Now Reading:
İlham Əliyev hara və niyə tələsir? Siyasətçilərin və ekspertlərin RƏYLƏRİ

Ölkə başçısı İlham Əliyev bu gün, fevralın 5-də «Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında» Sərəncam imzalayıb.

President.az saytının xəbərinə görə, sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar prezident seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunması və onun Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

«Oktyabr ayınadək hakimiyyətini qoruyub saxlamağa inamı olmayan İlham Əliyev aprel ayına 11- nə prezident seçkiləri təyin etdi. Tələsik qərardır, dövlət başçısı İlham Əliyev seçki adlı «əməliyyat»la hakimiyyət müddətini daha 7 il uzatmaq istəyir».

Arif Hacılı

Müsavat Partiyasının başqanı Arif Hacılı dövlət başçısı İlham Əliyevin ölkədə növbədənkənar prezident seçkiləri barədə qərarını belə dəyərləndirib. Onun bildirməsinə görə, bu qərar həm də müxalifət qüvvələrinin prezident seçkisinə hazırlaşmaqdan ötrü lazım olan zamanın əlindən alınması deməkdir.

«Buna səbəb hakimiyyət daxilindəki ziddiyyətlərdir. Bu, ziddiyyətlərə görə seçkini qısa bir zamanda keçirmək istəyirlər»,-deyə A.Hacılı vurğulayıb.

Meydan TV sərəncamla əlaqədar siyasi icmalçılara və siyasətçilərə müraciət edib.

Sərəncamı Meydan TV-yə şərh edən “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bildirib ki, bu il ilk dəfədir seçkilər böhran vəziyyətində keçirilir:

“Cəmiyyətdə narazılıq var və getdikcə də artır. Beynəlxalq təşkilatların da təpkiləri var, komanda daxilində də problemlər də var. Əslində, sərəncam praktiki olaraq oktyabra qalan 6 ay ərzində gözlənilənəcək gərginliyin qarşısını almaq məqsədi güdür. Aprelin 11-ə isə 2 ay qalıb, bununla da tərəflər səfərbər ola bilməyəcək və bu, seçkiləri özünə rahat keçirmək imkanı yaradacaq. O cümlədən, seçkilərə 6 ay qalanda müxalifət bir araya gələ bilir, amma 2 aya bu imkan qalmır. Hələ 5 fevral sərəncamından sonra müxalifətin seçkilərə gedəcəyi də bilinmir”.

Mehman Əliyev

Mehman Əliyev deyir ki, İlham Əliyev bu sərəncamla hamını pat vəziyyətə saldı, yəni qərar vermək bütün tərəflər üçün ağırdır. Şahmatda buna pat situasiya deyirlər.

Siyasi icmalçı Zərdüşt Əlizadə İlham Əliyevin növbədənkənar seçkilərə getməyinin birinci səbəbini Rusiyadakı seçkilərlə əlaqələndirir:

“Rusiyada seçkilər martın 18-də keçirilir, Azərbaycanda 1 ay sonra. İkinci səbəb hakimiyyətin daxili problemlərindən doğur. Görünür, hakim zümrə daxilində dingildəyənlər çoxdur, onları qabaqlayıb fakt qarşısında qoyur. Açıq şəkildə deyir ki, seçkiləri oktyabrda yox, 2 ay sonra keçirirəm, siz də hazırlığınızı sürətləndirin, görün, nə edə bilərsiniz. Hakimiyyətdə xeyli adam pul toplayıb və iştahları güclüdür. Ad çəkmirəm, baxın görün, Əliyevdən sonra ən çox pul toplayan məmur kimdir və inzibati resurslar kimin əlindədir”.

Milli Şuranın sədri Cəmil Həsənli hesab edir ki, sərəncamın arxasında hakim ailənin hansısa məqsədləri dayanır:

Cəmil Həsənli

“Halbuki, 4 həftə əvvəl seçkilərin vaxtı müəyyən edilmiş və rəsmi açıqlama verilmişdi. Gözlənilmədən, heç bir zərurət olmadan vaxtın dəyişilməsi hakimiyyətin daxilindəki çox ciddi proseslərlə bağlıdır. İkinci amil hakimiyyətin hər həftə nüfuzunu itirməsidir”.

