SEÇMƏ

İlham Əliyev çıxışlarında niyə jarqonlardan istifadə edir?

Anar Məmmədli: “İlham Əliyev Azərbaycan ədəbi dilini zəif bilir”

Prezident İlham Əliyev bir neçə il əvvəlki çıxışlarında jarqon ifadələrlə müxalifəti və iqtisadçıları hədəfə alırdısa, son günlərdə hədəf Fransa və Ermənistandır.

Məsələn, bir neçə il əvvəl dövlət başçısı müxalifət barəsində danışanda düşərgəni antimilli ünsürlər adlandırıb, hətta “naftalin iyi verən insanlar artıq xalqı bezdirib” deyərək məsxərəyə qoyub.

Başqa bir çıxışında isə dövlət başçısı iqtisadçıları sərt tənqid etmişdi.

İ.Əliyev 2021-ci ilin yanvarın 7-də keçirdiyi müşavirədə iqtisadçılara xitabən “dırnaqarası, qondarma iqtisadçılar, xaricdə və burada banlayan dırnaqarası iqtisadçılar, açın gözünüzü baxın və dilinizi qoyun qarnınıza. Yoxsa, yerindən duran bizə dərs deyəcək: “iqtisadiyyat düzgün aparılmır, elədir, belədir”. Gedin, oxuyun, əgər oxuya bilirsinizsə”, -deyə sərt ifadələr işlətmişdi.

Noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxış edən prezident bildirmişdi ki, Ermənistan İkinci Qarabağ müharibəsində məğlub olub, ordusu darmadağın edilib. Məğlub edilmiş ölkə özünü belə apara bilməz:

“Düzdür, Ermənistanın bəzi xarici havadarları bizi nədəsə günahlandırmaq istəyirlər. Onların cavabını da mən vermişəm. Yenə də nəsə “banlasalar”, yenə də cavablarını verərəm. Bu, məni dayandırmaz”.

Noyabrın 21-də hakim partiyanın yubileyində yenidən Fransa-Ermənistan münasibətlərinə toxunan ölkə başçısı deyib:

” Ermənistanın bilmirəm hansı səbəbə görə üzvü olduğu Frankofoniya təşkilatı çərçivəsində də Azərbaycana qarşı çirkin bir təxribat planlaşdırırdı. Bu təxribatın müəllifi Fransa idi və Fransa da Ermənistana indi himayədarlıq edir. Onlar bir-birinə “bacı” deyirlər və mən görürəm, yoldaşlar da bunu xüsusi qeyd etdilər. Mən daha demədim ki, “qardaş” da deyə bilərdilər, amma nədənsə bunlar “bacı” deyirlər”.

Aqil Abbas: “Onlar banlayır, prezident də deyir ki, banlayırlar. Bəs nə desin?”

Deputat Aqil Abbas prezidentin niyə jarqon ifadələrə üstünlük verməsi ilə bağlı sualı TV-yə belə şərh edib:

“Prezident də insandır, onlar banlayır, prezident də deyir banlayırlar. Bəs nə desin?! Əgər onlar banlayırsa, əxlaqsızlıq edirlərsə, layiqli cavabları verilməlidir. Mədəni olmaq elə Azərbaycana qalıb?!”.

Aqil Abbas, Foto: “Ədalət” qəzeti

Deputat Elman Nəsirov isə hesab edir ki, İlham Əliyevin intellekti, yüksək elmi səviyyəsi, mahir diplomat olması artıq dillər əzbəridir.

Elman Nəsirov deyib ki, Əliyevin çıxışlarını müxalifətçilər də etiraf edir:

“Mən müxalifətin bri neçə üzdə olan liderləri ilə debatlarda olmuşam, onların mütləq əksəriyyəti debatdan sonra mənə deyiblər ki, prezident Əliyevə qarşı müxalifətdədirlər. Müxalifətçilər bildirirdi ki, ədalət naminə, 2020-ci ilin savaşı zamanı İlham Əliyevin 30-a yaxın xarici aparıcı media nümayəndələrinin təxribatçı suallarına əsaslı, intellektual, elmi yükə malik cavabları bizi də valeh edib. Yəni onlar etiraf etdilər ki, Əliyevin intellekt sahibi olduğunun tam fərqində olublar”.

