2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“İmam Mehdi”yə inananlar məhkəməni hədələdi: “Jurnalistlər çıxmasa, ifadə verməyəcəyik”

Yayımlandı: 11 Oktyabr 2022 16:17

Məhkəmə qapalı keçirildi, jurnalistlər zaldan çıxarıldı

İllərlə “İmam Mehdi”yə pul verdiyini iddia edən və bundan şikayətçi olan şəxslər bu işlə bağlı məhkəmə prosesinin qapalı keçirilməsini tələb edir. Söhbət özünü “zühur etmiş 12-ci İmam Mehdi” kimi təqdim edərək, zəkat, yardım adıyla milyonlarla vəsaiti mənimsəməkdə ittiham olunan Aqil Babayevin məhkəməsindən gedir. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Saytların yığılması Saytlarin yigilmasi

Oktyabrın 11-də keçirilən məhkəmə iclasında hakim Eldar İsmayılov elan edib ki, zərərçəkmiş qismində tanınan 31 nəfərin imzasıyla məhkəməyə vəsatət daxil olub. Onlar məhkəmə prosesinin qapalı keçirilməsini tələb edirlər. Vəsatətlərini də belə əsaslandırıblar ki, mediada, sosial şəbəkələrdə onların haqqında həqiqətə uyğun olmayan fikirlər yayılır, şəxsiyyətləri alçaldılır.

Araşdırma zamanı məlum olub ki, bu işdə zərərçəkmiş qismində tanınan şəxslərdən biri – Mehman Baxşızadə övladına aliment ödəmədiyinə görə keçmiş həyat yoldaşı tərəfindən məhkəməyə verilib. Xətai Rayon Məhkəməsində bu məsələ ilə əlaqədar qərar çıxarılıb. Media, o cümlədən Meydan TV övladına aliment verməyən şəxsin “İmam Mehdi”yə pul verməsi barədə material https://www.meydan.tv/az/article/imam-mehdi-dedi-ki-arvadin-seytandir-onu-bosa/ yayıb. Zərərçəkmişlərin narazılığına səbəb olan materiallardan biri də budur.

Məhkəmə prosesinin qapalı keçirilməsi haqda vəsatət təmin olunmayıb.

Bundan sonra zərərçəkmiş qismində tanınan şəxslərdən Daşqın Aslanov ifadə vermək üçün tribunaya çağırılıb. Lakin o, məhkəməni şantaj edərək bildirib ki, əgər məhkəmə iclası qapalı keçirilməsə, ifadə verməyəcək. Digər zərərçəkmişlər də onu müdafiə edib.

Prokurorun isə məsələyə münasibəti belə olub: “İstəyirsə, onda qapalı keçirin də…”.

Bundan sonra hakimlər məhkəmə iclasının qapalı keçirilməsi haqda qərar qəbul edib və jurnalistlər məhkəmə zalından çıxarılıb.

“İmam Mehdi”yə pul verdiyini iddia edən şəxslər hər məhkəmə iclasının əvvəlində də, sonunda da təhqir xarakterli ifadələr səsləndirir, şüşə kabinədə olan təqsirləndirilən şəxsə, onun vəkillərinə hücum edirlər. Budəfəki məhkəmə iclasında da məhkəmənin sonunda zalda qalmaqal yaranıb. Zərərçəkmişlər yenə də Aqil Babayev və vəkillərinə hücum edib, söyüşlər səsləndiriblər.

Özünü “İmam Mehdi” kimi təqdim edərək, insanları aldatmaqda təqsirləndirilən Aqil Babayev Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq – xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur. Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Lakin o, ittihamı qəbul etmir. O bildirib ki, “Shaurma N1” restoranlar şəbəkəsinin şəriklərindən biri olub və oradakı payını, pullarını ələ keçirmək üçün absurd ittihamla həbs olunub.

Onun sözlərinə görə, 2021-ci il iyulun 8-də bağ evində bir qrup şəxs tərəfindən döyülüb, əl-qolunu bağlayıb, ondan pullarını və payını tələb ediblər. Daha sonra həmin şəxslər Əhmədli qəsəbəsində yerləşən evə gələrək, oradan təxminən 9 milyon manata yaxın pul və 2 milyon dəyəri olan qızıl külçələri götürüb aparıblar. Ertəsi gün Aqil Babayev baş verənlərlə əlaqədar polisə şikayət edib: “Mənim şikayətimi araşdırmaq əvəzinə özüm haqqında absurd cinayət işi başladılar”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button