2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İlham Əliyev: “Heydər Əliyev heç vaxt imkan verməzdi ki, Dağlıq Qarabağda separatçılar baş qaldırsın”

Mayın 9-da Heydər Əliyev Mərkəzində sabiq Prezident Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə rəsmi qəbul təşkil edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Cənab İlham Əliyev rəsmi qəbulda nitq söyləyib:

Saytların yığılması Saytlarin yigilmasi

– Hörmətli xanımlar və cənablar, əziz dostlar.

Bu gün Azərbaycanda faşizm üzərində Qələbə günü qeyd edilir. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Azərbaycan Qələbənin əldə olunmasında çox böyük rol oynamışdır – həm ön cəbhədə, həm də arxa cəbhədə. Altı yüz mindən çox Azərbaycan nümayəndəsi müharibədə iştirak etmiş, onlardan 300 mini həlak olmuşdur. Azərbaycan xalqı müharibə illərində qəhrəmanlıq göstərmişdir. Azərbaycanın bir çox nümayəndələri yüksək orden və medallarla təltif olunmuşlar. Arxa cəbhədə – Azərbaycanda böyük işlər görülmüşdür. Bizim zavodlarımızda hərbi texnika istehsal olunurdu. O texnika və silahlar ki, müharibənin ən ağır anlarında sovet ordusuna əvəzsiz xidmət edirdi. Azərbaycan neftçiləri bu illər ərzində yorulmadan çalışmış və sovet ordusunu yanacaqla təmin etmişlər. Sovet ordusunun yanacağının mütləq əksəriyyəti Azərbaycan neftçiləri tərəfindən təmin edilirdi. Bütün bu amillər deməyə əsas verir ki, Azərbaycan Respublikası faşizm üzərində Qələbənin əldə edilməsində çox böyük rol oynamışdır. Bu gün mən müharibə veteranları ilə görüşmüşəm, onlarla söhbət etmişəm, onları təbrik etmişəm. Onlar bu gün bu mərasimdə iştirak edirlər və bir daha onlara öz hörmətimi ifadə etmək istəyirəm.

Builki Qələbə günü Azərbaycanda xüsusi ruh yüksəkliyi ilə qeyd edilir. Bildiyiniz kimi, keçən ayın əvvəlində Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatı nəticəsində Ordumuz uğurla əks-hücum əməliyyatı keçirmişdir. İşğal olunmuş torpaqlarımızın bir hissəsi əks-hücum əməliyyatı nəticəsində işğalçılardan azad edilmiş, təmas xəttindəki mövqelərimiz daha da möhkəmlənmişdir. Bu gözəl tarixi və parlaq qələbə münasibətilə bir daha bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Aprel döyüşləri dövlətimizin və Ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirmişdir. Bilirəm ki, döyüşçülərimizin qarşısında həmişə veteranlarımızın obrazı, Böyük Vətən müharibəsi veteranlarının nümunəsi dayanır. Bu gün veteranlarla söhbət əsnasında onlar mənə deyirlər ki, əgər lazım olarsa, biz onların imkanlarından da müharibə zonasında istifadə edə bilərik. Yəni, öz yaşlarına baxmayaraq, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində onlar bu gün öz rolunu oynamağa hazırdırlar.

Mən bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan öz tarixi keçmişinə çox böyük hörmətlə yanaşır. İkinci Dünya müharibəsində qazanılmış Qələbə bizim ümumi qələbəmizdir. Biz Azərbaycanda həm tarixi həqiqətləri qoruyuruq, imkan vermirik ki, tarix təhrif olunsun, eyni zamanda, müharibə veteranlarını da daim dəstəkləyirik və bundan sonra da dəstəkləyəcəyik.

Onu da qeyd etməliyəm, əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində 9 May – Qələbə Günü bayram kimi qeyd edilmirdi. Bayram siyahısından çıxarılmışdı. Ancaq ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra bu bayram bərpa edildi və bu gün bu bayram dövlət bayramı kimi qeyd edilir.

