Siyasət

İlqar Məmmədovun xanımı AŞPA-da çıxış edib

Strasburqda AŞPA-nın yaz sessiyası ilə paralel olaraq Avropa Şurasının qərargah-mənzilində “Azərbaycan: cəzasızlıq fonunda repressiyalar” mövzusunda müzakirələr aparılıb.

Paralel müzakirələr aprelin 27-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ), Article 19 və International media support beynəlxalq ifadə və mətbuat azadlığını müdafiə təşkilatlarının təşkilatçılığı, keçmiş AŞPA prezidenti Ann Brasserin və Assambleyanın socialist qrupunun vitse-prezidenti İv Kruştenin iştirakı və dəstəyi ilə keçirilib.

24saat.org Turan İnformasiya Agentliyinə istinadən xəbər verir ki,RATİ-nin icraçı direktoru Emin Hüseynov, Meydan TV-nin rəhbəri Emin Milli və 4 ildən çoxdur həbs cəzası çəkən ReAl hərəkatının lideri İlqar Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova məruzə ilə çıxış ediblər.

Çıxışlarda Azərbaycanın vətəndaş cəmiyyəti və KİV-ləri yeni repressiyalar dalğası ilə üzləşdiyi vurğulanıb.

“Onsuz da zəif olan demokratiya mühiti Konstitusiyaya düzəlişlərin qəbul edilməsindən və Azərbaycan prezidentinin həyat yoldaşının vitse-prezident təyin olunmasından sonra daha da pisləşib.Bir sıra məhdudlaşdırıcı qanunlar qəbul edilib, rejimin onlarla tənqidçisi susdurulmaq məqsədilə həbsxanalara salınıb.” – məruzələrdə səsləndirilib.

İlqar Məmmədovun xanımı qeyd edib ki, həyat yoldaşı Avropa Şurasının bütün qurumları – Avropa Məhkəməsi, AŞPA, Nazirlər Komitəsi tərəfindən siyasi məhbus kimi tanınsa da, o, artıq 4 il 3 aydır həbsdə qalıb.

“Mənim buraya səfərimin məqsədi bundan ibarətdir ki, Avropa demokratiyasının beşiyində bu məsələ ilə bağlı belə bir həmrəylik olduğu halda, həyat yoldaşımın niyə hələ də məhbəsdə olduğunu öyrənim”,V. Məmmədova bildirib.

V.Məmmədova əlavə edib ki, həyat yoldaşı respublikaçıdır. “O, Azərbaycanda hakimiyyətin bir ailənin əlində cəmlənməsinə etiraz edən bir hərəkatın başına keçdi. Sonra onu həbsə atdılar. Bundan sonra ölkədəki qanunlar daha da monarxiyalaşdı”

“İlqarı həbs edənlər bu dörd il ərzində öz məqsədlərini aşkar göstərdilər. Parlament Assambleyası isə bu dörd il ərzində kollektiv ağıl, tədbir nümayiş etdirmək gücündə olmadı? Bunun niyəsini anlamaq istəyərdim. Bu dörd il ərzində bizim evimizə gəlib-gedən daha nə qədər insanın da başı bəlalar çəkdi. Rəsul Cəfərov ilyarım həbs yatdı. Natiq Cəfərli bir ay həbs cəzası aldı. Digər respublikaçı fəallar həftələrlə ev dustaqlığında qaldılar. Azər Qasımlının ölkədən çıxışı qadağan olunub. Evimizə qonaq gələnlərdən daha neçəsi ölkəni tərk etmək məcburiyyətində qaldı”, deyə o qeyd edib.

Vəfa Məmmədovanın sözlərinə görə,İ.Məmmədovun vəkilləri də ziyan çəkib. Xalid Bağırov Vəkillər Kollegiyasından çıxarılıb, Fuad Ağayev cərimə olunub.

“Onlar çox cəsur insanlardır. Hakimiyyətin onlara olan qəzəbinə baxmayaraq, İlqarı həm cəmiyyətdə, həm də Avropa Məhkəməsində müdafiə etməkdə davam edirlər”, deyə Məmmədova vurğulayıb.

O, Azərbaycanda siyasi məhbuslar problemini, o cümlədən İlqar Məmmədov haqqında məsələni yumşaltmaları ilə əlaqədar bəzi AŞPA qeyri-səmimilikdə ittiham edib. Bununla belə, Məmədova AŞ Baş Katibi Torbyern Yaqlandın Məmmədovun işi üzrə AİHM-nin qərarının icrası üçün şəxsən səy göstərməsini minnətdarlıqla qeyd edib.

“Biz İlqarla 16 il əvvəl evlənmişik. Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsinin də yaşı elə bu qədərdir. Bu müddətin dörddə birindən çox bir vaxtı mənim həyatım həbsxanaya gedib-gəlməklə keçir. Mən özümə “sən niyə siyasətçi ilə ailə qurdun?” sualını vermirəm. Amma mənim Parlament Assambleyasına sualım var: Azərbaycan niyə Avropa Şurasına üzv qəbul edilib?”, deyən Məmmədova çıxışını yekunlaşdırıb.

İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı şəhərində iğtişaşlarla əlaqədar 7 il müddətinə həbs edilib. 2014-cü ildə AİHM onun həbsinin qanunsuz və siyasi motivli olduğunu etiraf edib və onun azad edilməsini tələb edib. 2007-ci ildən həbsinə qədər Məmmədov Avropa Şurasının Bakıda Siyasi Biliklər Proqramına rəhbərlik edirdi.

Daha çox

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Close
Close