerinə yetirilməyib. Erməni silahlı qüvvələri Qarabağda nə gəzir? Bizim səbrimiz tükənməz deyil və bir daha xəbərdarlıq etmək istəyirəm, əgər bu öhdəlik yerinə yetirilməsə, Azərbaycan lazımi addımlar atacaq.

…Zəngəzur dəhlizi Ermənistanın öhdəliyidir, öz üzərinə öhdəlik götürüb. Biz iki il ərzində Laçın yolu ilə Ermənistandan Qarabağa və əks istiqamətə gedən maşınlara toxunmuruq. Biz öhdəlik götürmüşük, yerinə yetiririk. Ermənistan da öhdəlik götürüb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında yol bağlantısı olsun. İki il keçib üstündən, nə texniki-iqtisadi əsaslandırma var, nə hansısa hərəkət var, nə dəmir yolu, nə də avtomobil yolu. Biz nə vaxta qədər gözləməliyik?”

N.Paşinyan isə bu gün hökumətin iclasında İ.Əliyevin dediklərinə cavab verib. Baş nazir iddia edib ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda sülhməramlıların Dağlıq Qarabağda 5 il müddətinə yerləşdirildiyi, ardınca 5 il müddətinin avtomatik uzadılması qeyd olunub: “Təkrar edirəm, avtomatik uzadılır. Bu, mahiyyət etibarı ilə o deməkdir ki, Dağlıq Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi ilə bağlı bütün məsələlər həll olunana qədər sülhməramlılar qeyri-müəyyən müddətə Qarabağda qalmalıdır”.

 Qeyd edək ki, Üçtərəfli Bəyanatın 4-cü maddəsində deyilir: 

“Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyətini tərəflərdən hər hansı biri bəyan etməzsə, avtomatik olaraq növbəti 5 illik müddətlərə uzadılır”. Beləliklə, Baş nazir sözügedən maddəni təhrif edib.

Paşinyan daha sonra bildirib ki, Azərbaycan Prezidenti Ermənistanın öhdəliklərini yerinə yetirməməsi bəhanəsi ilə Laçın dəhlizinin bağlanmasına, Qarabağ ermənilərinin mühasirəyə alınmasına, onların soyqırıma və deportasiyasına zəmin yaratmağa çalışır.

Baş nazirin növbəti tezisləri belədir:

“Dağlıq Qarabağda Ermənistan ordusu yoxdur, “Dağlıq Qarabağ”ın Müdafiə Ordusu var ki, bu da Azərbaycanın soyqırımı siyasətinin həyata keçirilməsinə ciddi maneədir. Ermənistan və erməni xalqını onlarla qardaşlıq hissləri və tərəfdaşlıq münasibətləri bağlayır.

…Ermənistana qarşı 10 noyabr 2020-ci il tarixli bəyanatın 9-cu bəndini pozmaqda ittihamlar tamamilə əsassızdır. Bu baxımdan Ermənistanın yalnız bir öhdəliyi var: Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin etmək. Üçtərəfli bəyanatda konkret marşrut qeyd olunmayıb. Ermənistan bu əlaqəni təmin etməyə həmişə hazır olub və hazırdır…”

İki il əvvəl üçtərəfli bəyanatının mətni açıqlanandan sonra əksər ekspertlər 9 maddəlik bu sənədin ziddiyyətli olduğunu və münaqişəni həll etməyəcəyini bildirmişdilər. Çünki bu sənəd tərəflər arasında atəşkəsi, yeni təmas xəttinin müəyyən edilməsini, kommunikasiyaların açılmasını və Rusiya ordusunun bölgəyə gətirilməsini özündə əks etdirib. Bəyanat Rusiya hakimiyyətini diktəsi ilə tərtib olunub və hər iki tərəfin öz xeyrinə yoza biləcəyi ifadələr qəsdən mətnə daxil edilib ki, münaqişənin davam etməsi, Rusiyanın bölgədə arbitr rolunda çıxış etməsini təmin etmək mümkün olsun. 

10 noyabr bəyanatı Azərbaycan və Ermənistan arasında sülhü təmin edə bilməz, zatən 9 bəndlik bu sənəddə sülh sazişi ümumiyyətlə nəzərdə tutulmayıb. Ona görə Bakı və İrəvan Brüsselin, Vaşinqtonun vasitəçiliyi ilə sülh müqaviləsi hazırlamağa çalışırlar. Qarşıda Azərbaycan rəhbərliyinin müəyyən etdiyi iki aylıq zaman var. Bu müddət ərzində Ermənistan rəhbərliyi Bakını qane edən sazişə imza atmazsa, bölgədə yeni müharibə qaçılmaz ola bilər.

Ölkə liderlərinin qarşılıqlı ittihamları, Moskvanın Xankəndində separatçı cinayətkar rejimini möhkəmləndirmək cəhdləri üçtərəfli bəyanatın qüvvədən düşəcəyi günü yaxınlaşdırır. Sənədin əsas müddəaları yerinə yetirilməyib: Qarabağda erməni ordusu qalır və Paşinyan onların çıxarılmayacağını bildirir, Azərbaycanın Qərb rayonları ilə Naxçıvanı birləşdirəcək maneəsiz əlaqə təmin edilməyib. Erməni tərəfi belə bir öhdəliyi olmadığını deyir. Azərbaycanlıların öz yerlərinə qayıtması, BMT qurumlarının bölgədə fəaliyyətinin təmin olunması isə söz olaraq qalıb. Rusiya bu situasiyanın qalmasında maraqlı olmaqla yanaşı separatçılara yeni milyarder rəhbər təyin etdir, erməni əhalisini Bakıya qarşı etiraz aksiyalarına çıxarır, paralel olaraq oradakı qanunsuz silahlı birləşmələr Laçın dəhlizi vasitəsi ilə yenidən komplektləşdirilir və silahlandırılır.

Soçi görüşü göstərdi ki, Kreml bununla kifayətlənmək niyyətində deyil, Qarabağdakı ordusuna müddətsiz yerləşmə səlahiyyəti, üstəlik mandat tələb edir. Paşinyan hökuməti də bu tələbə açıq dəstək nümayiş etdirir.

Bütün bunlar və qeyd olunmayan mənfi tendensiyalar 2 il əvvəl imzalanmış üçtərəfli bəyanatın 2 ay etibarlılıq müddətinin qalmasından xəbər verir. Azərbaycan rəhbərliyi ilin sonuna qədər Ermənistana vaxt verib, tələblərə əməl olunmasa, nə bəyanat qalacaq, nə də Qarabağdakı erməni ordusu. Rusiya sülhməramlıları üçün də vaxt limitini 10 noyabr bəyanatı yox, bölgədəki yeni reallıqlar müəyyən edəcək…

Turqut

24 saat” “İki yaşlı bəyanatın 2 ay ömrü qalıb” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button