2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

İlkin Süleymanov: “Məhkəmədə hakimlərə işgəncə izlərini göstərdim”

“Anlayırdım ki, onların əlindəyəm, qaytarandan sonra daha ağır işgəncə verə bilərlər”

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə, meyiti isə yandırmaqda ittiham olunan İlkin Süleymanovun dindirməsi davam etdirilib. Mayın 25-də Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə iclasında İlkin Süleymanov sualları cavablandırarkən deyib ki, bu cinayətin ona aidiyyəti yoxdur, işgəncə altında üzərinə götürməyə məcbur olub.

Saytların yığılması Saytlarin yigilmasi

İlkin Süleymanov uşaq itkin düşən gün harada olması haqda sualı cavablandırarkən bildirib ki, həmin gecə bacısı İlhamə Süleymanovanın evində qalıb:

“Ondan bir gün əvvəl – noyabrın 20-də də orada qalmışdım. Atam oktyabrda insult olmuşdu, axşamlar bacım gəlib yanında qalırdı. Mən də onun həyətində toyuq-cücəsi, təsərrüfatı var deyə, axşamlar ora gedib, yerbəyer eləyirdim. Noyabrın 20-də Şərif Quliyevin (Nərminin atası) qardaşı Arifin qızının toyu olmuşdu. Arifgil bacımla qonşudur, onu da toya çağırmışdılar. Bacım toydan gec gəldi. O, saat 11 radələrində gələndə mən getdim. Noyabrın 21-də isə axşam saat 7 radələrində getdim. Səhərlər də saat 10 radələrində çıxıb gəlirdim. Noyabrın 22-də İlhamə Bakıya – oğlunun ailəsinin yanına getdi, 9-10 gün orada qaldı. Ona görə valideynlərimin yanında özüm qalırdım o müddətdə. Axşamüstü gedib toyuq-cücəni yerinə salırdım, evə baxıb gəlirdim”.

İlkin Süleymanov bildirib ki, uşaq itkin düşdüyü gecə bacısıgildə qaldığını ertəsi gün oradan qayıdan qonşular da görüb. Onun sözlərinə görə, bacısıgildən çıxanda görüb ki, Nərminin əmilərigilin (Arif və Lətif Quliyev qardaşları bir-birinə yaxın yaşayır-red.) qapısında xeyli polis var: “Xatırlayıram ki, kənddəki çoban Maarif də orada idi. Həmin vaxt gələndə yolda kənd sakinləri İmran Dəmirov və Aqil Abdullayevin qarşısından keçdim”.

Təqsirləndirilən şəxs həyətlərində olan, uşağın 47 gün saxlandığı iddia olunan ev haqda da danışıb. O bildirib ki, dekabr ayında atası nisbətən sağalandan sonra uşağın saxlandığı otaqda olub:

“Bizdə üçfazalı dəzgah var, ora gələn faza həmin otaqdan qoşulur. Atam özünə gələndən sonra çıxıb onu qoşub, dəzgahı işlədirdi”.

Cinayət işinin materiallarında İlkin Süleymanovun 2020-ci il yanvarın 10-da tutulduğu yazılıb. Lakin o bildirib ki, yanvarın 6-da saxlayıblar, 4 gün Tovuz Rayon Polis Şöbəsində fiziki və psixoloji təzyiqlərə məruz qalıb. Onun sözlərinə görə, telefonunu da yanvarın 6-da onu saxlayan kimi dərhal alıblar.

Təqsirləndirilən şəxs bildirib ki, polis şöbəsində dindirmə zamanı onun yanında vəkil olmayıb. Dövlət hesabına təyin edilən vəkil sonradan gəlib, sənədlərə imza atmaqla işini bitmiş sayıb:

“Mən vəkili dindirmə yekunlaşandan sonra görmüşəm. Mən etiraf ifadəsini imzalayandan sonra protokollar vəkilə verildi, o da imzaladı. Birinci işgəncədən sonra məni zirzəmiyə gətirdilər. Müstəntiq Nadir Mirzəyev ora gəldi, soruşdu ki, nəsə demək istəyirsən? Ona dedim ki, mən bu işi eləməmişəm axı. Müstəntiqə bildirdim ki, məni burada möhkəm incidirlər. Heç nə demədi, getdi. Müstəntiq gedəndən sonra Tovuzun prokuroru Elçin Qəhrəmanov və polis rəisinin müavini Şahlar Cəfərov gəldi. Yanvarın 9-dan 10-na keçən gecə mənə dözülməz işgəncələr verdilər. Onda gördüm ki, başqa yol yoxdur, üzərimə götürməliyəm”.

