2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“İmam Mehdi” işi üzrə məhkəmə başladı: polislər evdən 9 milyon manat və qızıllar götürüb?

“16 yaşından sənin qulun olmuşam”

Özünü zühur etmiş 12-ci İmam Mehdi kimi təqdim edərək, insanları aldadıb, onların külli miqdarda pulunu, əmlakını ələ keçirməkdə ittiham olunan Aqil Babayevin məhkəməsi başlayıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar İsmayılovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

İyulun 19-da məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmədə məlum olub ki, 40 nəfər bu iş üzrə zərərçəkmiş qismində tanınıb. Məhkəməyə onlar da gəlib.

Saytların yığılması Saytlarin yigilmasi

Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilərkən o bildirib ki, tikinti sahəsində çalışıb. Əvvəllər yol-nəqliyyat hadisəsi törətdiyinə görə məhkum edilib, lakin məhkumluğu ödənilməyib. Hazırda isə səhhətində problemlər olduğuna görə Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılır.

Zərərçəkmişlər məhkəmə prosesinin qapalı keçirilməsini istəyiblər. Onlar bu barədə vəsatət qaldırarkən bildiriblər ki, sosial şəbəkələrdə barələrində xoşagəlməz fikirlər yazırlar.

Təqsirləndirilən şəxsin vəkilləri onun ev dustaqlığına buraxılması, tutularkən evindən götürülmüş pul və qızılların qaytarılması və s. məsələlərlə bağlı vəsatətlər qaldırıblar.

Vəkil Elnur Quliyev deyib ki, artıq istintaq başa çatıb, ona görə də təqsirləndirilən şəxsin hökm çıxarılana qədər ev dustaqlığına buraxılması üçün maneə yoxdur. O vurğulayıb ki, müvəkkilinin kiməsə təzyiq göstərmək, məhkəmədən yayınmaq fikri yoxdur. Müdafiəçi Aqil Babayevin çağırışlara vaxtında gəlmədiyi üçün barəsində həbs qətimkan tədbiri seçilməsi haqda əsaslandırma ilə də razılaşmayıb.

Digər vəkil Əli Hüseynov deyir ki, istintaqda Aqil Babayevin əleyhinə yalan ifadə vermək istəməyən, düzünü danışan şahid təzyiqlərə məruz qalıb, onun barəsində cinayət işi başlanıb.

Vəkil Aqil Babayev saxlanılarkən evindən polislər tərəfindən xeyli qızıl-zinət əşyaları və 9 milyon manat pul götürülməsindən də danışıb. Əli Hüseynovun sözlərinə görə, bağ evindən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən götürülmüş pul və qızıl-zinət əşyalarıyla əlaqədar Daxili İşlər Nazirliyinin “102” xidmətinə şikayət olunub.

Vəkil Eldəniz Quliyev də müvəkkilinin təqsirsiz olduğunu vurğulayaraq, bugünkü vəziyyətə görə zərərçəkmiş qismində tanınan şəxslərdən birinin günahkar olduğunu bildirib. Onun sözlərinə görə, həmin şəxs də məhkəmə zalındadır.

Prokuror Aqil Babayev haqqında həbs qətimkan tədbirinin dəyişməsinə, onun ev dustaqlığına buraxılmasına etiraz edib. Zərərçəkmiş qismində tanınan şəxslər də iddia edib ki, o, həbsdən buraxıla bilməz. Əgər buraxılsa, yayına bilər. Onların sözlərinə görə, Aqil Babayev hava limanında saxlanılıb.

Məhkəmə ev dustaqlığına buraxılma haqda vəsatəti təmin etməyib.

Məhkəmə prosesinin qapalı keçirilməsilə bağlı zərərçəkmişlərin vəsatətləri də rədd olunub.

Zərərçəkmişlər məhkəmə zalında qışqıraraq, şüşə kabinədə olan Aqil Babayevin ünvanına təhqir xarakterli fikirlər səsləndiriblər.

Zərərçəkmişlərdən biri iddia edib ki, 16 yaşından Aqil Babayevi “İmam” kimi qəbul edərək, ona itaət göstərib:

“16 yaşından sənin qulun olmuşam…”

Bir neçə zərərçəkmiş isə evini satıb, xeyriyyə məqsədilə Aqil Babayevə verdiyini iddia edib.

Məhkəmə baxışı avqustun 2-nə təyin edilib.

Təqsirləndirilən şəxsin vəkilləri hakim Eldar İsmayılova müraciət edərək, zərərçəkmişlərdən şikayətləniblər. Bildiriblər ki, hakimlər kollegiyası müşavirədə olanda məhkəmə zalında zərərçəkmiş şəxslər səs-küy salıb, nalayiq ifadələr işlədiblər:

“Xahiş edirik, növbəti iclaslara hüquq-mühafizə orqanlarının əməkdaşları dəvət olunsun, səs-küy yaradan şəxslər cəzalandırılsın”.

Hakim bildirib ki, məhkəmədə qaydaları pozanlar, səs-küy salanlar cəzalandırılacaq.

Aqil Babayev 2 milyon 500 min manatlıq dələduzluqda ittiham olunur. İttihama əsasən, o, özünü zühur etmiş “12-ci İmam Mehdi” kimi təqdim edərək, adamlardan xeyriyyə işləri adı altında pul toplayıb. Təşkil etdiyi dini məclislərdə özünü Yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik göstərmək məqsədilə göndərildiyini deyib, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacibliyini vurğulayıb. İnsanları təsir altına salaraq, hər ay ona pul ödənilməsini istəyib. Deyib ki, toplanan pullar kasıblara paylanır, şəhid ailələri, Qarabağ əlilləri üçün evlər tikilir.

Aqil Babayev Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq – xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur. Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Aqil Babayevin ailə üzvləri ittihamda yazılanların absurd olduğunu, onun biznesini əlindən almaq üçün qondarma ittihamla həbs edildiyini bildirib. Ailəsinin dediyinə görə, Aqil Babayev “Shaurma N1” restoranlar şəbəkəsinin sahiblərindən biridir. Onun pulunu, biznesini əlindən almaq üçün saxta cinayət işi quraşdırılıb.

İstintaq zamanı Aqil Babayevin əleyhinə yalan ifadə verməkdən imtina etdiyinə görə cəzalandırıldığı iddia olunan şahid Ceyhun Məhərrəmovdur. “Şaurma N1” restoranının VÖEN-i və patent hüququ məhz Ceyhun Məhərrəmovun adına olub.

Zərərçəkmişlər arasında Aqil Babayevə “cənnətdən 420 min manata torpaq almaq üçün” pul verdiyini iddia edən Faiq Abdullayev də var. O da Ceyhun Məhərrəmova təzyiq göstərməkdə ittiham olunurdu.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button