2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İlham Əliyev Ramiz Mehdiyevi təkzib elədi, Əli Kərimli isə…

natiqedilovNatiq Güləhmədoğlu

Bakı “IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu”na “ev sahibliyi” edir. 800 qonaq var. Ağır xərcdi. Əhalinin qənd-çaya pul axtarışında özünü həlak etdiyi bu günlərdə 800 adamı yedirib-doyduracağıq, Əliyevin öz sözləri ilə desək, Azərbaycansayağı qonaqpərvərliklə qarşılayıb yola salacağıq.
“Sən bizim ellərin ruhuna bir bax,
Bizdən incik getməmiş hələ bir qonaq” – deyən şairin sözü həyatiliyini qorumaqdadır. Yaxşı, qonaqları, əlbəttə, ac saxlamaq, onları pay-parçasız yola salmaq ədəbdən olmazdı, burasını bildik. Sual doğuran isə başqa məsələdir, iqtisadi vəziyyətin çətin vaxtında belə dəbdəbəli qonaqlıqlar biz azərbaycanlılara nə dərəcədə lazımdır və onda bizim faydamız nədi?
Desək ki, xalqımızı, dövlətimizi dünyaya qonaqpərvər kimi göstərmək… İnciməyin, bu, yüngül cavab olacaq. Dövlət başçısı özü də, biz hamımız da, lap elə dünya da bizim o cür olmağımıza heç bir şübhə bəsləmir. Biz qonaqpərvərik. O zaman, biz sualımızı ziyafət stolundan kənara çəkək, bəs adıçəkilən Forum ölkəmizə, sıravi azərbaycanılara hansı ictimai-siyasi qazanc gətirib, yaxud gətirməkdə iddialıdır?

Saytların yığılması Saytlarin yigilmasi

***

İlham Əliyevin və onun adamlarının dediklərinə baxdım, iddia edirlər ki, biz bu Forumla dünyaya sülh, əmin-amanlıq, birgəyaşayış örnəkləri göstəririk. Sadə desək, Azərbaycanın bu bahalı tədbirlə kainata verdiyi mesaj belədir: Avropa-Asiyada insanlar bir-biri ilə dil tapa bilmir, xalqlar arasında fitnə toxumu səpilib, ədalətsizlik, aşağı təhsil və səhiyyə bəşəriyyətə qənim kəsilib. Bütün bu fəlakətlin qarşısında isə qurdla quzunun konstruktiv şəraitdə yaşadığı, dinc quruculuq, infrastruktur layihələri həyata keçirdiyi bir məkan var – Azərbaycan!
Azərbaycan bu uğurlara necə nail olduğunu başqaları kimi xəsislik edib gizlətmir, əksinə, 120 dövlətə dəvətnamə yollayıb, qonaq çağırır, o qonaqların bütün xərclərini də ödəyir ki, ay bədbəxtlər, gəlin bizim nümunəni öyrənin, gözünüz açılsın, cəmiyyətinizə tətbiq edin, ağ günə çıxın!
Elan olunan təşəbbüs və tədbir çox canıyananlıq saçır. Di gəl, pir bizimdi, kəramətinə bələdik… Bələd olmayanlar üçün bir az çənə yormalı olacağıq.

***

İlham Əliyev Forumun açılışında çıxış elədiyi gün AXCP sədri Əli Kərimlinin bir video-müraciəti də yayıldı. Hər iki çıxış Azərbaycanda, Bakıda edilsə də, kənar adama belə gələr ki, bu çıxışlar paralel dünyalara aiddir. Hansı düz, hansı səhvdir – ona hörmətli oxucu qərar verməlidir.
Əli Kərimlinin dediklərindən:
“Partiya qərargahımızın birinin qapısını qanunsuz qaynaqlayıblar, ora heç kimi buraxmırlar, kirayə götürdüyümüz başqa birini isə partladıblar;
Partiya sədri kimi, mənə 12 ildir xaricə çıxmağa pasport verilmir;
Partiyanın bir neçə siyasi məhbusu azad edilsə də, bu gün daha 11 üzvü günahsız yerə həbsdədir;
Milli Şuranın axırıncı mitinqindən sonra 15 nəfər cəbhəçi çalışdıqları idarələrdən heç bir əsas olmadan xaric edilib, cəbhəçiləri indi də “çörəklə imtahan edirlər”;
Son iki ayda 37 nəfər cəbhəçi inzibati qaydada cəzalandırılıb;
Hökumət Bakı ermənilərini bəh-bəhlə ölkəyə dəvət edib, onlara xüsusi qayğı, filmlər həsr etdiyi halda, vətənin müdafiəsi uğrunda minlərlə şəhid verən, sıralarında Milli Qəhrəman yetirən təşkilata – Xalq Cəbhəsinə düşmən münasibəti göstərirsə, bu anti-xalq siyasəti deyilsə, bəs nədir?

