24saat.org İlham Əliyev Cənub Qaz Dəhlizini işə saldı - 24 saat

AZ24SAAT.ORG

Now Reading:
İlham Əliyev Cənub Qaz Dəhlizini işə saldı

Cənub Qaz Dəhlizinə ilk qazın vurulmasına başlanıb.

Azərbaycan prezidenti İlham Əliyev kəmərə ilk qazın vurulmasını bildirən açarı işə salıb.

Bununla da, Cənub Qaz Dəhlizində Trans Anadolu Boru Kəmərinə (TANAP) qaz vurulmasına başlanıb.

“Biz sözün əsl mənasında enerji mənbələrinin şaxələndirilməsini həyata keçiririk. Cənub Qaz Dəhlizi yeni enerji damarıdır”.
Azərbaycan prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində bildirib.

Dövlət başçısı deyib ki, bu layihədə maraqlar balansı gözlənilib: “Hasilatçı, tranzit və istehlakçı ölkələrin maraqları tam təmin edilib. Bu maraqlar balansı olmasaydı, layihə tam həyata keçirilə bilməzdi. Biz qarşılıqlı faydalı əməkdaşlığı təmin etməliyik. Ölkələr və şirkətlər qarşılıqlı siyasi, iqtisadi mənfəətini təmin etməlidir. Azərbaycan da istehsalçı ölkə kimi öz mənfəətini götürür”.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan müstəqil, ayağı üzərində duran ölkədir: “Son 15 ildə ümumi daxili məhsul 3 dəfə artıb. Azərbaycanda xarici dövlət borcu aşağı səviyyədədir, ÜDM-in 20 faizini təşkil edir. Valyuta ehtiyatlarımız xarici borclarımızdan 4-5 dəfə çoxdur. Azərbaycan yoxsulluq, işsizlik 5 faiz səviyyəsindədir. Bu, göstərir ki, neft insan kapitalına çevrilib. Bizim siyasətimiz neft-qaz gəlirlərini bərabər, ədalətli şəkildə bölmək olub. Ümumdünya Davos Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 35-ci yerdə qərarlaşdırıb. Biz neft-qaz gəlirlərimizi qeyri-neft sektorunun inkişafına yönəldirik. Bu işlərin təməlində düşünülmüş siyasət dayanır. Bir çox ölkənin neft-qaz resursları bizdən dəfələrlə çoxdur, ancaq fərqli durumdadır”.

Dövlət başçısı nəzərə çatdırıb ki, bu gün Azərbaycanın həyatında əlamətdar gündür: “Mən Cənub Qaz Dəhlizinə uzun ömür arzulayıram”.

***

“TANAP tarixi layihədir, əməkdaşlığımız bu layihənin tamamlanmasında böyük rol oynayıb”.

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasiminə göndərdiyi təbrikdə bildirilib.

Türkiyə prezidenti bu gün TANAP-a ilk qazın vurulmasına başlandığını qeyd edib: “İyunun 12-də Əskişəhərdə TANAP-ın istifadəyə verilməsi ilə bağlı tədbir keçiriləcək. Cənub Qaz Dəhlizinin digər elementlərinin də uğurla istifadəyə veriləcəyinə inanıram”.

***

“ABŞ Cənub Qaz Dəhlizini qətiyyətlə dəstəkləyir”.

Bunu bu gün Bakıda Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində ABŞ dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müşaviri, xanım Sandra Oudkirk bildirib.

S. Oudkirk deyib ki, ABŞ Cənub Qaz Dəhlizinin reallaşmasına birmənalı dəstək verir: “Bütün ölkə və şirkətləri bu çətin işin başa çatdırılması münasibətilə təbrik edirəm. Layihənin həyata keçirilməsi regionda stabilliyin bərqərar olmasını və enerji resurslarının diversifikasiyasını təmin edəcək.

Öz növbəsində, ABŞ prezidenti Donald Tramp da layihənin həyata keçirilməsinə dəstəyini bildirir”.

“BP Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir”

“BP şirkətində Azərbaycanın 2500 vətəndaşı çalışır. Bu, Azərbaycanda əməkdaşlarımızın 95 faizini təşkil edir”.

Bunu bu gün BP-nin Azərbaycan-Türkiyə-Gürcüstan üzrə regional prezidenti Qəri Cons Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində bildirib.

Qəri Cons BP-nin Azərbaycanla əməkdaşlığından danışıb: “Neft və qazın Azərbaycana verdiyi töhfədən məmnunluq duyuruq. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycana böyük sərmayələrin qoyulmasının əsasını qoydu. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bu günü görsəydi, fəxr edərdi. Bu, bir cümlə ilə ifadə olunmuş aydın bir fikirdir. BP sizinlə əməkdaşlığı davam etdirmək istəyir”.

 

APA

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.