Cəmil Həsənli bildirib ki, seçkinin oktyabrda deyil, apreldə keçirilməsinin elə bir fərqi yoxdur, çünki Əliyev hakimiyyətinin cəmiyyətdə güclü potensialı yoxdur. Seçki əvvəllər olduğu kimi saxtakarlıqla müşahidə olunacaq və MSK daha 7 il müddətinə hakimiyyəti Əliyev klanının adına rəsmiləşdirəcək. Bütün hallarda seçkilərin aprelin 11-də keçirilməsi ölkədə normal seçki mühitinin yaradılmaması, siyasi partiyaların daha fəal hazırlığının qaşısını almaq niyyətindən irəli gəlir”.

Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər deyib ki, sərəncam rejimin ciddi narahatlığının təzahürüdür:

İsa Qəmbər

“Hakimiyyət Konstitusiyaya görə oktyabra qədər gözləməyə cəsarət etmir. Çünki oktyabra qədər cəmiyyətdə narazılıq daha da artacaq. Ona görə də sərəncam verib seçkinin vaxtını sürətləndirir. Təbii ki, bunu ciddi dəyərləndirdikdən sonra daha geniş şərh verəcəyik”.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu sərəncamın hakimiyyət daxilində narahatlıqdan qaynaqlandığı qənaətindədir:

“Bilmədiyimiz məqamlar var, ehtimallar üzərində dayanmayaq. Hakimiyyət rəsmiləri sərəncam haqda izahat verməlidirlər, əgər vermirlərsə, daxildə durum çox kritikdir”.

Rusiyanın kölgəsində qalmaq…

Natiq Cəfərli


REAL-ın icra katibi Natiq Cəfərli daha çox siyasi ehtimalların üzərində dayanır. Onun fikrincə, dünyanın gözü Rusiyada keçiriləcək mart seçkilərinə dikildiyi bir vaxtda Azərbaycan hakimiyyəti diqqəti özündən yayındırmış olacaq:

«Martın 17-də Rusiyada da prezident seçkiləridir və bütün dünyanın, Avropa institutlarının diqqəti bu ölkəyə yönələcək. Rusiyada seçkilər martın ortalarında baş tutacaq, təqribən iki həftə ərzində Konstitusiya Məhkəməsi nəticələri elan edəcək, bu müddətdə seçkilərlə bağlı etirazlar və başqa addımların atılması da gözlənilir. Bu da aprelin əvvəllərinə qədər davam edəcək. Yəni həmin müddətdə dünyanın diqqəti, əsasən, Rusiyada olacaq. Belə bir şəraitdə Azərbaycandakı seçkilər Rusiya seçkilərinin kölgəsində qalacaq, daha rahat «seçki» keçirmək imkanları yaranacaq».

N.Cəfərlinin daha bir ehtimalı var: «Uzun müddətdir iki idarəetmə formasının paralel tətbiqini görürük. Bu da çox davam edə bilməz. Birinci vitse-prezident təyin olunsa da, digər vitse-prezidentlər hələ də təyin edilməyib. Çox güman, növbədənkənar seçkilərdən sonra yeni idarəetmə modelinə keçid sürətlənəcək və tamamlanacaq. Bunun yaxşı, ya pis olduğunu demək hələlik tezdir. Amma ən azından, belə keçid reallaşacaq və bununla da Nazirlər Kabineti sırf formal quruma çevriləcək, vitse-prezidentlik institutu güclənəcək, vitse-prezidentlərin idarə edəcəyi ölkəyə çevriləcəyik».

