2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmXəbərlər

İlham Əliyevdən İrana mesaj: “Araz çayının kənarında deyirəm, bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq”

Prezident İlham Əliyev Azərbaycanın “güya öz ərazisinə İsraili gətirdiyi” barədə İran tərəfinin “əsassız ittihamlarını” Bakının qəbul etmədiyini bildirib.

“Bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq”, Prezidenti Əliyev Cəbrayıl rayonuna səfəri zamanı söyləyib.

“Biz xoş niyyət göstəririk. Amma o demək deyil ki, biz özümüzə qarşı əsassız ittihamları qəbul edəcəyik. Mən bunu burada – Cəbrayılda, bax, burada Araz çayının kənarında deyirəm, Azərbaycan xalqına və bütün dünyaya, bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq”, – İlham Əliyev deyib.

Saytların yığılması Saytlarin yigilmasi

“Biz bu ittihamları rədd edirik, qəbul etmirik və sübutlar tələb edirik”, – Azərbaycan Prezidenti vurğulayıb.

Onun sözlərinə görə, bu yaxınlarda “İranın hansısa əyalət mollası ağzını açıb Azərbaycana qarşı iftiralar uyduranda”, Bakı buna fikir verməyib.

“Amma sonra, əfsuslar olsun ki, rəsmi şəxslər bizə qarşı əsassız ittihamlar irəli sürməyə başlamışlar. Guya ki, Azərbaycan bu bölgələrə İsraili gətirib. Gözlərini açsınlar, görsünlər. Bunlar İsraili burada harada görüblər?! Burada bir adam da yaşamır. Burada bir bina da yoxdur. Sübutlar var? Yoxdur. Sübutlar yoxdursa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın. Biz imkan verə bilmərik ki, bizə qarşı kimsə əsassız iftira uydursun”, – İlham Əliyev söyləyib.

Xameneyinin tvitləri

Əliyevin çıxışından bir gün əvvəl İranın Ali Rəhbəri Əli Xameneyi özünün Twitter səhifəsində Bakının öz ünvünına qəbul edə biləcyi bir neçə paylaşım edib.

“Ölkənin təhlükəsizliyi tərəqqiyə yönəlmiş bütün fəaliyyət növlərinin əsasıdır. Təhlükəsizliyini başqalarına güvənərək təmin edə biləcəyini düşünənlər, bilməlidilər ki, təhlükəsizliklərini xaricilərə etibar etdikləri üçün tezliklə zərbə alacaqlar”, bu tvit Xameneyinin səhifəsində ingiliscə yazılıb.

Aşağıdakı iki paylaşım isə Azərbaycan dilində edilib və kimə ünvanladığına şübhə etməyə yer qalmayıb:

“İranın şimal-qərbinə aid problemlərdə İran silahlı qüvvələri ağılla birgə qüdrətlə addım atır. Yaxşı olar ki, başqaları da ağılla hərəkət edib, region üçün problem yaranmasına imkan verməyələr. Öz qardaşlarına quyu qazanlar öncə özləri quyuya düşür.”

“İranın şimal-qərb qonşularının problemləri qonşu xalqlara güvənc və onların ordularının həmkarlığı ilə, biganə orduların hərbi hüzuru olmadan həll edilməlidir”, Xamenetinin Tvitterdəki hesabında yazılıb.

İranın Azərbaycan və Ermənistanla sərhədində təlim

Azərbaycan İrana “təmkinlə və soyuqqanlı” cavab verib

Azərbaycan və İran arasında günlərdir davam edən gərginlikdən sonra, bu gün, Azərbaycan hökuməti İrana “təmkinli, ciddi və soyuqqanlı” cavab verib.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva tərəfindən verilən, İran XİN-ə cavab kimi görülən bəyanatda deyilir ki, “iki ölkə xalqları arasında münasibətlər ən yüksək səviyyədədir. Azərbaycan və İran arasında əlaqələr möhkəm tarixi bağlar, dostluq və əməkdaşlıq üzərində qurulub”.

