2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Redaktorun seçimi

İQTİDARLARI DEVİRƏN ÇÖRƏK

Şarm əl-Şeyx, Taba, Safaqa, Nuveybə… sadalanan və sadalanmamış bütün bu ehtişamlı kurortlar Misir gerçəyinin yalnız bir üzüdür. Digər üzündə yoxsulluq və səfalət hökm sürür.

Qədim Misirin tarixi və əyləncəli yerlərinə axışan turistlər qızmar günəşin və isti küləklərin dağıdıcı təsirinə min illərlə tab gətirən sarsılmaz ehramların, tropik iqlimin bəxş etdiyi mavi dənizin, sarı qumların əsrarəngizliyinə aldana bilər. Lakin o, əhalisinin təxminən 40-45 faizi yoxsulluq səviyyəsindən aşağı yaşayışa malik misirlilərin gözlərini qamaşdıra bilməz.

Milli gəlirin böyük hissəsi bir əldə cəmləşib. Bahalı otellər, kurortlar və s. gəlir qazandıran sahələrdən axan sərvət yalnız bir qurumun sərəncamındadır.

Saytların yığılması Saytlarin yigilmasi

Əhalisi bu günlərdə çörəklə imtahana çəkilən Misirdə ən böyük mülkiyyətçi və biznes sahibi – ordudur.

1950-ci illərdən davam edən bu gerçəyə bircə sübut – ölkədə daşınmaz mülkiyyət satışının 85 faizi ya birbaşa ordu şirkətləri, ya da onun nəzarətində olan kommersiya quruluşlarının ixtiyarındadır.

Xarici yardımlar, xüsusilə ABŞ-dan alınan vəsait də bütünlüklə ordunun sərəncamındadır. 40 ildə bu vəsait 71,6 milyard $ təşkil edib.

2017-ci ilin yanvar ayında hökumət ölkədəki dərman qıtlığını nəzərə alaraq orduya daha bir səlahiyyət verib – dərman təchizatı ilə məşğul olacaq şirkət yaratmaq.

 

DOĞULANDAN BƏRİ YOXSUL OLANLAR

 

2016-cı ilin yanvarına olan məlumata görə, ölkə əhalisinin sayı 90 milyon nəfərdir. Səfərbərlik və Misir Əhalisinin Statikası Mərkəzi Agentliyinin son məlumatına görə, artıq bu rəqəm 92,5 milyon nəfər təşkil edir.

İqtisadi böhran şəraitində əhalinin azaldılmasını nəzərdə tutan proqrama əsasən, 2030-cu ilədək əhalini 122 milyon nəfərdən 110 milyon nəfərə endirmək düşünülür.

Hökumət ailə planlaşdırılması və əmək bazarının tənzimlənməsi yönündə bir sıra qanunların qəbul edilməsini düşünür. Onlardan biri də erkən nikahların kriminallaşdırılması, yəni qanunla cəzalandırılmasıdır. Həmçinin QHT və KİV-lərin, eləcə də din xadimlərinin köməyindən yararlanaraq iki uşaqlı ailə modelinin təşviqi nəzərdə tutulur.

Bununla bərabər, hələlik ürkək şəkildə olsa da, gələcəkdə çoxuşaqlı ailələrin gələcəkdə dotasiyalardan məhrum edilməsi xəbərdarlığı da səsləndirilir.

 

QARDAŞIN QARDAŞ ƏLİNİ KƏSMƏSİ

 

Rəsmi rəqəmlərə görə, əhalinin təxminən 15 faizi işsizdir. Qürbətdə iş axtarışında olan misirlilər (əksəriyyət etibarilə gənclər) yaxın zamanlara qədər dost və qardaş hesab edilən ölkələrdə də işə düzəlmə maneələri ilə üzləşirlər.

2017-ci ilin yanvarında Misir Ali Məhkəməsi Qırmızı dənizdəki Tanar və Sanafir adalarının Səudiyyə Ərəbistanına verilməsi barədə müqaviləni ləğv edəndən bəri Səudiyyə rəsmiləri ölkədəki misirli miqrantları (2 milyon nəfər) sıxışdırma siyasəti yürüdürlər.