İlkin Süleymanov deyir ki, onu dindirəndə və digər proseslərdə iştirak edənlər arasında yüksək vəzifəli şəxslər – Baş Prokurorluğun idarə rəisi Kamal Qılıcov, Daxili İşlər Nazirliyinin idarə rəisi Arzu Daşdəmirov, istintaq qrupunun rəhbəri Həsən Hənifəyev və digərləri də iştirak edirdi:

“Mən tələb olunan ifadəni verməyə razılaşandan sonra dindirmə polis rəisinin müavini Şahlar Cəfərovun otağında oldu. Özü də orada idi. Bəzən suallara cavab verə bilmirdim, çətinlik çəkirdim. Şahlar Cəfərov əlindəki su butılkasını başıma çırpdı onda. Polis rəisi Şirzad Əsgərov yumruğunu düyünləyib üstümə gələndə Qılıcov qoymadı”.

Vəkillər İlkin Süleymanova bildiriblər ki, iş materiallarında yanvar ayında onun 4 dindirməsi var – ikisi şahid, biri şübhəli şəxs, biri isə təqsirləndirilən şəxs qismində. İlkin Süleymanov bildirib ki, onu ilk dəfə yanvarın 8-də şahid qismində dindiriblər. Onda da deyib ki, uşağın oğurlanmasından da, öldürülməsindən də xəbəri yoxdur:

“Yanvarın 9-da dözülməz işgəncəyə məruz qalandan sonra istənilən ifadəni verməyə razılaşdım. Bir də ayın 10-da səhər tezdən dindirilmişəm. Başqa dindirmə olmayıb. Amma mənə imzalamaq üçün çoxlu sənədlər gətirmişdilər. Onları oxumadan imzalamışam”.

İlkin Süleymanov etiraf ifadəsindən sonra evlərinə gətirilib, hadisə yerində videoçəkiliş aparılıb. O deyir ki, evlərinə gələndə ailə üzvlərindən heç kimi görməyib:

“İnandığım yaxın adamlardan kimisə görsəydim, bəlkə ürəklənib deyərdim ki, mənim başıma bu oyunları açıblar. Bəlkə də deməzdim. Çünki anlayırdım ki, onların əlindəyəm, qaytarandan sonra daha ağır işgəncə verə bilərlər. Mən polis şöbəsində olanda ekspert-həkim gəlmişdi. Soruşdu ki, sənə nə olub? Demədim. Mənə işgəncə verilən qurumda idim, necə deyəydim? Onu fikirləşirdim ki, nə olursa olsun, buradan uzaqlaşım. Ekspertə desəydim, sonra məni daha pis vəziyyətə qoya bilərdilər. Yəni başıma gələnlərin daha pis formada təkrarlana biləcəyindən ehtiyatlanırdım. Həbs qərarı üçün məhkəməyə aparanda da orada polis rəisi Şirzad Əsgərov başımın üstündə idi. Məhkəmənin qarşısında da tanış heç kimi görmədim. Ona görə qorxudan həqiqəti demədim. Amma apelyasiya məhkəməsində hamısını danışdım, üstümdəki xəsarət izlərini də göstərdim”.

Hakim zərərçəkmişin hüquqi varisi – azyaşlı Nərminin atası Şərif Quliyevdən təqsirləndirilən şəxsə veriləcək sualı olub-olmadığını soruşub. O, heç bir sualı olmadığını bildirib.

Məhkəmə prosesi iyunun 1-də əlavə şahidlərin dindirilməsilə davam edəcək.

1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə ittiham olunur.

1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə ittiham olunur.

İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib.

İlkin Süleymanov isə azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub.

Baş Prokurorluq isə işgəncə iddialarını təkzib edib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button