Bundan öncə, ötən şənbə günü, İranın xarici işlər naziri Hüseyin Əmir Abdullahian İRİB1 kanalına verdiyi müsahibəsində deyib ki, Qarabağın işğaldan azad edilməsi zamanı “terror hərəkatlarının bir hissəsinin bölgədən bu kritik bölgəyə köçürülməsi kimi xoşagəlməz hadisələr baş verib”.

“Sionist rejim fürsətdən maksimum istifadə etməyə çalışdı və bu terrorçu qrupların İran sərhədlərinə yaxınlaşmaqda uğursuz cəhdləri zamanı sionistlər Azərbaycanın bəzi bölgələrində iştirak edirdilər”, -İranın İSNA agentliyi Hüseyin Əmir Abdullahiana istinadən yazır.

Azərbaycan XİN İranın Azərbaycanla sərhəddə “üçüncü tərəfin qüvvələrinin olması” iddiasına etiraz edib. Qurumun sözçüsü Leyla Abdullayeva bildirib ki, onlar İran sərhədi yaxınlığında hər hansı üçüncü qüvvələrin olması, bu qüvvələrin “təhrikedici cəhdləri ilə bağlı” iddiaları qəbul etmirlər, çünki bu fikirlərin “heç bir əsası” yoxdur.

“Təmkinli”

İki ölkə arasında münasibətlər Azərbaycanın Ermənistanın Gorus-Qafan yolunun onun ərazisindən keçən hissəsinə öz nəzarətini bərpa etməsindən, İran mənşəli yük maşınlarının sürücülərinə gömrük rüsumu tətbiq etməsindən sonra gərginləşib.

Bu gərginliyi İranın Azərbaycanla sərhədində “bu bölgədə döyüş hazırlığını artırması məqsədi ilə” ötən həftənin sonu başladığı hərbi təlimlər bir az da artırıb.

XİN sözçüsü Leyla Abdullayeva bildirib ki, qonşu dövlətlərlə dostluq və mehriban qonşuluq münasibətlərinin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin “əsas prioritet məsələlərindəndir” və bu istiqamətdə “davamlı addımlar atılmaqdadır”.

Siyasi şərhçi Şahin Cəfərli Azərbaycanın İrana verdiyi son cavabı “təmkinli, ciddi və soyuqqanlı” sayır.

Ancaq o deyir ki, İkinci Qarabağ müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar Azərbaycanın xarici dövlətlərlə münasibətindəki balans siyasətini dəyişməyə vadar edib.

“Azərbaycan XİN-in bu günki şərhi onu vurğulayır ki, işğal dövründə biz İrandan bu kimi bəyanatlar eşitmirdik. Başqa bir qınaq isə odur ki, vaxti ilə işğal zamanı həmin ərazilərdə islam tarixi və irs silinib, amma o zaman İran reaksiya verməyib, indi isə bu ölkənin rəsmiləri Azərbaycanı qınayan bəyanatlar səsləndirirlər”, Şahin Cəfərli deyir.

Onun fikrincə, tərəflər toqquşmaların yaranmasında maraqlı deyil. Həm İran, həm də Azərbaycan hansısa şəkildə bu problemi yoluna qoyacaq, ya da gərginliyi təxirə salacaqlar.

“İlham Əliyevin uzun illərdir siyasəti güc mərkəzləri ilə, xüsusən də region ölkələri ilə münasibətlərin isti qalması üzrə olub. İndi müharibədən sonra bu istiqamətdə müəyyən dəyişiklik müşahidə olunur. Azərbaycanın yürütdüyü balans siyasətində müəyyən dəyişikliklər müşahidə edirik, bu da müharibənin yaratdığı yeni reallıqlardan irəli gəlir. Azərbaycan istəmədən də olsa, bu balans siyasətinə korrektələr etməli oldu. Bu yeni amillər də bölgədə, Azərbaycanda Türkiyənin mövqeyini daha da gücləndirdi, eyni zamanda İsrailin də Azərbaycanda təsiri artmaqdadır və bu dəyişikliklər İranı ciddi narahat edir. Hazırkı gərginliyin əsas səbəbi budur”,- Şahin Cərəfli deyib.

