SEÇMƏ

İlham Əliyev media reyestrini təsdiqləyib

Yayımlandı: 26 Sentyabr 2022 16:48

Mehman Əliyev: “Bu siyasət azad jurnalistləri nəzarətə götürməyə hesablanıb”

Azərbycanda “Media Reyestrinin aparılması Qaydaları” təsdiqlənib.

Bu barədə Prezident İlham Əliyev sentyabrın 26-da fərman imzalayıb.

Sənədə əsasən, Nazirlər Kabinetinə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Fərmana uyğun olaraq Media Reyestrinin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etmək tapşırılıb.

Eyni zamanda, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə Media Reyestrinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görülməsi vurğulanıb.

12 bənddən ibarət olan qaydalarda informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi tənzimlənməsinin həyata keçirilməsi göstərilib.

Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev əvvəlcədən media reyestrinin əleyhinə olduğunu deyir.

O, Meydan TV-yə bildirib ki, əgər hökumət reyestr aparırsa, bunu bütün sahələrdə etməlidir:

“Tikinti, kanalizasiya sahələrində çalışanların, müəllimlərin və həkimlərin də reyestri aparılmalıdır. Məsələn, niyə həkimlərin reyestri yoxdur, halbuki daha vacibdir, onların diplomu varmı, harada işləyir? və.s”.

M.Əliyevin qənaətincə, hakimiyyətin bu siyasəti azad jurnalistləri nəzarətə götürməyə və onlara qadağalar qoymağa hesablanıb:

“Yəni onları qane etməyən media orqanlarını sıradan çıxartmaq məqsədi daşıyır. Mövcud hakimiyyətin media siyasəti həmişə azad mətbuatı boğmaq, informasiya cəmiyyətinin özünə senzurasını tətbiq etməkdir”.

Mehman Əliyev, Foto: Meydan TV

“Hakimiyyət indiyə qədər medianın və informasiya cəmiyyətinin sağlam konsepsiyasını ortaya qoymayıb. Əksinə, mətbuatı boğmaq, məhv emək, sıradan çıxartmaq davamlı olub. İndiki qanunfərman da ona hesablanıb”, – deyə Mehman Əliyev bildirib.

2022-ci ilin əvvəlində Azərbaycanda yeni “Media haqqındaQanun qəbul edilib.

Fevralın 8-də Prezident İlham ƏliyevMedia haqqında” Qanunu təsdiqləyib.

Müstəqil jurnalistlər və media ekspertləri, eləcə də beynəlxalq təşkilatlar ilk gündən bildirib ki, bu qanun müstəqil media və jurnalistlərin işlərinə əngəl törətmək məqsədi daşıyır.

Azərbaycan rəsmiləri isə daim açıqlamalarında ölkədə medianın müstəqil olduğunu bildirir.

Meydan TV

Gözdən qaçırmayın:  Rusiyada orta məktəbə silahlı basqın: ölənlər və yaralanan var

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button