2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İmran Əliyevin həbs müddəti uzadıldı |

Müstəntiqin iddiasına görə sayt rəhbəri azadlıqda qalarsa, istintaqa mane olar

“meclis.info” saytının həbsdə olan rəhbəri İmran Əliyevin haqqında həbs qətimkan tədbirinin müddəti artırılıb.

İyunun 13-də Xətai Rayon Məhkəməsində İmran Əliyevin istintaq dövründə həbsdə saxlanma müddətinin uzadılması üçün prokurorun təqdimatına baxılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Məhkəmədə müstəntiq təqdimatı müdafiə edib. Deyib ki, İmran Əliyevin təqsirləndirildiyi cinayət işi üzrə bir sıra istintaq hərəkətləri həyata keçirilməlidir. İstintaq davam etdiyi müddətdə isə İmran Əliyevin azadlıqda qalması prosesin gedişinə mane ola bilər. Müstəntiqin iddiasına görə, azadlıqda qalarsa, prosesin digər iştirakçıları ilə əlaqə yaratmaq, şahidlərə təsir göstərmək ehtimalı var.

İmran Əliyev və vəkili Qanqa İbrahimov isə təqdimata etiraz edib, təmin olunmamasını istəyib. Onlar bildirib ki, İmran Əliyevə qarşı irəli sürülmüş qaçaqmalçılıq ittihamı əsassızdır. Vəkil müvəkkilinin təqsirsiz olduğunu vurğulayaraq, onun həbsdə saxlanması üçün əsas olmadığını bildirib. Müdafiəçinin sözlərinə görə, İmran Əliyevin yaşayış yeri məlumdur, istintaqdan yayınmaq niyyəti yoxdur, onu həbsdə saxlamadan da istintaq davam etdirilə bilər.
Lakin hakim prokurorun təqdimatını təmin edib və İmran Əliyev haqqında istintaq dövrü üçün həbs qətimkan tədbirinin müddəti 2 ay 7 gün uzadılıb.

Azərbaycan parlamentin və deputatların fəaliyyətinin monitorinqi ilə məşğul olan “meclis.info” saytının rəhbəri İmran Əliyev aprelin 18-də Türkiyəyə gedərkən Bakıda hava limanında saxlanılaraq, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təhvil verilib. Həmin gün gecə saatlarında onun yaşadığı evdə axtarış aparılıb. Aprelin 19-da məhkəmədə onun haqqında həbs qərarı çıxarılanda İmran Əliyev bildirib ki, polislər tərəfindən işgəncəyə məruz qalıb, bədəninə elektrik cərəyanı verilib. Məhkəməyə gətiriləndə onun üzərində xəsarət izləri aşkar görünüb.

Öncə o, “AbzasMedia” ilə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb.

Daha sonra onun işi “AbzasMedia” ilə bağlı cinayət işindən ayrılıb. İctimai fəala qarşı Cinayət Məcəlləsinin 206.3.1 (qaçaqmalçılıq – təkrar törədildikdə) maddəsilə yeni ittiham irəli sürülüb.
İmran Əliyev özünü təqsirli bilmir. İmran Əliyevin həbsindən öncə hökumətyönlü mediada onun əleyhinə material yayımlanmışdı.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti İmran Əliyevin işgəncəyə məruz qalması barədə deyilənləri təkzib edib. Bu qurumdan bildirilib ki, deyilənlər əsassızdır.

Korrupsiya araşdırmalarıyla tanınan “AbzasMedia” işi üzrə həbslər noyabrın 20-dən başlayıb. Öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib. Daha sonra həbslər araşdırmaçı jurnalist Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova ilə davam edib. Onlar da Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham olunur.

Bu maddənin sanksiyasında 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Noyabrın 20-də Ülvi Həsənli saxlandıqdan sonra “AbzasMedia”nın ofisində axtarış aparılıb. Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub.

Ülvi Həsənli isə orada pul olmadığını, 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu bildirib.

Adları çəkilən jurnalistlərin heç biri özünü təqsirli bilmir, “AbzasMedia”da Prezidentin ailə üzvləri də daxil olmaqla, bir sıra vəzifəli şəxslərin biznesi, korrupsiya ilə bağlı araşdırmalara görə cəzalandırıldıqlarını bildiriblər.

“AbzasMedia”dan sonra “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov və bu qurumun əməkdaşı Şamo Eminov da qaçaqmalçılıq ittihamıyla həbs olundu. Hazırda onların işi üzrə istintaq Səbail rayon Polis İdarəsində davam edir.

Martın 6-da isə “Toplum TV” kanalının bir qrup əməkdaşı eyni ittihamla həbs edilib.

“Toplum”un redaksiyasından və ayrı-ayrı əməkdaşların evindən axtarış zamanı müxtəlif məbləğlərdə pul tapıldığı iddia olunur.

Onlar isə bu ittihamı rədd edir, tapıldığı iddia edilən pulların evlərə və ofisə axtarışı aparan polislərin özləri tərəfindən qoyulduğunu bildirirlər.

Xural

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button