Gündəm

“İmamverdi İsmayılovun, Madər Musayevin zorla mandat alması islahat ümidinin sonu olacaq” – Azər Rəşidoğlu

“Dünənki statusuma bu qədər reaksiya veriləcəyini gözləmirdim. Bütün bunlar onun göstəricisidir ki, bu dəfə 25-30 il parlamentdə yatan, bir dəfə də danışmayan, seçici ilə görüşməyən namizədlərə seçici səs verməyəcək. Bölgələrdə görüşə gedən Sahib Alıyev, Çingiz Qənizadənin az qala qovulması, Elman Nəsirovun görüşünə seçicilərin əyilə-əyilə getməsini xalq etirazı kimi dəyərləndirmək olar”. 

Bu barədə şəxsi Facebook hesabında politoloq, jurnalist Azər Rəşidoğlu yazıb. O, seçki prosesi ilə bağlı fikirlərini bu cür davam etdirib:

“İnsanlar ümid bəsləyirlər ki, bu dəfə gerçəkdən dəyişəcək. Qorxmaz İbrahimli və Anar Əsədli o dərəcədə parlaq təbliğat apardılar ki, artıq nə Madər Musayevin, nə İmamverdi İsmayılovun deputat seçilmək şansları yoxdur. Bu insanlar yenidən inzibati üsullarla deputat olsalar, xalq daha heç vaxt demokratiyaya inanmayacaq. Əsl “İmamoğlu formatı”na nail olan Qorxmaz İbrahimli, Anar Əsədli, Bəxtiyar Hacıyev yeni müxalifətin formalaşdığını nümayiş etdirdilər. Bu insanların haqqını yemək bütün ölkədə ciddi narazılığa səbəb ola bilər. İnsanlar islahatlar barədə deyilənlərə inanırlar. 30 ilin susqun deputatı olan, hər kəsin, o cümlədən dövləti özünə borclu bilən Madər Musayevin, İmamverdi İsmayılovun zorla mandat alması islahat ümidinin sonu anlamına gələ bilər. Onların alternativinin millət vəkili olması bu dövlətə yalnız başucalığı gətirə bilər”.

Azər Rəşidoğlu qeyd edib ki, əks təqdirdə, ölkə insanı seçkidən küsəcək:

“Bəxtiyar Hacıyev, Qorxmaz İbrahimli, Anar Əsədli hakimiyyət üçün heç bir təhlükə kəsb etmir. Lakin onları haqq etdikləri mandatdan məhrum etmək insanları narazı salacaq. Bu gün Şəkidə təkbaşına savaşan Sahib Kərimli, Bakı kəndlərində mafioz biri ilə kəllə-kəlləyə gələn Aygün Muradxanlı resurssuz böyük nəticə əldə etdilər. Bunu görməzdən gəlmək olmaz. İnsanlar pulu ilə hər kəsi, hətta dövləti şantaj edənlərə dözməyəcəklər. Bu mafiozlar dövlətdən üstündürlərmi? Bu suala cavabı 9 fevralda biləcəyik”.

Daha çox

Bənzər məqalələr

Back to top button
Close
Close