Sabah biz Ulu Öndərin anadan olmasının 93-cü ildönümünü qeyd edəcəyik. Heydər Əliyev Azərbaycan tarixində müstəsna xidmətlər göstərmişdir, böyük tarixi rol oynamışdır. İki dəfə Azərbaycana rəhbərlik etmişdir. Hər iki dəfə Azərbaycanı tənəzzüldən, anarxiyadan, xaosdan inkişafa, tərəqqiyə doğru aparmışdır. 1969-cu ildə Azərbaycan Sovet İttifaqı respublikaları arasında ən aşağı yerlərdə qərarlaşmışdı. Heydər Əliyevin səyləri, bacarığı, biliyi, xalqa olan bağlılığı nəticəsində cəmi 13 il ərzində Azərbaycan ən qabaqcıl respublikaya çevrilmişdir. Sovet İttifaqında Rusiya Federasiyasından başqa, cəmi iki respublika var idi ki, onlar mərkəzdən dotasiya almırdı. Onlardan biri də Azərbaycan idi. Məhz o illərdə Azərbaycanda sənaye istehsalı, kənd təsərrüfatı sahələrində, infrastruktur layihələrinin icrasında çox böyük işlər görülmüşdür və o işlər bu gün də müstəqil Azərbaycana kömək göstərir. O illərdə xüsusilə infrastruktur layihələrinin icrası, neft-qaz sektorundakı nəticələr və emal sənayesinin inkişafı sahələrində əldə edilmiş nailiyyətlər bu gün bizə, müstəqil Azərbaycana xidmət göstərir.

1970-1980-ci illərdə Azərbaycanda elm sürətlə inkişaf edirdi. Azərbaycanda milli mənəvi dəyərlər təbliğ edilirdi. Əlbəttə, biz müstəqil dövlət deyildik və bəzi məsələlərdə fəaliyyətimiz məhdud xarakter daşıyırdı. Ancaq buna baxmayaraq, milli mənəvi dəyərlər, milli ruh, milli ədəbiyyat, mədəniyyət daim diqqət mərkəzində idi. Təsadüfi deyil ki, 1978-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul olunanda məhz Heydər Əliyevin təkidi ilə Azərbaycan dili Konstitusiyaya ana dili kimi daxil edilmişdir. Yəni, o illər doğrudan da böyük inkişaf illəri olmuşdur. Heydər Əliyevin fəaliyyətini və böyük nailiyyətlərini nəzərə alaraq, o, Moskvaya dəvət edilmiş və ona çox böyük vəzifə verilmişdir – Sovet İttifaqının Baş nazirinin birinci müavini vəzifəsi. Super dövlətin Baş nazirinin birinci müavini vəzifəsi, əlbəttə, bir daha göstərirdi ki, Heydər Əliyev nə qədər istedadlı, peşəkar və işgüzar adam idi. Həmin illərdə o, fəal işləyirdi, bir çox sahələrə nəzarət edirdi və həmin sahələrdə böyük uğurlar əldə olunurdu. Bununla bərabər, heç vaxt Azərbaycanı unutmurdu və çalışırdı ki, özünün böyük imkanlarından istifadə edib, Azərbaycanı daha da gücləndirsin. Burada bir çox sənaye, infrastruktur layihələri icra edildi. O, Azərbaycanın inkişafına daim diqqət yetirirdi. Hər il məzuniyyətə çıxıb Azərbaycana gəlirdi. Mən yaxşı bilirəm ki, o məzuniyyət formal xarakter daşıyırdı. Çünki o, məzuniyyəti daim görüşlərdə keçirirdi və onun verdiyi tapşırıqlar 1980-ci illərdə Azərbaycanın inkişafına çox böyük xidmət göstərmişdir.

Ancaq 1987-ci ildə Heydər Əliyev tamamilə əsassız olaraq bütün vəzifələrdən kənarlaşdırıldı. Bu, ona qarşı, eyni zamanda, Azərbaycana qarşı böyük ədalətsizlik və təxribat idi. Onun istefasından iki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında məsələ qaldırmışdılar. Yəni, Heydər Əliyev amili onlara imkan vermirdi ki, bu çirkin niyyətlərini ifadə etsinlər. Ancaq Heydər Əliyev siyasi səhnədən gedəndən sonra bu məsələ qalxdı və dərhal ondan sonra Dağlıq Qarabağda xoşagəlməz hadisələr başladı, Ermənistanın təhriki ilə orada separatçı meyillər gücləndi. Əfsuslar olsun ki, o vaxtkı sovet rəhbərliyi cinayət törədərək bu xoşagəlməz meyillərin qarşısını almadı. Nəinki almadı, almaq istəmədi. Sovet İttifaqının dağılması prosesi məhz o vaxtdan başladı.

