Loading...
Loading...
SEÇMƏ

İnhisarda olan dərman bazarı və dövlətin qiymət siyasəti

* * *

Sual: Samir bəy, iyulun 1-dən Tarif Şurasının qərarı ilə dərmanların qiyməti bahalaşdırıldı. Sizcə, bu dərman qiymətlərinin bahalaşma zərurəti haradan ortaya çıxır?

Cavab: Qeyd edim ki, bu ilk hal deyil. Ümumiyyətlə götürdükdə dərmanların qiymətinin artırılması dövrü olaraq aparılır. İl ərzində bir neçə dəfə dövlət qeydiyyatına alınmış dərmanların siyahısına dəyişiklik edir, yeni dərmanlar əlavə edir, bəziləri bahalaşdırılır. Son dəfə bu ilin yanvar ayında analoji addımlar atılmışdı. Bəzi dərmanların bahalaşması zərurətinə gəlincə, bunu dünyada pandemiya fonunda dərmanlara tələbatın kəskin artması və dünyada onların bahalaşması ilə əlaqələndirmək olar.

Azərbaycan kiçik istisnalarda dərmanları idxal etdiyindən istehsalçı ölkələrdə baş vermiş bahalaşmaya həssasdır.

Sual: Əsasən hansı dərmanların qiymətləri bahalaşdırılıb? Və bir dərmanın qiymətinin bahalaşdırılması istehsalçısından asılı olmayaraq bütün eyni adda olan dərmanlara şamil olunur?

Cavab: Tarif Şurasının «Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə» 10 saylı, 30 iyun 2021-ci il tarixli Qərarı əsasında qiyməti dövlət tərəfindən tənzimlənən dərmanları sayı 12442-dən 12689-a qaldırılb, yəni siyahıya 247 yeni dərman əlavə edilib. Bunlar əsasən Türkiyə, Ukrayna, Hindistan, Çin, Portuqaliya, ABŞ istehsalı olan dərmanlardır. Eyni zamanda dəyişiklik həm də istehsalçının adı ilə bağlıdır. Bir qayda olaraq aptek işlədən sahibkarlar dərmanları baha satmaq üçün siyahıda adı olmayan şirkətlərin dərmanlarını gətirməyə üstünlük verirlər ki, dərmanı sərbəst bazaar qiymətinə sata bilsinlər. Məsələn, Ukraynanın Farmak İSC şirkətinin istehsalı olan Deksametazon dərmanının qiyməti tənzimləndiyi halda həmin ölkənin Zdorovye Əczaçılıq şirkəti MMC-nin istehsalı olan

eyniadlı dərmanın adı siyahıda yox idi. Bu isə sahibkara ikincinin istehsalı olan dərmanı sərbəst bazaar qiymətinə satmaq hüququ verirdi. İndi isə artıq bu mümkün olmayacaq. Deməli, sahibkarlar adı siyahıda olmayan digər şirkətlərin axtarışında olacaqlar. Nəticədə adı siyahıda olan dərmanın qıtlığı yaranır, çünki sahibkar onu gətirməkdə maraqlı deyil. Əvəzində bazara oxşar tərkibli başqa dərmanlar yol tapır. Sən isə istədiyin dərmanı tapa bilmirsən.

Sual: Bu dəfə neçə dərmanın qiyməti qaldırıldı və artım nə qədər oldu?

Cavab: Şuranın qərarı ilə 50-yə yaxın dərmanın qiyməti artırılıb. Bahalaşma dərmanın çeşidi üzrə 10-40% intervalında olub. Məsələn, Ukrayna istehsalı olan KALSİUM QLUKONAT dərmanı 37% (1,82 AZN-dən 2,5 AZN-ə), Türkiyə istehsalı olan 1000 mq-lıq AVİPİM 10% (12,6 AZN-dən 13,8 AZN-ə), 500 mq-lıq 20% (8,24 AZN-dən 9,9 AZN-ə) bahalaşıb.

Sual: Qiymət artımı yerli istehsala da şamil olunurmu?

Cavab: Tarif Şurası bir qayda olaraq dərmanların qiymətinə dəyişiklik edəndə onu yerli və xarici istehsala bölmür. Dəyişikliyə ehtiyac varsa, yerli dərmanlara da edilir. Müəyyən dövrdə yerli dərmanlar da artımın əhatə dairəsinə düşür, bəzən də düşmür. Məlumat üçün bildirim ki, hazırda qiyməti tənzimlənən dərmanların siyahısında mövcud olan 12689 dərmanın cəmisi 68-i (0,5%-i) yerli istehsala məxsusdur. Qalan bütün dərmanlar idxal olunur. Bu o deməkdir ki, həmin dərmanların qiyməti milli valyuta olan manatın məzənnəsindən birbaşa asılıdır. Onların qiymətinin xırda bahalaşmasını nəzərə almasaq, sabitlik manatın indiki məzənnəsinə görədir. Gələcəkdə manatın ucuzlaşması bu dərmanları qiymətinin dəyişməsinə və bahalaşmasına gətirib çıxara bilər. Çünki onlar ölkəyə xarici valyuta ilə gətirilir. Dərinə gedəndə yerli istehsal da idxaldan asılıdr. Çünki ölkədə istehsal olunan dərmanın komponentləri idxal olunur.

Sual: Ümumiyyətlə, dərman qiymətlərinin tənzimlənməsinə dövlətin hansısa formada müdaxilə etməsi düzgün addımdırmı?

