SEÇMƏ

İntim videosu yayılan polkovnikin işində FHN də zərərçəkəndir

Yayımlandı: 2 Dekabr 2022 23:44

İddia olunur ki, Zaur Mirzəyevin hərəkəti nəticəsində nazirliyin işgüzar nüfuzuna zərbə vurulub

Fövqəladə Hallar Nazirliyinin (FHN) inzibati binasındakı kabinetlərdən birində gizli çəkilmiş və 2022-ci ilin avqustunda sosial şəbəkələrdə yayılmış intim xarakterli videolara görə həbs olunan polkovnikin məhkəməsi başlayır. FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin keçmiş köməkçisi Zaur Mirzəyevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq. Onun işini araşdırmaq Məhəmməd Əkbərovun sədrliyilə, Faiq Qəniyev və İlham Mahmudovdan ibarət hakimlər kollegiyasına həvalə olunub.

Meydan TV-nin əldə etdiyi məlumata görə, gizli şəkildə görüntüsü çəkilmiş iki qadınla yanaşı, FHNcinayət işi üzrə zərərçəkmiş qismində tanınıb. İddia olunur ki, Zaur Mirzəyevin hərəkəti nəticəsində nazirliyin işgüzar nüfuzuna zərbə vurulub.

Polkovnik Zaur Mirzəyev avqustun 17-dən həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülüb.

İddia olunur ki, Zaur Mirzəyev iş otağındakı kompüterinə xüsusi proqram vasitəsilə video və foto çəkiliş həyata keçirmək üçün gizli kamera quraşdırıb.

“Xidməti və sair asılılıqlarından yararlanaraq, qadınlarla 2013-cü ildən 2019-cu ilin sonlarına qədər iş otağında cinsi əlaqə və digər formalarda intim münasibətdə olarkən video və foto çəkilişlər aparıb. Hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internetdə yayılmasına səbəb olub”, – prokurorluğun yaydığı məlumatda deyilir.

FHN əməkdaşı ittihamı qəbul etmir. Meydan TV-nin əldə etdiyi məlumata görə, o, istintaqa ifadəsində xidməti asılılıqdan istifadə etmədiyini, heç kimi heç nəyə məcbur etmədiyini bildirib. Həmçinin videoları da özünün yaymadığını deyib.

Meydan TV

Gözdən qaçırmayın:  Ermənistan 10 ildən sonra Macarıstanla diplomatik əlaqələrini bərpa edir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button