Loading...
Loading...
Manşet

İlham Əliyevin “qurultay çıxışı”na cavab verildi

İlham Əliyevin öz rəqiblərinə qarşı növbəti çıxışı ilə bağlı Milli Şura bəyanat verib. Xural.com bəyanatı təqdim edir:

“Ölkə başçısı İlham Əliyev sədrlik etdiyi YAP-ın 5 mart 2021-ci il tarixli qurultayında öz rəqiblərinin ünvanına növbəti dəfə nifrət və aşağılayıcı ifadələrlə dolu fikirlər səsləndirib. O, Milli Şuranı nəzərdə tutaraq deyib: “Əgər biz özünü siyasi qurum adlandıran antimilli şuranı istisna etsək, bütün siyasi qüvvələr dialoqa meyil göstərmişlər, bizim təşəbbüsümüzü alqışlamışlar və artıq bu dialoq baş tutub… Antimilli ünsürlərlə, əlbəttə ki, biz heç vaxt bir masa arxasında otura bilmərik, çünki onlar satqınlardır, xaindirlər… Bu gün antimilli şurada cəmləşən milli satqınlar… Azərbaycan tarixində bəlkə də onlar kimi iyrənc insanlar olmayıb”. Ölkə başçısı Milli Şuranın ünvanına “xaricdən maliyyələşmək”, “ermənilərə xidmət etmək” və s. kimi absurd ittihamlar da səsləndirib.İ.Əliyev artıq bir ildir ki, Milli Şuraya qarşı vaxtaşırı belə nifrət çıxışları edir. İlk dəfə o, ötən ilin 19 martında – Novruz bayramı ilə əlaqədar xalqa müraciətində Milli Şura və Xalq Cəbhəsini heç bir əsas olmadan hədəf alaraq, onları təcrid edib, bitirəcəyini bildirdi. Bununla da bu təşkilatlara qarşı yeni repressiya dalğasına göstəriş vermiş oldu. Sonrakı aylarda da İ.Əliyev hər fürsətdə Milli Şura və Xalq Cəbhəsinə qarşı eyni məzmunlu fikirlər səsləndirib, repressiyanın davam etməsinə “yaşıl işıq yandırıb”.Məhz İ.Əliyevin bir il əvvəlki o nifrət çıxışından dərhal sonra Milli Şura Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun həbsi ilə başlayan yeni repressiya dalğası hələ də davam edir. Bu müddət ərzində Milli Şura və Xalq Cəbhəsi funksionerləri müxtəlif formada təzyiqlərə məruz qalıb. AXCP fəallarının onlarla dəfə inzibatı həbslə cəzalandırılması qeydə alınıb. AXCP sədrinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədov şərlənərək həbs edilib və ağır işgəncələrə məruz qalıb, 9 aydan artıq ailəsilə görüş və telefon əlaqəsindən məhrum edilib. 10 ildən çoxdur ki, xaricə çıxışı yasaqlanan AXCP sədri Əli Kərimli internet xidmətindən məhrum edilmək də daxil, kommunikasiya blokadasına alınıb və bu blokada hələ də davam etməkdədir. Ən dəhşətlisi, ötən ilin iyul ayında Tovuz istiqamətində erməni təxribatından sonra Bakıda keçirilən Qarabağ yürüşündə hakimiyyətin özünün törətdiyi şübhə doğurmayan təxribatla əlaqədar AXCP-nin rəhbər şəxsləri də daxil olmaqla, 16 nəfər üzvü həbs edildi (hərçənd onlardan bir neçəsi heç həmin yürüşdə olmamışdılar). Həmin iş üzrə ümumilikdə 37 nəfər həbs edilmişdi və indi onlar, AXCP üzvlərindən biri istisna olmaqla, ev dustqlığındadır, məhkəmələri keçirilir.Ölkə başçısının hətta ötən ilin sentyabrında başlayan ikinci Qarabağ savaşı günlərində də bir neçə dəfə Milli Şura və Xalq Cəbhəsi haqqında əvvəlki ritorikası ilə danışması isə daha ağrılı mənzərə idi. Həmin günlərdə Milli Şura və Xalq Cəbhəsi bir təşkilati orqanizm kimi bütövlükdə xalqınızla birilikdə bütün diqqətini və fəaliyyətini savaşa yönəltmiş, yalnız ordumuza dəstək, düşmənə zərbə vurmaq üçün çalışmışdır. Milli Şura və Xalq Cəbhəsi rəhbərliyi açıq bəyanatlarla müharibə dövrü üçün hakimiyyətə qarşı müxalifətçiliyini dayandırdığını elan və buna təktərəfli şəkildə sonadək əməl edib. İ.Əliyevin Milli Şura və Xalq Cəbhəsi əleyhinə savaş günlərində təkrarladığı böhtanların cavabsız buraxılması da məhz bununla bağlı olub.