Mən yaxşı xatırlayıram ki, Heydər Əliyev bu vəziyyətlə bağlı çox məyus olmuşdu. Onun qurub-yaratdığı vəziyyət dağılırdı. O, burada rəhbər vəzifədə işləyəndə mütəmadi qaydada Dağlıq Qarabağa səfərlər etmişdi – Xankəndiyə, Şuşaya. Mən də o səfərlərin canlı şahidiyəm, iştirakçısıyam. Heç bir amil onu göstərmirdi ki, orada separatçı meyillər güclənə bilsin. Yəni, bu, süni şəkildə ortaya atılmış bir təxribat idi. Əfsuslar olsun ki, bu günə qədər Azərbaycan bu təxribatın acı nəticələrini yaşayır.

Azərbaycan xalqına qarşı növbəti təxribat 1990-cı ildə törədilmişdir – Qanlı Yanvar cinayəti. Günahsız insanlar öldürülmüşdür, qətlə yetirilmişdir. 20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı törədilmiş böyük cinayətdir. Heydər Əliyev dərhal öz səsini ucaltdı. Ertəsi gün Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmişdir. Mən də onunla bərabər orada idim. Mətbuat konfransında sovet rəhbərliyini ittiham etmişdir. Onların hərəkətlərini pisləmişdir. Deyə bilərəm ki, o vaxt sovet məkanında bu, çox nadir bir hadisə idi. Çünki Sovet İttifaqının dağılmasına hələ 2 il vaxt var idi. Heç kimin ağlına gələ bilməzdi ki, Sovet İttifaqı kimi nəhəng bir dövlət dağıla bilər. O vaxt belə cəsarətli addımın atılması bir daha onu göstərdi ki, Heydər Əliyev öz xalqına nə qədər bağlıdır, bu insan nə qədər fədakardır, nə qədər cəsarətlidir.

Təbii ki, ondan sonra ona qarşı təzyiqlər, təqiblər, mətbuatda qarayaxma kampaniyası başlamışdır. Ancaq bu çirkin, təxribatçı addımlar onu yolundan döndərə bilməmişdir. O, bu hadisələrə etiraz olaraq, uzun illər, onilliklər ərzində xidmət etdiyi Kommunist Partiyasının sıralarından çıxmışdır. Bakıya qayıtmışdır. Çünki artıq Moskvada yaşamaq təhlükəli idi. Əfsuslar olsun ki, Bakıda da yaşamağa imkan verməmişlər və doğulduğu yerə – Naxçıvana üz tutmuşdur. Naxçıvan əhalisi onun ətrafında birləşərək o ağır illəri şərəflə yaşamışdır. İlk növbədə naxçıvanlılar Heydər Əliyevi bütün təzyiq və təxribatlardan qorudular. Sonra isə o, Naxçıvanın rəhbəri kimi, Naxçıvanı işğaldan qorudu. O illər müstəqilliyimiz üçün həlledici illərdir. Çünki mən hesab edirəm ki, müstəqilliyə gedən yol məhz o illərdə Naxçıvanda başlamışdır. Çünki Heydər ƏIiyevin təşəbbüsü ilə ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı – bizim dövlət bayrağımız Naxçıvanda dövlət bayrağı kimi elan edilmişdir. O vaxt hələ Sovet İttifaqı yaşayırdı və yenə də deyirəm, Sovet İttifaqının dağılması haqqında bəlkə də çoxları heç fikirləşmirdi.

Azərbaycanda isə əfsuslar olsun ki, 1990-cı illərin əvvəllərində vəziyyət tənəzzülə uğrayırdı. Siyasi böhran iqtisadi böhranla tamamlanırdı. Xalq arasında o vaxtkı iqtidara inam tamamilə tükənmişdi. Vətəndaş müharibəsi başlamışdı. Ermənistanın işğalı alovlanırdı, genişlənirdi, torpaqlarımız işğal altına düşürdü. Şuşa, Laçın, ondan sonra Kəlbəcər rayonlarının işğalı nəticəsində Dağlıq Qarabağ ilə Ermənistan arasında coğrafi bağlılıq yaranmışdı. Belə ağır vəziyyətdə xalq yenə də Heydər Əliyevə müraciət etdi. Onu hakimiyyətə dəvət etdi və ümidləri ancaq ona bağlayırdı. Müstəqilliyimiz üçün ən ağır anlarda yenə də Heydər Əliyev öz xalqının yanında idi. Öz xalqına rəhbərlik etməyə razılıq vermişdir. 1993-cü ildən başlayaraq, Azərbaycanda bütün sahələrdə dönüş yarandı. Vətəndaş müharibəsinə son qoyuldu, qanunsuz silahlı birləşmələr tərksilah edildi. Azərbaycanda qayda-qanun yaradıldı və ölkə inkişaf dövrünə qədəm qoydu.

