2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

İlham Əliyev: “Əminən ki, üçüncü müharibə olmayacaq”

“Əfsuslar olsun ki, Ermənistana silah verənlər arasında Hindistan da indi rol alıb”

“Biz Ermənistanla məsələni həll etmişik. Əminəm ki, üçüncü müharibə olmayacaq, amma təhdidlər aradan qalxmayıb, müharibədən sonra yeni təhdidlərlə üzləşmişik”.

Bunu yanvarın 10-da Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Əliyev bildirib ki, bu təhdidlərə sinə gərmək asan məsələ deyil – həm iradə, həm də özündə əminlik olmalıdır:

“Biz heç vaxt avantüraya getməmişik və getməyəcəyik. Əgər bu təxribatlara qarşı biz, necə deyərlər, çox sarsıdıcı şapalaq vurmuşuqsa, deməli, bu, sadəcə olaraq, təbliğat deyil, özümüzdə güc hiss edirik. Hər kəs bunu bilməlidir ki, bizimlə heç kim zarafat etməsin. Biz bunu müharibədən dərhal sonra başlamışıq. Çünki bilirdik ki, dünyanın gələcəyini bu, müəyyən edəcək”.

“Yerli istehsalı genişləndirmək üçün bir neçə aparıcı şirkətlə indi danışıqların son mərhələsindəyik”

Ölkə başçısı vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsindən sonra hər kəs bunu edir:

“Ordu quruculuğuna ümumiyyətlə fikir verməyən Avropanın ən böyük ölkələri indi ordularını yaradırlar. İndi vahid Avropa ordusu haqqında danışmağa başlayıblar. İndi hərbi təyinatlı məhsulları buraxmağa başlayıblar, yaxud da ki, genişləndirirlər. Biz buna nə vaxtdan başlamışıq? Artıq 15 ildir. Onu da bildirməliyəm ki, biz əsas Türkiyə və İsrail şirkətləri ilə, digər ölkələrin şirkətləri ilə yeni kontraktlar bağlamışıq, eyni zamanda, yerli istehsalı genişləndirmək üçün bir neçə aparıcı şirkətlə indi danışıqların son mərhələsindəyik”.

“İnanın ki, bunu demək mənə çox çətindir…”

Sülh müaviləsinin imzalanıb-imzalanmamasına toxunan İlham Əliyev deyib ki, Ermənistan, yəqin ki, hansısa geosiyasi dəyişikliklər, kiminsə vəd etdiyi nələrisə gözləyir:

“Mənim fikrimcə, bu il çox məsələlərə aydınlıq gətirəcək. Yeri gəlmişkən, mən ürəkdən inanırdım ki, ilin sonuna qədər biz saziş imzalanmasına nail olacağıq. Lakin belə olmadı. Ermənistan nə gözləyir? Yəqin ki, hansısa geosiyasi dəyişikliklər, ola bilsin ki, kiminsə ona vəd etdiyi nələrisə gözləyir. Çünki belə təəssürat yaranır ki, ona kimsə nə isə vəd edib. Ona görə ki regionda vəziyyətin obyektiv təhlili, qüvvələr balansı və iki il bundan əvvəl baş vermiş hadisələrə, eləcə də keçən ilin sentyabr ayında baş vermiş və ya hazırda Laçın-Xankəndi yolunda baş verən hadisələrə dünyanın reaksiyası onu göstərir ki, suda batanların xilas edilməsi onların öz işidir. Biz kömək edə bilərik”.

“Ermənistanın azərbaycanofobiya və isteriya bataqlığında tamam boğulmamasına yalnız biz kömək edə bilərik. “Nə ilə? Onunla ki, biz deyirik “hə”, biz deyirik, gəlin sülh bağlayaq. Özü də, inanın ki, bunu demək mənə çox çətindir, həm Prezident kimi, həm də adi insan kimi. Mən işğaldan azad edilmiş ərazilərə gedəndə sizin və hər bir azərbaycanlının keçirdiyi hissləri keçirirəm”, – deyə Əliyev əlavə edib.

“…sülh müqaviləsi qaçılmazdır”

Ancaq dövlət başçısı “Ermənistan nəhayət anlayacaq ki, sülh müqaviləsi qaçılmazdır” deyərək bəzi məqamları xatırladıb:

“Son bir il ərzində – mart ayından bəri üç dəfə göstərdik ki, heç kim bizim qabağımızda dura bilməz və istədiyimizə nail oluruq və hər hansı bir erməni havadarı onların yardımına yetişə bilməz. Bu, birincisi. İkincisi, həm Azərbaycan-Ermənistan sərhədi istiqamətində, eyni zamanda, Qarabağ istiqamətində nəzarətdə olan yüksəkliklər bizə çox böyük strateji üstünlük təmin edir. Artıq vizual müşahidə bizə imkan verir ki, istənilən təhlükəni bəri başdan görək və onun qarşısını alaq. Hesab edirəm ki, artıq üç dəfə belə hərbi və siyasi uğursuzluğa düçar olmuş Ermənistan anlayacaq ki, sülh müqaviləsi qaçılmazdır. Onlar bunu nə qədər tez anlasalar və nə qədər tez özlərində güc tapıb, iradə tapıb buna razılıq versələr, o qədər də bölgə üçün yaxşı olacaq”.

“2023-cü il İkinci Qarabağ müharibəsinin real sonu olacaq”

Əliyev onu da qeyd edib ki, Azərbaycanın üçüncü müharibəni başlamaq fikri yoxdur:

“İndi bəzi Qərb mətbuatında bizə qarşı yeni dalğa, çirkin böhtan kampaniyası geniş vüsət alır. Onun ilk təzahürlərini biz görürük, amma ehtimal edilir ki, növbəti çirkin addımlar da atılacaq. Amma bu, bizi dayandırmayacaq. Ona görə mən hesab edirəm və ümid etmək istəyirəm ki, 2023-cü il İkinci Qarabağ müharibəsinin real sonu olacaq və bu il belə hadisələr baş verməyəcək”.

İlham Əliyevin fikrincə, Ermənistana istənilən silah verilərsə, onlara kömək etməyəcək:

“Mən Ermənistan tərəfinə bir neçə dəfə bunu demişəm. Demişəm ki, buna əbəs yerə vəsait xərcləməyin. Çünki birincisi, bu, sizə kömək etməyəcək, ikincisi ölkənizdə olan revanşist qüvvələrdə hansısa bir illüziya yarada bilər. İllüziya yarada bilər ki, siz revanş edə bilərsiniz. Edə bilməyəcəksiniz!”.

“Biz əgər görsək ki, bizim üçün hər hansı bir ciddi təhlükə var, bu təhlükəni dərhal dəf edəcəyik. Baxmayaraq ki, bu təhlükə harada yaranıb, bizim ərazimizdə, yaxud da ki, hüdudlarımızın kənarında. Bu, bizim legitim hüququmuzdur. Ona görə belə cəhdlər var və biz görürük, bilirik hansı ölkələr Ermənistana silah verməyə hazırlaşırlar. Əfsuslar olsun ki, onların arasında Hindistan da indi rol alıb. Biz bunu qeyri-dost addım kimi qiymətləndiririk. Çünki bu silahların, özü də hücum silahlarının bir hədəfi var, o da Azərbaycandır. Biz lazımi tədbirləri görürük və Ermənistanın bizim üçün təhlükə yaratmasına heç vaxt imkan verə bilmərik.”, – Əliyev belə deyib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button