2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“İmam Mehdi”yə inanıb pul verdiyini iddia edən şəxs: “Yuxuda onun İmam olduğunu görürdüm…”

Yayımlandı: 25 Oktyabr 2022 22:54

Vəkillər zərərçəkənlərin zala tək-tək buraxılmasını istəyiblər

Özünü zühir etmiş 12-ci İmam Mehdi kimi təqdim edərək, zəkat, yardım adıyla adamların milyonlarla pulunu mənimsəməkdə ittiham olunan Aqil Babayevin işi üzrə hər məhkəmə iclası qalmaqallı keçir. “İmam Mehdi”yə pul verdiyini iddia edən və zərərçəkmiş qismində tanınan şəxslər hər dəfə məhkəmə iclasının əvvəlində və sonunda, yaxud da Aqil Babayev özü çıxış edəndə səs-küy salır, məhkəmə zalında təhqiramiz ifadələr səsləndirirlər. Bununla əlaqədar Bakı Ağır Cinayətlər Məhkəməsində bu işi araşdıran hakim Eldar İsmayılov bir neçə dəfə onlara xəbərdarlıq etsə də, nəticəsi olmayıb. Sonuncu məhkəmə iclasında zərərçəkmişlər onlardan söyüş söyməməyi tələb edən vəkillərə, onların məhkəmə zalındakı şüşə qəfəsdə olan Aqil Babayevə hücumlarının qarşısını almağa çalışan məhkəmə işçilərinə qarşı da kobud rəftar ediblər. Bu səbəbdən oktyabrın 25-də keçirilən növbəti məhkəmə iclasında vəkillər tələb edib ki, zərərçəkmişlər tək-tək içəri buraxılsın. Vəkillər bunu zərərçəkmiş şəxslərin kütləvi şəkildə məhkəmə iclas qaydalarını pozması, birləşərək qışqırmaları, söyüş söymələrilə izah ediblər. Lakin məhkəmə vəsatəti təmin etməyib. Eyni zamanda, zərərçəkmişlərə də məhkəmə zalında intizam qaydalarını pozmamaqla bağlı xəbərdarlıq edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Zərərçəkmiş qismində tanınan şəxslər jurnalistlərin də məhkəmə iclaslarında iştirakına qadağa qoyulmasını istəyirdilər. Hakim Eldar İsmayılov onların istəyini yerinə yetirərək, oktyabrın 25-də media nümayəndələrini məhkəməyə buraxmayıb.

Meydan TV-nin əldə etdiyi məlumata görə, məhkəmə iclasında zərərçəkmiş qismində tanınan şəxslərdən Rövşən Kavə dindirilib. O, avtomobil və avtomobil hissələrinin satışıyla məşğul olub. İddia edir ki, uzun illər ərzində Aqil Babayevin İmam Mehdi olmasına inanıb və ona zəkat, yardım adıyla 72 min manat pul verib.

Onun sözlərinə görə, Aqil Babayevlə tanış olandan sonra fikirlərini bəyənib. Sonradan yuxuda onun İmam olduğunu görüb və dediklərinə inanıb.

“Ona nə sual verirdimsə, hamsına mükəmməl cavab verirdi. Sonralar yuxularıma girməyə başladı. Söhbətimizdə nə deyirdisə, gecə yuxuma da o girirdi. Həm də onun özünün deməyindən başqa, yuxularımda da İmam olduğunu görürdüm. Yəni məni ovsunlamışdı”, – Rövşən Kavə bildirib.

Onun qardaşı da bu iş üzrə zərərçəkmiş qismində tanınıb.

Aqil Babayev isə Rövşən Kavənin ona İmam Mehdi kimi inanıb pul verməsi haqda dediklərinin həqiqətə uyğun olmadığını bildirib. Onun sözlərinə görə, zəkat kimi verilən pulları elə Rövşən Kavənin qardaşı yığırdı:

“Özləri yığıb, özləri də paylayıblar…”

Aqil Babayev Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq – xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur. Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Lakin o, ittihamı qəbul etmir. O bildirib ki, “Shaurma N1” restoranlar şəbəkəsinin şəriklərindən biri olub və oradakı payını, pullarını ələ keçirmək üçün absurd ittihamla həbs olunub.

Onun sözlərinə görə, 2021-ci il iyulun 8-də bağ evində bir qrup şəxs tərəfindən döyülüb, əl-qolunu bağlayıb, ondan pullarını və payını tələb ediblər. Daha sonra həmin şəxslər Əhmədli qəsəbəsində yerləşən evə gələrək, oradan təxminən 9 milyon manata yaxın pul və 2 milyon dəyəri olan qızıl külçələri götürüb aparıblar. Ertəsi gün Aqil Babayev baş verənlərlə əlaqədar polisə şikayət edib: “Mənim şikayətimi araşdırmaq əvəzinə özüm haqqında absurd cinayət işi başladılar”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button