Təhlilçi deyir ki, İranla Azərbaycan arasında heç vaxt “yaxşı münasibətlər” olmayıb və son gərginlik də müstəqillikdən bəri olan münasibətlərin ruhuna uyğundur:

“İranla Azərbaycan arasında etimadsızlıq həmişə olub, son hadisələr bunu daha da dərinləşdirəcək, amma münasibətlərdə ciddi yaxşılaşma olmayacaq”.

“Sionist elementlər”

İran XİN başçısı Abdullahian bildirib ki, İran Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasını hər zaman dəstəkləsə də, “sərhədləri yaxınlığında saxta sionist rejim elementlərinin olmasına heç vaxt dözməyəcək”.

Cənab Abdullahian deyib ki, İran “Azərbaycan hökumətinin vəziyyətini anlayır” və bu ölkəyə bəzi xarici müdaxilələr İran üçün “olduqca aydındır”.

“Bir-biri ilə bağlı olan sionistlərin və terrorçuların olması və bu məsələ bizi çox narahat edib, çünki bu, çox uzaq olmayan gələcəkdə Azərbaycan hökuməti üçün problemlər yarada bilər”.

İranın XİN rəsmisi bildirib ki, İran mesajlarını iki ölkə arasındakı diplomatik kanallarla göndərib və “nikbindir”.

Bundan əvvəl isə İranın Ali dini lideri Ayətullah Əli Xameneyi İran Silahlı Qüvvələrinin akademiyalarında təhsil alan kursantların buraxılış mərasimində xarici orduların bölgəyə girməsinə “icazə verilməməsinin zəruriliyindən” danışıb.

“İranın şimal-qərb qonşuları ilə bağlı məsələlər millətlərə güvənməklə, qonşu ölkələrin ordularının əməkdaşlığı ilə və hər hansı bir xarici hərbi qüvvənin varlığından qaçmaqla ağıllı şəkildə həll edilməlidir”, – Ayətullah Əli Xameneyi deyib.

O deyib ki, ölkəsi və İranın silahlı qüvvələri “ağlabatan şəkildə hərəkət edir”.

Azərbaycan Xarici İşlər Nazirliyi ölkədə “terrorrçu ünsürlərin” olması barədə iddiaları rədd edib.

“Ümumiyyətlə, Azərbaycan ərazisində nə dövlətimizə, nə də qonşu ölkələrə təhdid doğura biləcək hər hansı qüvvələrin, o cümlədən terrorçu ünsürlərin mövcudluğu müzakirə mövzusu belə ola bilməz. Əfsuslar olsun ki, hələ 44 günlük Vətən müharibəsi zamanı bəzi tərəflər tamamilə əsassız şəkildə bu kimi iddiaları səsləndirirdi. O zaman da bəyan etmişdik, indi də təkrar edirik ki, bu kimi iddiaların heç bir əsası yoxdur və bu günədək Azərbaycan tərəfinə bu xüsusda heç bir dəlil təqdim edilməyib”, – deyə XİN sözçüsü Leyla Abdullayeva açıqlayıb.

O, Azərbaycanın İranla sərhədinin 130 kilometrdən çox hissəsinin uzun illər “Ermənistanın işğalı altında olduğunu” və bu illər ərzində İranın bununla bağlı “indiki kimi qəti reaksiyasını” eşitmədiyinə görə “təəssüfləndiyini” deyib.

Leyla Abdullayeva “kənar qüvvələrin Azərbaycana müdaxiləsi” barədə söyləyib ki, “Azərbaycan hər zaman milli maraqlarına əsaslanan müstəqil xarici siyasət həyata keçirib”.

O qeyd edib ki, qonşu dövlətlərlə dostluq və mehriban qonşuluq münasibətlərinin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin “əsas prioritet məsələlərindəndir” və bu istiqamətdə “davamlı addımlar atılmaqdadır”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button