Ondan sonrakı dövr – 1993-2003-cü illəri əhatə edən dövr inkişaf, sabitlik dövrü olmuşdur. Azərbaycanda siyasi sistem formalaşmışdır. Konstitusiya qəbul olunmuşdur. Azərbaycan dünyaya öz imkanlarını təqdim etmişdir. “Əsrin kontraktı” imzalanmışdır. Sonra isə “Şahdəniz” qaz yatağının işlənməsi üzrə kontrakt imzalanmışdır. Demokratik islahatlar aparılmağa başlanılmışdır. Məhz o illərdə milli ideologiyamız – Azərbaycançılıq məfkurəsi formalaşmışdır ki, bu gün də bütün Azərbaycan xalqını birləşdirir. Azərbaycanda çoxmillətli, çoxkonfessiyalı cəmiyyətin inkişafı və buna güclü təkan verilməsi prosesi başlanmışdır. Bu gün bu, bizim böyük sərvətimizdir. Azərbaycan dünya miqyasında multikultural cəmiyyət kimi özünü təqdim edir və bizim nümunəmiz bir çox ölkələrdə dərin təhlil olunur.

1993-2003-cü illərdə Azərbaycanda dövlət quruculuğu prosesi uğurla getmişdir, dövlətin əsasları qoyulmuşdur. Məhz buna görə biz həmişə deyirik ki, Heydər Əliyev müstəqil Azərbaycanın banisidir. Hər dəfə o tarixi yada salaraq, təəssüf hissi ilə qeyd edirik ki, əgər müstəqilliyimizin ilk illərindən Heydər Əliyev hakimiyyətdə olsaydı, bizim ölkəmiz Dağlıq Qarabağ problemi ilə üzləşməzdi. O, heç vaxt imkan verməzdi ki, orada separatçılar baş qaldırsınlar. Heç vaxt imkan verməzdi ki, xalqımıza qarşı bu qanlı cinayət törədilsin.

Müstəqilliyimizin ilk illərində baş vermiş hadisələr bizə çox baha başa gəldi. O hadisələri yada salarkən bir daha görürük ki, bu gün Azərbaycan sözün əsl mənasında inkişaf yolundadır. Bu gün Azərbaycan müstəqil dövlət kimi özünü dünya miqyasında təsdiqləyib. Müstəqilliyə gedən yol, bax, qeyd etdiyim hadisələrdən başlamışdır.

2003-cü ildən sonra Heydər Əliyev siyasəti Azərbaycanda davam etdirilir. Bu siyasətin alternativi yoxdur. Son illərin təcrübəsi onu göstərir ki, ölkəmiz və xalqımız yalnız bu yolla qabağa gedə bilər. Biz Ulu Öndərin siyasi irsinə sadiqik, onun siyasətini davam etdiririk, zənginləşdiririk. Təbii ki, vəziyyət dəyişir, dünya dəyişir. Bu gün bölgədə yaşanan hadisələr, problemlər o vaxt mövcud deyildi. Biz bütün çağırışlara hazırıq. Azərbaycan Heydər Əliyev siyasətini zənginləşdirir, müasir dövrün çağırışlarını nəzərə alaraq bu dövrə uyğunlaşdırır, ancaq ümumi siyasi xətdən kənara çıxmır. Bizim siyasi xəttimiz müstəqilliyin möhkəmlənməsidir. Bu gün Azərbaycan dünya miqyasında müstəqil siyasət aparan ölkələrdən biridir. Son illərin tarixi bunu bir neçə dəfə sübut etmişdir.