Daha bir ehtimal da var, bu da həbsdə olan REAL sədri İlqar Məmmədovla bağlıdır. Elə bu ehtimalı sosial şəbəkələrdə ən çox hallandıranlar da REAL-çılardır. N.Cəfərli də üçüncü ehtimal olaraq onun üzərində dayanır:

«Onun azadlığa çıxması ilə bağlı həm beynəlxalq təzyiqlər artıb, həm də Avropa Şurası Nazirlər Komitəsi ilə Azərbaycan hökuməti arasında kommunikasiya martın sonuna yaxın bitir. Bu baxımdan REAL sədrinin azadlığa çıxma ehtimalı yüksəlib. Prezident seçkilərinin erkən keçirilməsi bu ehtimalı gücləndiririr. Mən düşünürəm ki, seçkilər ərəfəsində və ya ondan az sonra biz İlqar Məmmədovu azadlıqda görəcəyik. Seçkilərin daha əvvəl keçirilməsinin səbəblərindən biri də bu ola bilər ki, onun seçkilərdə həm fiziki, həm də hüquqi baxımdan iştirakı imkansızlaşdırılır».

YAP-çı deputat: ‘Bu, Konstitusiyadan irəli gələn məsələdir’

Aydın Mirzəzadə


Aydın MirzəzadəHakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, deputat Aydın Mirzəzadə bunu dövlət başçısı İlham Əliyevin növbədənkənar prezident seçkiləri keçirilməsi ilə bağlı qərarını dəyərləndirərkən bildirib.
A.Mirzəzadə vurğulayıb ki, bir neçə mühüm tədbir 2018-ci ilə təsadüf edir və onların hamısını yüksək səviyyədə qeyd etmək lazımdır:

«Bu il həm Cümhuriyyətin, həm ordunun yaradılmasının bir əsrlik yubileyləridir və bu tədbirlər dövlətçilik tarixi ilə bağlıdır. Azərbaycan da oturuşmuş dövlət olaraq bu təbirləri dünyaya ən yaxşı şəkildə təqdim etməlidir, bu isə hazırlıq tələb edir».

Deputat hesab edir ki, prosesin 6 ay önə çəkilməsi heç də seçkilərin keyfiyyətinə mənfi təsir etməyəcək. O, seçkilərin azad və ədalətli şəkildə keçiriləcəyinə inanır.

2016-cı ildə referendum yolu ilə Konstitusiyaya bir sıra dəyişiklik də edilib. Həm prezidentin səlahiyyəti artırılıb, həm də prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılıb.

Xatırlatma
Azərbaycanda prezident seçkiləri bu ilin oktyabrında olmalı idi.

Ötən il parlamenti Seçki Məcəlləsinə dəyişikliklər edib.

Layihədə Seçki Məcəlləsinə ümumilikdə 30 dəyişiklik edilib.

Layihədə daha çox növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı məcəllədəki müddəalara təklif olunan dəyişikliklər diqqət çəkirdi. Söhbət növbədənkənar prezident seçkilərinin müddətinin 3 aydan 60 günə endirilməsindən gedirdi.

Məcəllənin 179-cu maddəsinin əvvəl qüvvədə olan 1-ci bəndinin mətninə görə, «prezidentin səlahiyyətlərinin icra müddəti Konstitusiyada müəyyən edilən müddət başa çatmamış bitərsə, növbədənkənar prezident seçkiləri keçirilir».
Təkliflərdə həmin cümlənin aşağıdakı mətndə dəyişdirilməsi öz əksini tapırdı:

«…Prezidentin səlahiyyətlərinin icra müddəti Konstitusiyada müəyyən edilən müddət başa çatmamış bitərsə, habelə Konstitusiyanın 101-ci maddəsinin I hissəsinə əsasən prezidentin elan etdiyi halda növbədənkənar prezident seçkiləri keçirilir».

Seçki Məcəlləsinin 179.2-ci maddəsinə də oxşar dəyişikliyin edilməsi təklif olunurdu. Həmin maddənin əvvəl qüvvədə olan mətnində yazılırdı:

«Konstitusiya Məhkəməsinin və ya Milli Məclisin müvafiq qərarının qəbul edildiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər MSK tərəfindən çərşənbə gününə təyin edilir və 3 ay ərzində keçirilir».

Sonradan həmin maddə belə dəyişdirildi:

«…Konstitusiya Məhkəməsinin və ya Milli Məclisin müvafiq qərarının qəbul edildiyi, prezidentin növbədənkənar prezident seçkilərini elan etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər MSK tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün ərzində keçirilir».

bastainfo.com

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.