2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

İnsan haqlarının vəziyyətini yaxşılaşdırmaq üçün siyasi iradə lazımdır

* * *

Sual: Bəşir bəy, Bakı Ağır Cinayətlər məhkəməsinin qərarı ilə AXCP fəalı Aqil Hümbətova 10 il azadlıqdan mərhumetmə cəzası verildi. Bakı Apelyasiya Məhkəməsi Tofiq Yaqublunun Gürcüstanda anasının qəbrini ziyarət etməsi və mərasimə qatılması üçün ölkə sərhədlərin buraxılmasına dair verdiyi apelyasiya şikayəti təmin olunmadı. Bir çox fəallar da son günlər inzibati həbs olunub. Nə baş verir? Niyə məhkəmələr insan haqlarına zidd qərarlar verirlər? 

Cavab: Bu yeni bir şey deyil. Uzun illərdir davam edən bir prosesdir. Ölkədə insan hüquqları ilə bağlı uzun illərdir problemlər qalmaqdadır. İnsanlar fundamental azadlıqlarına görə davamlı olaraq  təqib edilirlər. Məhkəmələr sifarişli qərarlar çıxararaq vətəndaşları həbsə məhkum edirlər. Bu müəyyən zaman kəsiyində zəifləyə bilər. Hansı ki, beynəlxalq şərait, hökümətin özünün maraqları buna rəvac verə bilər. Ancaq ümumi tendensiya dəyişməz qalır. Hakimiyyət alternativ düşünənlərə qarşı cəza mexanizmlərindən əl çəkmək istəmir. Vətəndaşların Konstitusion hüquqlarına hörmətlə yanaşmaq istəmir. Bunun üçün siyasi iradə lazımdır. Görünür ki, siyasi iradə yetərli deyil.  

Saytların yığılması Saytlarin yigilmasi

Sual: Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, həbsdə olan Saleh Rüstəmli 10 gündür ki, aclıq edir. Amma reaksiya yoxdur. Saleh Rüstəmlini niyə azadlığa buraxmırlar. Ona bir şey olsa məsuliyyət kimin üzərində qalacaq? 

Cavab: Saleh Rüstəmliyə qarşı edilən pozuntular təbii ki, digər şəxslərin çəkindirməsi üçün edilir. Mesaj verilir ki, kim müxalifəti bu və ya digər şəkildə dəstəkləməyə cəhd etsə, onun cəzası ağır olacaq. Heç bir keçmiş xidmətləri nəzərə alınmayacaq. Ancaq bu siyasi qərarlar ciddi qanun pozuntuları yaradır. Hökümətlər öz alternativləri ilə sərt davranış metodundan istifadə etməkdən çəkinməlidir. Cünki bu cəmiyyətdə normal münasibətlər sistemini zədələyir və mənfi tendensiyaların əsasını qoyur. İnsanlarda qisas hissini artırır. Əlbətdə ki, bir siyasi məhbusun aclıq etməsi böyük hadisədir. Siyasi hakimiyyət buna reaksiya verməli və azadlığa buraxılması üçün təcili addımlar atmalıdır. Gözləmək lazım deyil ki, nəsə mənfi nəticələr olsun. Bu heç kimə müsbət aktiv gətirməyəcək. Fürsətdən istifadə edib mən də hakimiyyətə müraciət edirəm ki, Saleh Rüstəmlini azadlığa buraxmaq üçün təcili addımlar atsınlar.    

Sual: Ictimai- siyasi fəal Bəxtiyar Hacıyevə qarşı təqib kampaniyası davam edir. Bəxtiyar Hacıyev ötən həftə sonu Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Idarəsinə çağırılıb və dindirilib. Buna səbəb nədir? Bəxtiyar Hacıyevdən nə istəyirlər? 

Cavab: Bəxtiyar Haciyevlə bağlı da uzun zamandır təqib kampaniyası davam edir. Həbs edildi, sonra bir müddətdən ölkədən getməyə məcbur qaldı. İndi yenidən proses başqa formada davam etdirilir. Çox güman ki, onun sərt tənqidlərini həzm edə bilmirlər. Hansısa formada onu neytrallaşdırmaq, bezdirmək istəyirlər. Buna görə də müxtəlif vaxtlarda onu təqib edirlər, incidirlər. 