Azərbaycanda vətəndaş cəmiyyəti formalaşıb. Cəmiyyət vahid amal uğrunda birləşib. Azərbaycanın gələcək inkişafı ilə bağlı, inkişafa gedən yollarla bağlı cəmiyyətdə heç bir fikir ayrılığı yoxdur. Xalq-iqtidar birliyi bu gün bizim inkişafımızın əsas şərtidir, sabitliyimizin əsas amilidir. İctimai-siyasi sabitlik göydən düşmür. Buna nail olmaq üçün düşünülmüş siyasət aparılmalıdır. O siyasət ki, xalqın tələblərinə, ümidlərinə cavab verir.

Bu gün bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, qayğıları, təhlükəsizliyi dayanır. Azərbaycanda təhlükəsizlik məsələləri lazımi səviyyədə təmin edilir. İctimai-siyasi sabitlik mövcuddur. İnsanların rifah halı yaxşılaşır. Baxmayaraq, bu gün hələ ki, davam edən dünya iqtisadi və maliyyə böhranı bizə də öz təsirini göstərmişdir. Ancaq hesab edirəm ki, biz bu böhrandan şərəflə çıxa bilmişik və bu gün iqtisadi sahədə heç bir problem yaşanmır. Maliyyə vəziyyətimiz sabitdir, iqtisadi inkişaf davam edir, neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi ilə əlaqədar problemlər olsa da, ancaq biz bu problemlərin öhdəsindən şərəflə gəlirik. Əminəm ki, 2016-cı ili də biz uğurla başa vuracağıq. Nəyə görə? Ona görə ki, əvvəlki illərdə dayanıqlı iqtisadi inkişaf təmin edilmişdir, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində çox ciddi addımlar atılmışdır. Bununla bərabər, Heydər Əliyevin neft strategiyası Azərbaycanda uğurla icra edilmişdir.

Bu strategiya 1994-cü ildən icra edilməyə başlamışdır. “Əsrin kontraktı”nın imzalanması tarixi hadisədir. Bu gün “Əsrin kontraktı” çərçivəsində aparılan işlər bizim iqtisadi gücümüzü artırır. 1996-cı ildə “Şahdəniz” qaz yatağının işlənməsi ilə bağlı imzalanmış kontrakt bu gün nəinki Azərbaycanın, bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir, Azərbaycanın geosiyasi imkanlarını və vəziyyətini böyük dərəcədə möhkəmləndirir. 1999-cu ildə Bakı-Supsa neft kəmərinin inşası və Ulu Öndərin şəxsi iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməl daşının qoyulması Heydər Əliyev neft strategiyasının əsas amilləridir. Bu gün bu istiqamətdə əlavə tədbirlər görülür. Ulu Öndərin başladığı layihələr tam icra edilibdir. 2006-2007-ci illərdə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri istismara verildi. Bu gün biz “Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə fəal məşğuluq və bu istiqamətdə də çox böyük uğurlara imza atmışıq.

Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş kimi tanınır. Bizim beynəlxalq mövqelərimiz böyük dərəcədə möhkəmlənmişdir. Azərbaycanı indi bütün dünya ictimaiyyəti tanıyır və bizim fəaliyyətimizə böyük rəğbətlə yanaşır. Azərbaycanda keçirilən qlobal beynəlxalq tədbirlər həm imkanlarımızı, gücümüzü göstərir, eyni zamanda, bizə olan hörməti daha da artırır. Bu il Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çox böyük uğurla keçirilmişdir. Keçən il Avropa Oyunları böyük uğurla keçirilmişdir, gələn il İslam Həmrəylik Oyunları keçiriləcəkdir. Bu və digər mötəbər tədbirlər dünyanın diqqətini cəlb edir. Bu, bizim dövlətimizi gücləndirir. Əfsuslar olsun ki, Ermənistan, onun xaricdəki havadarları və erməni lobbisinin nümayəndələri uzun illərdir bizə qarşı çirkin kampaniya aparırlar. Onlar böhtan, şər, qarayaxma kampaniyası aparırlar ki, bizi ləkələsinlər. Onların geniş maliyyə imkanları var. Bir çox hallarda onlar başqa müəlliflərin arxasında gizlənərək müxtəlif mətbu orqanlarda Azərbaycana qarşı qərəzli və təhqiredici yazılar da dərc edirlər, daim anti-Azərbaycan kampaniyası aparırlar. Onların bir nömrəli hədəfi Azərbaycandır. Belə olan halda, əlbəttə ki, biz öz həqiqətlərimizi, real vəziyyəti dünyaya çatdırmalıyıq. Əlbəttə, bu istiqamətdə bir çox işlər görülür. Ancaq Bakıda, Azərbaycanın digər yerlərində keçirilən mötəbər beynəlxalq tədbirlər, əlbəttə ki, xüsusi əhəmiyyət daşıyır. Çünki buraya gələn qonaqlar Azərbaycan reallıqlarını öz gözləri ilə görürlər. Görürlər ki, bu, müasir, inkişafda olan ölkədir. Görürlər ki, Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Görürlər ki, Azərbaycanda insanlar rahat, demokratiya şəraitində yaşayırlar. Azərbaycanda insan haqları qorunur, bütün azadlıqlar mövcuddur.