***

İlham Əliyev isə bütün bu arqumentlərin qarşılığında deyir ki, biz dünyaya örnək dövlətik! Kim inanar, hansı dövrdür? Yoldaş Əliyev insanları, xüsusən dünyanın gəliş-gedişindən xəbərdar olanları parlaq olmayan çıxışı ilə inandırmaq qüdrətini görəsən nəyə əsasən özündə hiss edir? Birilərinə elə gələ bilər ki, Əli Kərimlinin sadaladığı problemlər cəbhəçilərə aiddir, onun geniş kütləyə dəxli yoxdur. Lakin bu belədirmi?
Əvvəlcə sual verməliyik, cəbhəçilər niyə belə kobud, inzibati repressiyaya tuş gəlməlidilər? Onlar bəyəm hansısa qeyri-qanuni, dağıdıcı, ölkəni məhv etməyi hədəfləyən bir zümrədilər? Xeyr, əksinə, cəbhəçilər cəmiyyətin siyasi şüur cəhətcə ən inkişaf etmiş təbəqəsini təşkil edir, bu adamların məqsəd və məramları tam qanunidir. Onların fəaliyyətləri birbaşa ölkədəki zülm və talançılığa qarşıdır, bütün varlıqları ilə Azərbaycanda qanunun, ədalətin hökm etməsi üçün çalışırlar. Bu cür insanları əzmək, onları çörəyə möhtac qoymaq isə dünyanın heç bir küncündəki mədəniyyət anlayışı ilə üst-üstə düşmür. Üstəlik, xalqımızın cəbhəçi olmayan kəsimi də axı xoşbəxtlik çələnglərinə qərq olmayıb. Bizim ölkədə, hətta “yapçılar da ağlayır”.

***

İlham Əliyevin açılış nitqində yüz faiz haqq verdiyim bir cümlə də var. Deyir ki, “savadsızlıq, yoxsulluq, sosial qeyri-bərabərlik və ədalətsizlik radikalizmin əsas mənbəyidir .
Elə bu fikirdən çıxış edib demək olar ki, ölkədə radikalizmi körükləyən ən ciddi faktor Əliyev rejimindən başqa biri deyil. Əliyev ha desin ki, Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır, biz ki bilirik, 21-ci əsrdə hələ hərf tanımaq savadlılıq səviyyəsini ölçmək üçün əhəmiyyətli şkala deyil. Üstəlik, bu rəqəm özü də şübhəlidir. Əlimizdə konkret videolar var ki, Azərbaycanda, hətta elə vəzifəli şəxslər var, mətni üzündən oxumağa çətinlik çəkirlər. Yüz faiz savadlılıq hökm sürən ölkənin vətəndaşları elementar tibbi yardım üçün qonşu ölkələrə axışmaz. 100 faiz savadlılıq varsa, o zaman rejim əziyyət çəkib baş ideoloqu Ramiz Mehdiyevə təkzib verdirsin. Axı bu sitatın müəllifi odur: “Açıq etiraf etmək lazımdır ki, həm Prezident Administrasiyası, həm nazirliklər, həm də yerli hakimiyyət strukturları bu gün ciddi kadr böhranı problemi ilə üzləşiblər. Biz hamımız müasir idarəetmənin incəliklərinə bələd olan hazırlıqlı kadrlara ehtiyac duyuruq və etiraf etməliyik ki, yüksək tələblərə uyğun kadr tapmaqda çətinlik çəkirik”. Bu sitat Ramiz Mehydiyevin Dövlət İdarəçilik Akademiyasındakı çıxışındandır (27 oktyabr, 2014).
Sosial qeyri-bərabərliyə gəlincə, bu ki lap bizdə göz çıxaran haldı. Rüşvətsiz həyat yaşayan fəhlənin, müəllimin, həkimin, zəhmətkeş kəndlinin də dolanışığına, həyat tərzinə nəzər salaq, adi “JEK” müdirinin də. Təkcə Azərbaycan nazirliklərinin qarşısında işçilərin avtomobillərinin qiymətini hesablasaq, regionların iqtisadi inkişafına ayrılan puldan çox edər. Təbəqələşmə, qudurğanlıq, harınlıq məhz bu “dialoq və mədəniyyət” həvəskarı olan cənabların vaxtında öz intibah dövrünü yaşamaqdadır.

***

Bəs ədalətsizlik?
Hüquqi dövlətdə ədalətin yerini müəyyən edən məhkəmələrdir. Bizdə isə hər məhkəmədən sonra dillər əzbərinə dönən deyim yaranıb: Femidanı (ədalət ilahəsi) yenə zorladılar!
Mədəniyyət humanist xarakterə malikdir. Mədəniyyətdən danışan, onun vacibliyini vurğulayanlar öz xalqına qarşı barbarlıq edirsə, humanizmi unudubsa, onda ən qiymətli məruzələr, forumlar da məzmununu itirmiş olur.
Bütün bunları yekunlaşdıraraq, açıq demək lazımdır, Bakıya, Azərbaycana dialoq, mədəniyyətlərarası forum lazımdı. Özü də həmişəkindən daha çox. Amma doğruçu! Yoxsa, İlham Əliyev təsvir elədiyi kimi, ölkə radikalizm və ədalətsizliyin girdabında çox dərinliyə qədər batıb gedər.
Əliyevin çıxışında diqqətçəkən başqa xüsusatlara növbəti yazımızda toxanacağıq.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button