Elman Nəsirov: “Prezident xalqın dilində danışır”

Onun sözlərinə görə, prezidentin nitqi çox böyük siyasi məna və çəkiyə malik olmaqla yanaşı, söylədikləri xalqa ünvanladığından xalq dilinə də yaxındır:

Gözdən qaçırmayın:  “Kukla Teatrının direktoruna xəbərdarlıq edilməyib”

“Ona görə də cənab prezident müharibə dövründə və sonrakı illərdə yeri düşəndə eldən, xalqdan gələn ifadələr işlədir. İnanın ki, bu ifadələrin təsir gücü daha böyük olur. Məsələn, ölkə başçısı YAP-nın yubileyində dedi ki, Fransa ilə Ermənistan bir-birinə “bacı” deyirlər. Bu, zalda çox böyük gülüşə və təbəssümə səbəb oldu. Prezident əlavə etdi ki, adətən, belə hallarda “qardaş” deyərlər, amma onlar “bacı” deyirlər. AzərbaycanTürkiyə liderləri isə bir-birinə “qardaşım” deyə xitab edirlər. Fərqi görürsünüz də?..”.

Elman Nəsirov
Elman Nəsirov, Foto: “Azərtac”

“Əlbəttə, çox diplomatik, akademik ifadələr də işlətmək olar. Lakin onların təsiri olmayacaq. Amma görün, cənab prezidentin xalqın içindən gələn sözlərdən, el dilində olan ifadələrdən istifadə etməsi necə effekt verir? “Açdıq sandığı, tökdük pambığı” məsəli xalqdan gəlir, bunu akademik sözlərlə də ifadə etmək olar. Amma xalqa təsir edən budur, yaxud cənab prezident deyir ki, öldü var, döndü yoxdur… Bu da xalqın içindən gəlir. Ona görə cənab prezident öz xalqının dilində danışır”,-deyə Nəsirov fikrini yekunlaşdırıb.

Gültəkin Hacıbəyli: “İlham Əliyevin bu tip çıxışları təəssüf doğurur”

Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli isə İlham Əliyevin bu tipli ifadələr işlətməsindən təəssüfləndiyini deyir:

“Buna ancaq təəssüf etmək olar. İlham Əliyevin YAP-ın yubileyində Fransa ilə bağlı səsləndirdiyi “bacı” bənzətməsi uğursuz idi. Elə bir təəssürat formalaşdı ki, sanki “bacı” aşağılayıcı sözdür. Halbuki prezidentin üzərinə əlini qoyub and içdiyi Ana Yasamızın 25-ci maddəsinə görə qadınlar və kişilər qanun qarşısında bərabərdir və “bacı” olmaq təhqir deyil. Digər tərəfdən, fransız dilində qrammatik cins bölgüsü var. Fransa və Ermənistan ölkə adları “la” artikli ilə yazılır, yəni qadın cinsindədir. Bu ölkələrə “bacı” deyə xitab edilməsi bununla bağlıdır”.

Gültəkin Hacıbəyli
Mənbə: Meydan TV

Hacıbəyli deyib ki, prezidentin fransız dilini, ümumiyyətlə, hər hansı xarici dili bilmək öhdəliyi yoxdur və bunu ondan heç kim tələb edə bilməz:

“Ancaq ölkə başçısı ətrafında xarici siyasət mütəxəssisləri olmalıdır. BMT Təhlükəsizlik Şurasının daimi üzvü, Avropanın aparıcı dövlətlərindən biri olan bir ölkə haqqında belə qeyri-standart fikirlər səsləndirmədən öncə onlarla məsləhətləşmək lazımdır. Əks halda həm yersiz, həm diletant səslənəcək. Ümumiyyətlə, dövlət başçısının bu diskursdan istifadə etməsi təəssüf doğurur”.

Anar Məmmədli: “Dövlət başçısı Azərbaycan dilini çox sonralar öyrənib”

Vətəndaş Cəmiyyəti fəalı, seçkilər və ictimai idarəetmə üzrə ekspert Anar Məmmədli ölkə başçısının jarqonlarla danışmasını Azərbaycan dilini zəif bilməsi ilə əlaqələndirir.

Anar Məmmədli
Anar Məmmədli, Foto: Meydan TV

İlham Əliyev Azərbaycan ədəbi dilini, dilin üslub formalarını, bir çox şeyi zəif bilir. Dövlət başçısının Azərbaycan dilini çox sonralar öyrəndiyini bilirik, bəlli çərçivədə öyrənib, leksik fonu var, amma dilin incəliklərini dərin öyrənməyə ya imkanı, yaxud həvəsi olmayıb, güman ki, bunlarla bağlıdır”, – deyə o bildirib.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button