Gözdən qaçırmayın:  Sevgisiz nikah, Vatikana gizli səfər, qürbətdə xristian kimi ölən şah qızı

Cavab: Ilk gündən dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsinin əleyhinə olmuşam. Razıyam ki, dərmanların qiymətləri dövlət tərəfindən tənzimlənməyə başlayan kimi onları qiymətində əhəmiyyətli ucuzlaşma oldu. Təbii ki, qiymətlərin ucuz olması əhalinin xüsusən kasıb təbəqəsi üçün dərmanlara əlçatanlığı artırır. Ancaq gəlin, görək uzunmüddətli effektə, dayanıqlığa nail ola biləcəyikmi? Çünki hökumət qiymətləri ömrüboyu tənzimləyə bilməz və nə vaxtsa buna son qoymalı olacaq. Ən azı uzaq olmayan keçmişdə dərmanların qiymətinin tənzimlənməsində sovet idarəetməsinin acı nəticələrini görmüşük. Belə mexanizm bazarda dərmanların qıtlaşmasına (piştaxta altından satışına), ucuz və keyfiyyətsiz dərmanların idxalını stimullaşdırır. Ona görə də hökumət dərmanların qiymətini liberallaşdırmalıdır. Ancaq bunun üçün dərman bazarını inhisardan azad etməli, lisenziyalaşma mexanizmləri təkmilləşdirilməlidir, dərmanların idxalına gömrük-vergi güzəştləri verməlidir ki, kəskin bahalaşma baş verməsin.

Sual: Dərman bazarını inhisardan azad etmək üçün hökumət hansı addımları atmalıdır?

Cavab: Ölkədə təkcə dərman bazarı yox, həm də başqa sahələr inhisardadır. Əsas dərmanlar eyni mənbədən pərakəndə ticarət obyektlərinə paylanır. Ölkəyə dərman gətirilməsi ilə bağlı çətinliklər var. Burda söhbət dərman idxalına icazələrin alınmasıdır. Hər sahibkar bunu edə bilmir. Məcburdur iri şirkətlərin çətiri altına girsin. Deməli, əsas diqqəti dərmanların satışı üçün lizenziyaların verilməsi mexanziminə yönəltmək lazımdır. Digər tərəfdən topdansatış şirkətləri özlərinin pərakəndə obyektlərini genişləndirirlər. Bu isə digər aptekləri sıxışdırıb bazardan çıxarır. Vaxtilə dərman bazarında güclü inhisar var idi. Sonra inhisarçılıq bir qədər yumşaldı, bazar iştrakçıları artdı. İndi yenidən əks proses gedir.

Məsələn, Rəqabət Məcəlləsinin qəbulu illərdir gecikdirilir. Niyə gecikir? Çünki inhisarçı şirkətlər maraqlı deyil. Məcəllə qəbul edilsə, inhisarçı şirkətlərin əl-qolu nisbətən yığılar, onlara izah edilər ki, sən bazaar gələn dərmanların 80-90%-nə sahib ola bilməzsən. Digər tərəfdən qiymətlərin dövlət tərəfindən tənzimlənməsi nəticəsində qazanc hədsiz aşağıdır. Bu isə kiçik sahibkarlar üçün qiyməti dövlət tərəfindən tənzimlənən dərmanları satmaq onlara iqtisad baxımdan səmərəli deyil.

Sual: Dərmanların sərbəst bazar qiyməti ilə satılması əhalinin xeyrinədirmi? İşbazların sərbəst bazaar qiymətlərindən istifadə etməməsi üçün nə etmək olar? Ümumiyyətlə dərman vasitələrinin əhali üçün əlçatan, normal bazar qiymətinə satılmasını təmin etmək üçün nə etmək lazımdır? Təklifləriniz nədən ibarətdir?

Cavab: Qiymətlərin liberallaşdırılması texniki olmamalıdır. Tutaq ki sabah hökumət qərar verdi ki, bundan sonra qiymətləri bazar tənzimləyəcək. Sizcə, nə baş verəcək? Əlbəttə qiymətlər kəskin bahalaşacaq. Biz bunları yaxın keçmişdə görmüşük. Bu işlər kompleks aparılmalıdır. Elə etmək lazımdır ki, dərman bazarında rəqabət mühiti yaransın. Əks halda inhisarçı şirkətlər bazara istədikləri qiyməti diktə edəcəklər. Ona görə ölkəyə dərman gələn kanalların sayını artırmaq lazımdır. Bunun üçün idxal olunan dərmanların lizensiyalaşması mexanizmi sadələşməlidir. Bu gün ancaq iri və böyük maliyyə resursuna malik şirkətlər dərman idxalına lisenziya ala bilir. İkinci əsas probem depo adlandırılan topdansatış bazarındadır. Bu sektor da bir neçə əsas oyunçunun nəzarətindədir. Yeganə rəqabət pərakəndə satış obyektlərindədir ki, onu da topdansatış şirkətlərin yaratdıqları və getdikcə artan apteklər zəiflədir.

Əhalinin dərmanlara əlçatanlılığını artırmaq üçün mövcud dövlət proqramları davam etməlidir. Məsələn, onkoloji, şəkərli diabet, narkoloji və s. kateqoriyadan olan xəstələrin bahalı dərmanlara çıxışı yaxşılaşdırılması üçün dövlət büdcəsi hesabna maliyyələşdirilən proqramların icrası davam etməlidir.

Mənbə
“24 saat”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button