ÖLKƏ

İlham Əliyev öz adamlarına niyə işgəncə verdirir?

Sahibkarlığa qeyri-rəsmi qadağa

Azərbaycanda biznes fəaliyyəti ilə məşğul ola bilərsiniz? Xeyr. Nə zamansa alnınızın təri ilə qazandığınız pulu banka yatırıb, xeyir götürə bilərsiniz? Xeyr. Xarici ölkələrdə əldə etdiyiniz uğurları burada hər hansı sahibkarlıq fəaliyyətinə yönəldə bilərsiniz? Xeyr. Dini-imanı, Allahı pul olan adamlar hakimiyyət başında olduğu müddətdə kimsəyə bu ölkədə sizə pul qazanmaq imkanı verməz. Cəhd edib irəli iki addım atsanız da, həyatı başınıza dar edərlər. Son illərin tarixi xronologiyasına baxın və ölkədə sahibkarlıqla məşğul olan şəxslərin necə işgəncə aparatından keçdiyini, müflisləşdirilib həbsxanalara atıldığını, ölkəni tərk etdiyini xatırlayın. İlham Əliyevin hakimiyyətdə olduğu 16 il ölkədə azad sahibkarlıq mühitinin tamamilə sıradan çıxarıldığı tarixdir. Əliyevlər cütlüyünün pula hərisliyi sərhəd tanımır və onlar illərdir ölkəni babat pul gətirən bütün obyektlərin ailənin əlində olması düşüncəsi ilə idarə edirlər. Heç demə, Azərbaycanın bütün sərvətləri bu görməmiş ailənin büdcəsinə axmalı imiş. Kimin nə həddinə, bu ölkədə mənfəət gətirən bir işə əl uzatsın? Son illər ölkədə sahibkarlıqla məşğul olan insanların taleyini xatırlayın. Eldar Mahmudovun cinayətkar bandasının ifşa olunduğu MTN işində onlarla sahibkarın başına gətirilən müsibətləri yada salın. Bütün bu işlərin başında birbaşa ər-arvad Əliyevlər dayanır. Onlar hətta ata Əliyevin vaxtında tovlayıb ölkəyə gətirdiyi sahibkarların da torbasını tikib, müflis etməyi bacarıblar. Həmin adamları DİN-in, MTN-nin işgəncə aparatından keçirib, əllərindəki varidatlarından “könüllü” imtina etdirməyə nail olublar. Pul bu acgöz ailənin elə zəif nöqtəsidir ki, o məsələdə öz komandalarında təmsil olunan ən sadiq qullara, bir ton çörək kəsdikləri adamlara da acımazlar.

Öz adamları Nizami Priyevi niyə işgəncə aparatına saldılar?

Bəli, İlham Əliyev əl sıxışıb iş gördüyü adamlara badalaq gələn, kəsdiyi çörəyə dönük çıxan biridir. Beş il bundan əvvəl onun məşhur iş adamı Nizami Piriyevin başına gətirdiklərini xatırlayın. Piriyev bu ölkə üçün sıradan biri deyildi. Azərbaycanda sahibkarlıq fəaliyyətinə başlamazdan əvvəl dünya ölkələrində biznes qurmuş bir sahibkar olmuşdu. O, ABŞ-da qeydiyyatdan keçən “PNN Group” holding, “De Bers” və “Hamleys” şəbəkəsinin Azərbaycan və Ukrayna üzrə distributoru idi. Onun dünya ölkələrindəki şirkətlərinin bir hissəsinə oğlu Nəsib Piriyev rəhbərlik edir. Ümumilikdə Piriyevlər ailəsinin Qırğızıstanda və Əfqanıstanda neft-qaz zavodları, Özbəkistanda ayaqqabı istehsalı biznesi var. Ailə həmçinin Qazaxıstanda 7 televiziya və radiokanalı, nəşriyyat evini birləşdirən media holdinqin sahibidir. Sahibkar Azərbaycanda “KFC” restoranlar şəbəkəsinin də qurucularından biri olub. Ümumilikdə, Piriyevlərin var-dövləti 650 milyon dollar məbləğində qiymətləndirilir. Onun aqibətinin necə olduğunu unutmamısınız ki? Regionda iri metanol istehsalçısı olan, Azərbaycan, Türkiyə və digər ölkələrdəki müştərilərə, o cümlədən BP-nin törəmə şirkəti olan “BP Chemicals”a metanol satan və sahibinə böyük pullar qazandıran zavodu onun əlindən almaq üçün adamı “bandotdel”in ixtiyarına verdilər. Yaxın çevrəsi iş adamına orda işgəncə verilərək, obyektlərindən imtinaya məcbur edildiyi haqda xəbərlər yaydılar. Nərimanov rayon məhkəməsi Piriyev barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçdi. Qısa müddət sonra isə adamı “islah edib” və şübhəsiz ki, böyük imtinalar əsasında azadlığa buraxdılar.

Hər kəs ailə üçün, hər şey holdinq üçün!

Piriyev və bənzər sahibkarların ən böyük günahı, bilirsiniz, nədi? Əliyevlər hakimiyyətinə inanıb onlarla iş ortaqlığı qurmaları. Şübhəsiz ki, dünyanın fərqli ölkələrində öz əməkləri sayəsində biznes şəbəkəsi qurmuş bu adamlar diktator ailənin hansı əməl sahibi olduqlarından xəbərsiz deyillər. O halda hansı məntiqə əsaslanıb, bunlarla əməkdaşlığa razılaşdıqlarını anlamaq zor. Mehriban Əliyevanın “xaç atalığı” sayəsində aktivləri 4 milyard dolları ötən “Paşa Holdinq”in pulları hardan gəlir, sizcə? Əlbəttə ki, ölkədən oğurlanan milyonlardan, vurulan oliqarxların və müflisləşdirilən, obyektləri əlindən alınıb Paşayevlərə ötürülən sahibkarların obyektlərindən. “Neftin fontan vurduğu bir ölkədə bu qədər yoxsul və yoxsulluq hardandır” sualının cavabı təkcə o gəlirlərin diktator ailəsi tərəfindən oğurlanması ilə bağlı deyil. Bu yoxsulluğun səbəbi həm də ölkədə azad sahibkarlıq mühitin sıradan çıxarılması ilə bağlıdır. Bu ailə hakimiyyəti xalqa düşməndirmi? Düşməndir. Düşməninizi tanıyın və qısa zamanda onlardan qurtulmaq yolları haqqında düşünün.

24saat.org

Mənbə – azadliq.info

Etiketlər
Daha çox

Bənzər məqalələr

Back to top button
Close
Close