Sual: Ola bilərmi kimlərsə ölkədə insan haqları ilə bağlı durumun yaxşılaşmasını istəmir və daim bu istiqamətdə iş görür. Çünki hakimiyyət bəzən bu istiqamətdə müsbət addımlar atır. Məsələn amnistiya aktı kimi. Və dərhal da yenidən siyasi həbslər baş verir. Bu da şübhələr yaradır. Ola bilərmi kimsə bunu hakimiyytin daxilində bilərəkdən edir?

Cavab: Uzun zamandır ki, bu ikili yanaşma cəmiyyətə hakim kəsilib. Bu barədə fikirlər cəmiyyətdə həmişə haçalanıb. Bir qrup sizin qeyd etdiyiniz kimi fikirləşir, digər qrup isə bunun əksini deyir. Bu elə bir iddiadır ki, gərək hakimiyyətin mətbəxinin içərisində olasan. Əks halda biz ehtimallar əsasında bu iddiaları səsləndirə bilərik. Məsələn, deyə bilərik ki, Amnistiya Aktı yumşaltma addımıdır, ancaq kimlərsə bundan xoş hal olmayaraq dərhal bunun əksinə nələrsə edir, kimlərisə təqib edir ki, Qərbdən hakimiyyətə təzyiqlər gəlsin və s. 

Ancaq mən fikirləşirəm ki, müsbət addımlar atmaq amnistiya aktı qəbul etmək, əfv imzalamaq deyil. Müsbət addımlar siyasi münasibətlər sistemində qarşıdurmaya gətirib çıxaran problemləri ortadan qaldırmaq olardı. Siyasi azadlıqlar təmin edilər, müstəqil medianın inkişafına şərait yaradılar, vətəndaş cəmiyyəti ilə bağlı məhdudiyyətlər aradan qaldırılardı. Məhkəmə islahatları aparılardı və vətəndaşlar ədalətli mühakimə hüququndan istifadə edərdi. 

Xatırlayırsınızsa, ötən il Növbədənkənar Parlament Seçkilərindən sonra hakimiyyət bir proqramla çıxış etdi və cəmiyyətə mesajlar ötürdü ki, bütün problemlər köhnə komandanın ötürdüyü yalnış hesabatlar, rəylərə əsasən yaranıb. Təxminən yanaşma belə idi ki, siyasi idarəetmədə yalnışlığa yol verilib. İndi yeni münasibətlər yaranmaqdadır və ictimai-siyasi münasibətlər yenidən şəkilləndirilməyə başlanılacaq. Ardınca siyasi partiyalarla, sonra vətəndaş cəmiyyəti ilə görüşlər keçirildi, media ilə bağlı hansısa addımlar atıldı və s. 

Əvvəl mühabirəni bəhana etdilər. Ancaq müharbənin də bir ili tamam oldu. Ancaq ortada heç bir ciddi nəticə yoxdur. Təsəvvür edin ki, ölkədən giriş-çıxışda qanunsuz yoxlamaları da dayandırılmayıb. Belə olduqda digər fundamental məsələlərlə bağlı nəsə olacağına ümidlər qalmır. Digər tərəfdən sizin iddia etdiyiniz kimi əgər hakmiyyət daxilində hansısa qüvvə bunun qarşısını ala bilirsə, demək ki, onlar daha güclüdür və uzun zaman da bu güc davam edəcək. 

Sual: Son günlərin yaxşı xəbərləri isə odur ki, Azərbaycan Ali Məhkəməsinin Plenumu Aslan İsmayılovun vəkillikdən uzaqlaşdırlması barədə yerli məhkəmələrin çıxardığı bütün qərarları ləğv edib. Avropa Şurası sonuncu dəfə bu ilin sentyabrında bir neçə vəkilin qərarlarının icrasını müzakirə edib.Təşkilatın yekun qərarında vurğulanır ki, Xalid Bağırov, Elçin Namazov, Aslan İsmayılov Vəkillər Kollegiyasının üzvlüyünə bərpa edilməlidir. Amma burdan da görünür ki, məhz bu addım Avropa məhkəməsinin qərarından sonar atıldı. Yəni burdakı bütün məhkəmə instansiyalarının qərarından sonra. Yəni bir daha məhkəmələrin fəaliyyətinə gəlib çıxırıq. Məhkəmələr bu cür qərarlar verərkən dövlətin imicini düşünmürlərmi? 