Səudiyyə Ərəbistanının Maliyyə Nazirliyi elan edib ki, 2017-ci ilin ikinci yarısından etibarən əməkçi miqrantlar hər ay 100 rial (27 $) vergi ödəməli olacaq. 2019-da bu rəqəmin 300 rial (80 $) və 2020-də 700-800 riala (187-213 $) qədər artırılacağı düşünülür.

Buna görə də İŞİD və bənzər terror təşkilatlarına gənclərin axınına təəccüblənməmək gərəkdir. Muzd müqabilində qətl törətmək işsiz ordunun son çarəsidir.

Başqa bir yol, bəxt gətirdiyi halda, Avropa və ABŞ-a mühacirət və sosial yardım payı almadır.

 

“Çörək, Azadlıq, Sosial Ədalət”

 

“Siyasi məhbusun bir nömrəli nümunəsi Misir dövlətinin başçısı Mursidir. Öz əhalisinin demokratik səsverməsi yolu ilə 50 faizdən çox səs toplayıb prezident seçilən adamı kiminsə maraqlarına cavab vermədiyi üçün bu gün həbs edərək edam etmək istəyirlər”.

Bunu 2015-ci ilin iyununda BDU-da ölkədə mətbuatın roluna həsr olunan tədbirdə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirmişdi.

Misirdə Hüsnü Mübarəkin devrilməsi və Məhəmməd Mursinin iqtidara gəlişi ilə nəticələnən inqilab da məhz çörəkxanalardan başlayıb. 2011-də, “Ərəb baharı” dönəmində Təhrir meydanına toplaşanlar “Çörək, Azadlıq, Sosial Ədalət” şüarları ilə çıxmışdı.

Buna qədər, 2008-ci ildə buğdanın qiymət artımı ölkədə böyük iğtişaşlar doğurmuş və 15 nəfərin ölümü ilə nəticələnmişdi.

Odur ki, Misirdə çörək sadəcə ən böyük nemət deyil.

70 milyondan çox insanın dövlət payı aldığı ölkədə qiyməti 30 piastr olan çörək “ağıllı kart”la 5 piastra satılır. Bu yeniliyi gətirən məhz Məhəmməd Mursi oldu.

Mursinin digər addımı taxıl əkmək məqsədilə qonşu Sudandan 1 milyon hektarlıq ərazinin alınması idi. “Müsəlman Qardaşlar”ın hakimiyyətinə qarşı cəbhələşmənin bir səbəbi də islamçı iqtidarın “qara bazar”ın ləğvinə istiqamətlənən siyasəti oldu.

 

GÜNDƏLİK ÖLÜB-DİRİLMƏ

 

Hərbi çevrilişlə hakimiyyətə gəlmiş Əbdülfəttah Sisi illik 5,5 milyard dollarlıq buğda idxal edən Misirdə (dünyada 1-ci yer) hərbi müəssislərin çörəkxanaları ilə həll etməyə girişdi. Bununla bərabər, hazırda ordu əhalinin yoxsul təbəqəsini digər zəruri ərzaq məhsulları ilə də təmin edir.

 

Analitiklər kəskin inflyasiya keçirən və Beynəlxalq Valyuta Fondunun krediti ilə vəziyyəti az-çox normallaşdırmağa çalışan hökumət üçün 2017-ci ilin çətin bir sınaq olacağını söyləyirlər.

Yoxsul kütlə üçün isə bu imtahan çoxdan başlayıb.

…Qahirənin tarixi hissəsində minillik bir qəbiristanlıq var. Misirin ilk valisi Əmr Asın da dəfn olunduğu bu sərdabələr şəhərciyində insanlar məzarlarla qonşuluqda yaşayır. Aylıq gəliri 50 $ olan səfillərin əsas qazancı dəfnlərdən gəlir.

“Canlı meyitlər” həm yad ölüləri yataqları ilə yanaşı basdırır, həm də özlərini həqiqi ölümə hazırlayırlar…

Əziz Rzazadə

Strateq.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button