Loading...
Loading...
SEÇMƏ

İlkin Süleymanovun kamera yoldaşı: “Onun bu cinayətə aidiyyəti yoxdur…”

İyunun 1-də Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə iclasında əvvəlcə Eyvaz Əliyev dindirilib. Oğuzda Meşə İdarəsinin rəhbəri işləmiş Eyvaz Əliyev bildirib ki, 2020-ci ilin martında rüşvət və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ittihamlarıyla həbs olunub. Martın 13-də Bakı İstintaq Təcridxanasında İlkin Süleymanovun saxlandığı kameraya köçürülüb.

İlkin Süleymanovu ondan əvvəl televizorda görmüşdüm. Körpə uşağın ölümünə görə ona qarşı acıqlı idim. Kameraya gedib görəndə də Rəvana dedim ki, bununla niyə çörək yeyirsiz? Rəvan oğlu Uğurun canına and içdi ki, bu adamın o uşağın oğurlanıb öldürülməsinə aidiyyəti yoxdur. Sonradan mən özüm də 2 ay yarım o adamla eyni kamerada qaldım, əmin oldum ki, doğrudan da İlkin günahsızdır. Mənim nəslimin yarısı Xocalıda qırılıb, üç uşağım ölüb. Əgər İlkinin o uşağın ölümünə azacıq aidiyyəti olsaydı, mən onunla çörək kəsməzdim. Cənab prokuror, sən də əmin ol ki, İlkin təqsirsizdir”, – şahid qismində dindirilən Eyvaz Əliyev bildirib.

Onun sözlərinə görə, Bakı İstintaq Təcridxanasında çağırılıb, İlkin Süleymanovun əleyhinə ifadə vermək təklif olunub. Lakin o, razılaşmayıb: “Dedim ki, atamı söydürə bilmərəm”.

Eyvaz Əliyev ondan əvvəl həmin kamerada qalmış, İlkin Süleymanovun əleyhinə ifadə vermiş Baxşəli adlı şəxsdən də danışıb. Bildirib ki, o, əxlaqsız yuva saxlama ittihamıyla cinayət məsuliyyətinə cəlb olunmuşdu və təcridxanada kimsə ona hörmət eləmirdi:

“Baxşəli adam arasına çıxası biri deyildi. Cəza almışdı, amma cəzaçəkmə müəssisəsinə köçürülmürdü, qorxurdu”.

Eyvaz Əliyev vurğulayıb ki, İlkin Süleymanova görə həmin kamera xüsusi nəzarətdə saxlanılır, onları gəzintiyə buraxmır, kameraya qızdırıcı, çaydan belə vermirdilər:

“Mən mart ayında getmişəm, ona görə özüm görməmişəm. Amma Rəvan və Raqif danışırdı ki, İlkini döyüb elə günə qoymuşdular əl-ayağı uzun müddət işləmirdi. Rəvan danışırdı ki, deyilənə görə, uşaq sağdı, Gürcüstana aparılıb orqanlarına görə…”

Rəvan da sonradan İlkin Süleymanovun əleyhinə ifadə verib. Eyvaz Əliyev deyir ki, təcridxanada Rauf adlı vəzifəli şəxs Rəvanın həyat yoldaşının qohumu idi:

“Ona pul verirdi…”

Eyvaz Əliyev ifadəsində onu da bildirib ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmüylə rüşvət ittihamıyla bəraət alıb, vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə görə isə həbsdə saxlandığı müddət yetərli hesab edilib və azadlığa buraxılıb.

İlkin Süleymanovla eyni kamerada saxlanmış Raqif Mirzəyev də məhkəmədə dindirilib. O bildirib ki, 2020-ci ilin yanvarında İlkin Süleymanovun saxlandığı kameraya göndərilib:

“Ora göndərəndə mənə dedilər ki, qorxma, İlkin günahsızdır. Tapşırdılar ki, İlkindən heç nə soruşmayın. İlkin pis vəziyyətdə idi, onu zorla qaldırırdıq. Ayaqlarının altı gömgöy idi. Bərk döyülmüşdü. Elə işgəncə verilmişdi ki, deməyə ehtiyac yox idi, gözümüzlə görürdük. İlkin bir müddət heç kimə heç nə demirdi, özünə qapanmışdı. Ona yaxın gedən hər kəsdən qorxurdu. Bizim kamera 4 nəfərlik idi, amma 5 nəfər qalırdı. Bir nəfər də nəzarətçi var idi. Gündüz bir nəzarətçi olurdu, gecə başqası. Kameranı bir dəqiqə boş buraxmırdılar. Fevral ayında gündüz nəzarətçi ləğv olundu, gecələr qalırdı. Martda gecələr də olmadı. İlkinə görə bizim kameraya çox nəzarət olunurdu, adi qızdırıcı, çaynik də verilmirdi. Bezmişdim, kameranı dəyişmək istəyirdim”.

Gözdən qaçırmayın:  Rasim Balayev : “Əkrəm Əylislini bədbəxt elədilər”

Raqif Mirzəyev onu da əlavə edib ki, İlkin Süleymanov sonradan kamera yoldaşlarıyla ünsiyyət qurub və onlarla söhbət zamanı bu cinayətə heç bir aidiyyəti olmadığını bildirib:

“Deyirdi ki, mənim vicdanım təmizdir. İstədiyim budur ki, haqq-ədalət öz yerini tapsın…”

Raqif Mirzəyevin dindirməsi iyunun 2-də davam edəcək.

1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə ittiham olunur.

İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib.

İlkin Süleymanov isə azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub.

İlkin Süleymanov isə azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub.

Baş Prokurorluq isə işgəncə iddialarını təkzib edib.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button