Cavab: Təəssüf ki, burda da selektiv yanaşma mövcuddur. Yekun qərarda digər vəkillərlə bağlı tələb ortaya qoyulsa da yalnız bir vəkillə bağlı müsbət qərar çıxarılır. Bu nə deməkdir?! Bu o deməkdir ki, biz yalnız qərarları özümüzə sərf edən formada icra edəcəyik. Kim gözümüzə xoş görünəcək, onunla bağlı dərhal müsbət addımlar atılacaq. Digərlərinin məsələsi isə açıq qalacaq. Ya da gözləyəcəklər ki,  digərləri ilə bağlı daha böyük təzyiq olarsa onlarla bağlı də müsbət addımlar atarıq. Və yaxud hansısa beynəlxalq təşkilatla bazarlıq üçün istifadə edilər. Əks halda nəyi gözləyirlər?! Niyə digər şəxslərlə bağlı da qanunauyğun qərarlar qəbul edilmir?! Bu siyasi ayrıseçkilik nəyə xidmət edir?! Nəyin mesajını verir?!

Bu vətəndaş cəmiyyəti üzvləri ilə də eyni oldu. Avropa Şurası Nazirlər Komitəsi hökümətə bir neçə dəfə vaxt tanısa da, hələlik ‘’Məmmədli qrupu’’ ilə bağlı müsbət qərar verilmir. 

O ki qaldı, məhkəmələrin qərar qəbul edərkən dövlətin imicini düşünməyə, məhkəmə onsuz da qərarları dövlətin adından çıxarır. Siyasi hakimiyyətin razılığı olmadan bu qərarlar dəyişməyəcək. Çünki məhkəmələr müstəqil deyil.  

Sual: Nə etmək olar ki, ölkədə insan haqlarının durumu yaxşılaşsın, heç kəs fərqli fikrinə görə təqib olunmasın, həbs edilməsin?

Cavab: İlk növbədə ortaya ciddi siyasi iradə qoyulmalıdır. Siyasi iradə olacaqsa, bu problemləri tez həll edib qurtaracağıq. Biz də normal dövlətlər kimi daha ciddi məsələlərlə məşğul olacağıq. Ölkəmizin güclənməsinə, vətəndaşların rifahının artırılmasına, regionda müvəqqəti yox, daimi söz sahibi olmasına nail olacağıq. Ciddi və dayanıqlı beynəlxalq əlaqələrimiz qurulacaq və xaricdə uğurlu lobbiçilik fəaliyyəti həyata keçirə biləcəyik. İmperiyaların təzyiqindən özümüzü qoruya biləcəyik. İctimai nəzarət təmin ediləcək, korrupsiya, pis idarəçilik aradan qalxacaq. İnsan hüquqlarına hörmətlə yanaşılacaq və vətəndaşlar fərqli siyasi baxışlarına görə təqib edilməyəcək.  Biz zəfəri yalnız hərb meydanında qazanıb yekunlaşmamalıyıq. O cümlədən qanun pozuntuları, korrupsiya, pis idarəçilik, məmur özbaşınalığı, seçki saxtakarlığı üzərində də zəfər çalmalıyıq. 

Bu istiqamətdə dövlət gerçək fəaliyyət planı tərtib etməlidir. Daha kağız üzərində qalan və ya heç bir təsiri olmayan fərmanlar, qanunlar şəklində yox. Əgər bu istiqamətdə səmimi olacaqsa, biz də müxtəlif formada, istər qanunvericilik bazasının təkmilləşdirilməsi, istərsə də yaxşı idarəçiliyin qurulması üçün öz töhfəmizi verməyə hazırıq. Əks təqdirdə bu problemlər xroniki olaraq davam edəcək və bizi inkişafdan saxlayacaq.   

Kamran Mahmudov

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button