Now Reading:
İlham Əliyevin sərəncamı kağız üzərində qalıb

“Azərbaycan Prezidenti İlham Əliyevin də sərəncamı var ki, sürüşmə sahələrində evlər, hər hansı tikili inşa edilərkən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin razılığı olmalıdır. Ancaq buna məhəl qoyulmur. Bizdən heç soruşan da yoxdur ki, burada ev tikmək olar, ya olmaz”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, Masazırdakı “Qır gölü”nün yaxınlığında olan və hazırda aktivləşən sürüşmə sahəsindəki evlərin yerində əvvəl gölün yatağı olub:

“Həmin yer maili yamacdır. Vaxtilə orada göl olub. Sonra göl qurudulub və evlər tikilib. İndi isə həmin ərazidə qrunt sularının səthə çıxması halı müşahidə edilir. Qrunt sularının səthə çıxması isə sürüşmə sahəsinin dinamikasına təsir göstərir. Ev tikmək məqsədilə “Qır gölü”nün qurudulması prosesi hazırda da davam edir”.

R.Həsənov qeyd edib ki, həmin ərazidə evlərin tikilməsi gələcəkdə təhlükəli vəziyyətin yaranmasına səbəb ola bilər:

“Orada ev tikmək məsləhətli deyil. Çünki bura göl yatağıdır, qurudulur, müəyyən qədər torpaq tökülür. Ancaq gələcəkdə yamacın dik hissəsindən aşağıya doğru qrunt suları, təsərrüfat suları axıdılacaq. Bundan başqa, yamac da dikdir. Gələcəkdə yağış suları da ərazidə toplanacaq. Ona görə də orada evlərin tikilməsi məsləhət deyil. Yaxşı olar ki, göl yatağı olan ərazilərdə, maili yamaclarda ev tikilərkən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi alınsın”.
R.Həsənov əlavə edib ki, vaxtilə göl olan ərazilərdə yaşayış evlərinin tikilməsi halları yalnız “Qır gölü” adlanan yerdə müşahidə edilmir:

“Masazır qəsəbəsindəki bir neçə yerdə subasma sahələri əvvəl göl olub. Zaman-zaman onlar qurudulub və yerində ev tikilib. Sonda da əhali belə subasma problemləri ilə üzləşir. Yəni biz təbiətə nə ediriksə, onun da cavabını alırıq. Bunlar hamısı özümüzün yaratdığı problemlərdir”.

Qeyd edək ki, hazırda Masazırdakı “Qır gölü” adlanan ərazidə sürüşmə prosesi aktivləşib. (Trend)

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.