Çox təəssüf ki, Azərbaycan cəmiyyəti müharibədən sonra ölkədə müsbətə doğru mühüm dəyişikliklərin baş verəcəyini, o cümlədən hakimiyyətin öz rəqibləri ilə münasibətlərdə sivil yola qədəm qoyacağını gözləsə də, hakimiyyət əksər sahələrdə, o cümlədən siyasi münasibətlərdə hər şeyin əvvəlki kimi olacağını nümayiş etdirdi. Savaşdan dərhal sonra ölkənin həqiqi müxalif mövqeli insanlarına qarşı təqib-təzyiqlər başlayıb, yenidən polis rejiminə güc verilib. Bu dövrdə Qarabağ yürüşünə görə saxlanılan AXCP üzvlərindən Məhəmməd İmanlı COVİD19 yaymaq kimi saxta ittihamla azadlıqdan məhrum edilib və hazırda həbsdə saxlanılır. AXCP-nin iki yerli fəalı şərlənərək müxtəlif müddətlərə inzibati həbsə məhkum edilib. Partiyanın başqa bir neçə üzvü siyasi fəaliyyətlərini dayandırmaları məqsədilə ya birbaşa özü, ya da ailə üzvləri vasitəsilə polis təzyiqinə və təqibinə məruz qalıb. Qarabağ yürüşünə görə mühakimə olunan cəbhəçilərin (onların sırasına hadisədən aylar sonra, çox absurdcasına AXCP sədrinin ictimai əsasla digər mühafizəçisi Ruslan Əmirovu da qatıblar) hiddət və ikrah doğuran məhkəmə-məzhəkə prosesi davam edir. Milli Şura Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun da sifarişli məhkəmə işi uzadılmaqdadır. Milli Şura Koordinasiya Mərkəzinin digər üzvü Gültəkin Hacıbəyli absurd bir məhkəmə qərarı ilə böyük məbləğdə cərimə ödəməyə məcbur edilir, əks halda evinin əlindən alınacağı ilə hədələnir. Üstəlik onun Almaniyada təhsil haqqı qazanmış oğluna təhsil məqsədilə ölkədən çıxmağa icazə vermirlər.Bu təqiblər Milli Şuraya qarşı artan amansız repressiya siyasətinin davamıdır. Milli Şuranın iki rəhbər üzvü – Gözəl Bayramlı bu repressiyalar nəticəsində həyatını, Oqtay Gülalıyev isə sağlamlığını və tam olaraq fəaliyyət qabiliyyətini itirib.Bundan başqa məhz müharibədən sonrakı dövrdə, lap yaxın günlərdə NİDA hərəkatının üzvü Elmir Abbasov inzibati, bloqçular Elçin Həsənzadə və İbrahim Türksoy isə uzunmüddətli həbsə məhkum edilib, rəssam Pəri Miniatür işdən çıxarılmaqla, şair İbrahim Xudayi polisə aparılıb hədələnməklə, vəkil Şəhla Hümbətova vəkillik fəaliyyətindən məhrum edilməklə repressiya olunublar və hər birinin də səbəbi hakimiyyəti narahat edən mövqe və çıxışlardır. İ.Əliyevin YAP-ın qurultayındakı nifrət çıxışı isə göstərir ki, bütün bunlar hansısa özfəaliyyətin təzahürü deyil, bilavasitə ölkə başçısının göstərişi ilə repressiya siyasətinin canlandırılmasıdır.İ.Əliyev təkcə prinsipial siyasi müxaifətin yox, həqiqi vətəndaş cəmiyyəti qalıqlarının və hətta müstəqil yaradıcı insanların da axırına çıxmaq həvəsindədir və post-müharibə şəraitini çox anlaşılmaz şəkildə bunun üçün əlverişli sayır.İ.Əliyev axırıncı nifrət çıxışı ilə açıq mesaj verdi ki, cəmiyyətin gözləntilərinin əksinə olaraq, ölkədə heç bir islahata, müsbət dəyişikliyə yol açmayacaq, ictimai-siyasi münasibətlərin kəskinləşməsində, cəmiyyətdə qarşıdurma və aqressivliyin yaranmasında maraqlıdır və buna çalışır. Onun bu çıxışını həm də repressiyaların növbəti dalğasına çağırış kimi qiymətləndirmək olar.İ.Əliyev Freedom House təşkilatının insan haqları indeksi üzrə dünyanın 10 ən qeyri-azad ölkəsindən birinə çevirdiyi Azərbaycanı təəssüf ki, bundan sonra da sərt avtoritar üsulla idarə etmək istəyində görünür. Ölkədə 150-dək siyasi məhbus var, siyasi motivli məhkəmə prosesləri davam edir, söz və sərbəst toplaşmaq azadlığı sahəsində bərbad durum olduğu kimi qalır və s. Dünyanın demokratik ictimaiyyəti və Azərbaycan xalqı İ.Əliyev hakimiyyətinin yerli və beynəlxalq qanunları belə kobudcasına tapdalamasına, ölkədə klassik diktatura qurmasına səssiz qalmamalı, mümkün vasitələrlə buna müqavimət göstərməlidir.Milli Şura bəyan edir ki, bədəli nə qədər ağır olsa da, Azərbaycanda demokratiya uğrunda mübarizəsindən bundan sonra da bir addım geri atmayacaq. Lakin xalqımız da aydın şəkildə dərk etməlidir ki, hazırda demokratik dünyadan tamamilə üz döndərib, yerini dünyanın ən avtoritar rejimləri sırasında bərkitmiş İ.Əliyev hakimiyyətinin qarşısına məhz onun özü çıxmalıdır. Hazırkı mərhələdə yalnız xalqımızın elliklə səyləri ölkəni bu acınacaqlı vəziyyətdən xilas edə bilər. Xalqımız ölkənin həqiqi müxalif qüvvələrinə, vətəndaş cəmiyyətinə daha inamlı və ciddi dəstək verməli, təşkilatlanmağa daha böyük maraq göstərməli, azadlıq və ədalət uğrunda mübarizədə daha kütləvi və fəal iştirak etməlidir. Milli Şura xalqımızı öz taleyinə sahib çıxmaq üçün daha çox təşəbbüskar və inadkar olmağa səsləyir.”

Gözdən qaçırmayın:  Putin ailəsini bunkerdə gizlədib - ŞOK İDDİA

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button