2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

İntiqam Azəri: Nitqimin arif insanlar üçün olduğunu bildirmişəm

“Həmin çıxışla insanlara açıq şəkildə olmasa da, dolayı yolla fikirləri ifadə etmənin mümkünlüyünü göstərdim”

İntiqam Azəri bir neçə gün öncə Yeni Azərbaycan Partiyasının (YAP) Biləsuvar rayonunda keçirdiyi toplantıdakı çıxışı ilə gündəmə gəlmişdi. Onun həmin çıxışı sosial şəbəkələrdə paylaşma rekordu qırdı. Buna görə onu tənqid edənlər də oldu, çıxışında sətraltı məna axtaranlar da.

İntiqam Azəri həmin çıxışın arif adamlar üçün olduğunu bildirib və Meydan TV-nin suallarını cavablandırıb:

Saytların yığılması Saytlarin yigilmasi

– Xəbər yayılıb ki, sizi həbs ediblər…

– Xeyr, hal hazırda bir yaxın qohumun toyundan gəlirəm. Heç bir problem yoxdur.

– Videodakı görüntülərdə siz həqiqətən də YAP-ın mitinqində çıxış edirsiniz?

– Bəli, çıxışımın telefonla çəkilmiş versiyası da var. Həmin çəkilişdə YAP-ın bayraqları da düşüb. Sadəcə, səsim yaxşı çıxmır. Ona görə mən dolayı yollarla dövlətin çəkdiyi kadrları əldə edib yaydım. Burada isə məndən başqa heç nə düşməyib.

– Siz həmin bayraqla olan kadrları da bizə göndərə bilərsiniz?

– Xeyr, çünki həmin çəkilişlərdə görüntüsünün yayılmasını istəməyənlər var.

– Siz YAP üzvüsünüz?

– Bəli, 2008-ci ildən məni YAP-a üzv ediblər.

– Necə yəni üzv ediblər?

– Məcbur ediblər.

– Çıxışınız hamı tərəfindən birmənalı qarşılanmadı. Xəbəriniz varmı?

– Mən həmin çıxışda nitqimin arif insanlar üçün olduğunu qeyd etmişəm axı.

– Həmin mitinqdə təxminən nə qədər insan iştirak edirdi?

– 150 nəfər olmazdı bəlkə də. Onlardan da əksəriyyəti məktəblilər və idarə müdirləri idi.

– Həmin çıxışdan sonra sizə hər hansı bir təzyiq oldumu?

– Yox, nə tənqid, nə hədə-qorxu olub. Mən bundan öncə də demokratik şəxs kimi tanınmışam. 2010-cu ildə AXCP-nin ictimaiyyətlə əlaqələr şöbəsinin sədri Məhəmməd Məcidovun müşahidəçisi olmuşam.

– Siz YAP-la bərabər həm də cəbhəçisiz?

– Xeyr, mən cəbhənin rəsmən üzvü deyiləm.

– Çıxışınızın sosial şəbəkələrdə məşhurlaşdığını bilirsiniz?

– Bəli, paylaşımlardan da, yazılan şərhlərdən də xəbərim var.

Mitinqdən görüntü

– Həmin çıxışınız cəmiyyət tərəfindən qınaqla qarşılanmayıb?

– Mən Cəbrayıl rayonundan məcburi köçkünəm. Biləsuvar yaxınlığındakı məcburi köçkün qəsəbələrindən birində yaşayıram. Qohum-qonşunun xeyrindən, şərindən qalmıram. Hələlik həmin çıxışımla bağlı mənə irad bildirən olmayıb. Əksinə, ətrafdan “sözünü dedin, halaldır sənə” – deyib, dəstək veriblər. Rəsmilərdən də mənə hər hansı müdaxilə olmayıb. Düzdür, hal-hazırda məzuniyyətdəyəm. Sabahdan işə çıxacam. İşdə necə reaksiya verəcəklərini isə bilmirəm.

– Həmin çıxışı öncədən planlaşdırmışdınız?

– Xeyr, həmin gün işdən qayıdanda camaatın meydanda toplandığını gördüm. Nə baş verdiyini soruşdum. YAP-ın mitinqi olduğunu dedilər. Getdim ki, çıxış etmək istəyirəm. Yəqin fikir vermisiniz, həmin videoda ləhcə ilə danışıram, bir neçə yerdə həyəcandan dilim dolaşır və s. Ancaq fikrimdə tutduqlarımın hamısını dilə gətirə bildim. Əminəm ki, 90 faiz insan mənim kimi düşünür. Sadəcə dilə gətirə bilmirlər. Mən həmin çıxışla insanlara açıq şəkildə olmasa da, dolayı yolla fikirləri ifadə etmənin mümkünlüyünü göstərdim.

– Son zamanlar Cəbrayıldan olan məcburi köçkünlərin siyasi məsələlərdə aktivliyi müşahidə olunur. Bugünlərdə pambıqçı bir qadın da öz çıxışı ilə gündəmə gəlmişdi. Bu barədə nə deyə bilərsiniz?

– Bizim rayonun həm Ramil Səfərov kimi fəxrləri, həm də Kamilxan kimi nümayəndələri var. Mən o qadını uşaqlıqdan tanıyıram. Sovet dövründən bəri gələn rəhbərlərin qabağına qaçır. O cür insanlar bizə sovet diktaturasından yadigar qalıb. Onlardan qurtula, təmizlənə bilməmişik.

– Bir nəfər cəbrayıllı da Avropa Oyunlarında özünü Londondan gələn turist kimi təqdim etmişdi, xatırlayırsınız?

– Yadımdadır, neyləmək olar, o da bizim rayonumuzun üzqarasıdır.

– Əlavə etmək istədiyiniz nəsə varmı?

– Bəli, demək istəyirəm ki, arif olanlar mənim çıxışımı ilk gündən anlayıblar. Hazırlıqlı olsaydım, daha yaxşı danışardım. Təəssüf, ani alındı.
Bilirəm, həmin çıxışı yanlış anlayanlar da olub. Onlar həmin videonu təhqir dolu şərhlərlə paylaşırdılar. Düşünürəm ki, bütün bunlar məni qorumaq üçündür. Bu təhqir və tənqidlər isə mənim şəxsimə deyil, üzvü olduğum partiyaya aiddir.

İntiqam Azəri həmin mitinqdə çıxış edərkən

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button