2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

İlham Əliyev yenə çətin seçim qarşısında qalıb

Azərbaycanda köklü dəyişiklik vaxtı çatmış ideyadır; Rejim nəticə etibarilə istənilən halda məğlub olacaq…

AXCP sədri Əli Kərimli

Saytların yığılması Saytlarin yigilmasi

Seçkinin təşviqat mərhələsi başa çatdı. İndidən deyə bilərik ki, rejim başbilənlərinin hesablamalarının əksinə olaraq növbədənkənar parlament seçkiləri rejimi gücləndirmədi, əksinə daha da zəiflətdi. Düzdür, rejim məmnun ola bilər ki, seçkidə iştirak edənlər bu kampaniyada hakimiyyət dəyişikliyi mövzusunu heç gündəmə belə gətirmədilər. Ümumiyyətlə, bu seçkilərə hakimiyyət dəyişikliyi vasitsəsi kimi baxılmadı. Rejimə qarşı ölkəboyu və vahid mərkəzdən idarə olunan kampaniya (məsələn, 2005-ci il parlament seçkilərində “Azadlıq” blokunun apardığı kampaniyaya bənzər) aparılmadı. 125 seçki dairəsinin yalnız 10-a qədərində müxalif və müstəqil mövqeli namizədlər ciddi kampaniya apardı.

Uzun müddət ərzində, biz hər dəfə xalqı kütləvi dinc mübarizəyə çağıranda, hər mitinq ərəfəsində fədakarlıqlar bahasına aparılan mübarizəyə qulp qoyub seçki vasitəsilə ölkədə köklü dəyişikliyə nail olacağını vəd edənlər bütün seçki kampaniyası boyu ölkədə köklü dəyişiklikdən, rejim dəyişikliyindən danışmadılar, İlham Əliyevi heç hədəf seçmədilər. Və hamıya məlum oldu ki, rejimin tam nəzarətində olan belə seçkilərdən nəinki biri, heç onu da rejim dəyişikliyinə gətirib çıxarmaz.

Ancaq yenə də təşviqat mərhələsində rejim qalib ola bilmədi. Əvvəla, xalqın böyük əksəriyyəti Milli Şura ilə birlikdə bu seçkini boykot etmək niyyətindədir. 10 minlərlə insanın iştirakı ilə keçirilən sorğular da bunu göstərir. Ona görə də vətəndaşların çoxu seçki təşviqatı mərhələsini də boykot etdi. Seçki təşviqatı çox az adamı əhatə etdi. Seçicilərlə görüşlərin əksəriyyəti azsaylı adamlarla, yarıboş zallarda keçirildi. İkincisi, xalqın seçki prosesinə qoşulmuş kiçik bir hissəsi də prosesi rejimə qarşı çevirə bildi. Xüsusilə bölgələrdə İlham Əliyevin fəal təbliğatçıları kimi tanınan deputatlar və deputatlığa namizədlər xalq tərəfindən qovuldu.
Rejim çox pərtdi. Xalqın rejim təbliğatçılarını görməyə gözü yox imiş. Regionlardan hələ qovulmamış hökumətyönümlü deputatlar indi çox sevinirlər ki, seçki təşviqatı müddəti başa çatdı. Təşviqat müddəti daha 10-15 gün də davam etsəydi, onların hamısı rayonlardan qovulacaqdı.

İlham Əliyev yenə çətin seçim qarşısında qalıb. İnadkarlıq edib xalqın rayonlardan qovduğu, rüsvay edilmiş şəxsləri yenidən deputat təyin etdirsə, həmin “qovulan deputatlara” olan nifrət bütövlükdə rejimə qarşı yönələcək. Yox, əgər xalqın mövqeyini nəzərə alsa və “qovulmuş deputatların” məğlubiyyətilə barışsa, onda da ətrafında mərkəzdənqaçma prosesi başlayacaq. Ətrafında olanlar başa düşəcək ki, rejim çox zəifləyib və artıq onları qorumaq iqtidarında deyil. Bu rejimi müdafiə edib, xalqın nifrət obyektinə çevrilməyə dəyməz. Xalq isə əldə etdiyi kiçik qələbədən ruhlanıb, siyasi proseslərə daha aktiv şəkildə müdaxilə edəcək. Rejim üçün çətin seçimdir. Ancaq nəticə etibarı ilə hər iki seçim sonda onsuz da rejimin məğlubiyyətinə aparacaq.

Vaxtı çatmış ideyaların qarşısını heç kim, heç bir qüvvə ala bilməz. Son günlərdə ölkənin regionlarında baş verənlər bir daha göstərdi ki, Azərbaycanda da köklü dəyişiklik, rejim dəyişikliyi vaxtı çatmış ideyadır. Ona görə də düzgün olar ki, rejim risk edib, xalqı qəzəbləndirməsin. Xalqın nifrət etdiyi yaltaq və korrupsionerləri zorla deputat təyin etməsin. Onsuz da gedəcəksiz, bir az üzüsulu getmək imkanı varkən niyə o imkanı dəyərləndirməyəsiniz?

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button