Azərbaycan sürətli inkişaf yolundadır. Bu inkişafı biz öz hesabımıza qazanmışıq. Nəyi qazanmışıqsa, nəyi əldə etmişiksə, ancaq Azərbaycan xalqının zəhməti hesabına, düşünülmüş siyasət nəticəsində əldə etmişik. Bizə heç kim kömək etməmişdir, etmir və etməyəcəkdir. Buna ehtiyac da yoxdur. Ancaq biz öz işimizi elə qurmuşuq ki, bütün sahələr üzrə konkret proqramlarımız var və onlar icra edilir.

Azərbaycan gələcək illərdə beynəlxalq aləmdə daha da böyük hörmətə layiq olacaqdır. Ölkə daxilində proseslər müsbət istiqamətdə gedir. Bizim regional əməkdaşlıqla bağlı təşəbbüslərimiz nəinki ölkəmizi, qonşu ölkələri də gücləndirir. Bizdə gələcək inkişafla bağlı çox dəqiq proqramlar var və gələcəyə baxışımız çox dəqiqdir. Növbəti illərdə görüləcək işlər bizi daha da gücləndirəcəkdir. Ölkəmizin gələcək inkişafı ilə bağlı bizdə heç bir şübhə yoxdur. Azərbaycan bundan sonra da inkişaf yolu ilə gedəcək. Ölkə qarşısında duran bütün problemlər öz həllini tapır, tapacaq, o cümlədən sosial sahədə. Baxmayaraq ki, neftin qiyməti 3-4 dəfə düşüb, Azərbaycanda maaşlar və pensiyalar bu il 10 faiz artırılıb, sosial proqramlar icra edilir, məktəb, xəstəxana tikintisi, köçkünlərin problemləri və digər sosial məsələlər öz həllini tapır.

Qarşımızda duran əsas vəzifə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Biz bu istiqamətdə həm siyasi, həm diplomatik və digər amillərdən istifadə edərək öz mövqeyimizi danışıqlar prosesində gücləndiririk. Haqq-ədalət bizim mövqeyimizi dəstəkləyir, müdafiə edir. Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır, hüquqi cəhətdən Azərbaycanın ayrılmaz hissəsidir. Beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr bizim mövqeyimizi gücləndirir və müdafiə edir.

O ki qaldı, Ermənistan ilə Azərbaycan arasındakı fərqə, bu fərq göz qabağındadır. Mən dəfələrlə demişəm, həm siyasi müstəvidə, iqtisadi sahədə, bütün digər sahələrdə, o cümlədən ordu quruculuğu sahəsində Azərbaycanın üstünlüyünü görməmək mümkün deyil. Aprel döyüşləri onu da göstərdi ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və istənilən vəzifəni icra edə bilər.

Beləliklə, bizim gələcək planlarımızla bağlı çox dəqiq təsəvvürümüz var. Biz ölkəmizi daha da gücləndirməliyik, Azərbaycan xalqının rifah halını daha da artırmalıyıq və dünya miqyasında Azərbaycan daha da möhkəm yer tutmalıdır. Bir sözlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün əlbəttə ki, beynəlxalq norma və prinsiplər əsas rol oynayır. Amma biz daha da güclü olmalıyıq və bu yolla gedirik. Bu yol Heydər Əliyev yoludur. Biz onun siyasətinə sadiqik, bu yolla gedirik və bundan sonra da gedəcəyik, Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edəcəyik. Sağ olun.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button