Loading...
Loading...
SEÇMƏ

İqtisadçı: “Belə çıxır ki, taxılı 17 min hektarda əkib, 50 min hektara subsidiya alıblar”

Yayımlandı: 16 Avqust 2022 12:57

DSK məhv olmuş qışlıq əkin sahələrinə dair məlumat yayıb

Yaz səpinləri başa çatana kimi 1 milyon 32 min hektar payızlıq taxıl və yem bitkilərinin 922 mini zərər görməyib.

Məlumatdan aydın olur ki, 101,3 min hektar sahədə əkilmiş payızlıq dənli bitkilər tamamilə məhv olub.

Dövlət Statistika Komitəsinin (DSK) quraqlıq səbəbindən məhv olmuş qışlıq əkin sahələrinə dair yaydığı məlumatda belə deyilir.

Məlumatda bildirilir ki, 6 min hektar sahə yem üçün istifadə edildikdən sonra yerində yazlıq bitkilər əkilib, payızlıq dənli bitkilərin 2,7 min hektar sahəsi isə yem üçün saxlanılıb.

Foto: Meydan tv

İqtisadçı Qubad İbadoğlu deyir ki, rəqəm kifayət qədər böyükdür. Digər tərəfdən isə həmin zərər görmüş 110 min hektarlıq əraziyə də dövlət subsidiya ayırıb. Özü də nə az, nə çox – düz 23,1 milyon manat.

Prezident İlham Əliyev ötən həftə İsmayıllının Basqal qəsəbəsində olub. O, burada açıqlamasında bildirib ki, Qarabağın işğaldan azad edilmiş ərazilərində vaxt itirmədən əkin-biçin işlərinə başlanıb. Hətta 2022-ci ildə 50 min hektarlıq ərazidə taxıl əkilib.

Prezident bildirib ki, artıq məhsul yığımı da sona çatmaq üzrədir. Düzdür, məhsuldarlıq aşağı olub:

“Bu, təbiidir. Uzun illər həmin ərazilərin istifadəsiz qalmasının nəticəsidir. Suvarma da yoxdur, dəmyə şəraitində taxıl yetişdirilir və birinci ildir ki, əkin aparılıb. Ona görə hektardan orta məhsuldarlıq təqribən 1 tondan aşağıdır. Ancaq əminəm ki, növbəti illərdə həm əkin sahələri, həm də məhsuldarlıq artacaq“.

İlham Əliyev hesab edir ki, azad edilmiş torpaqlarda taxılçılıq üçün azı 100 min hektar dövriyyəyə buraxmalıdır. Bunlar isə bütün müasir aqrotexniki tədbirlərin görülməsi, o cümlədən suvarma məsələlərinin düzgün təşkil edilməsi şərtilə olunmalıdır.

Qubad İbadoğlu deyir ki, maraqlıdır, ölkə üzrə taxılın məhsuldarlığı 31 sentner olduğu halda, işğaldan azad edilmiş xam ərazilərdə hər hektardan 10 sentnerdən aşağı məhsuldarlıq göstəricisi qeydə alınıb. Halbuki, orda qeyd olunan 50 min hektar əkin sahəsi üçün büdcədən 11 milyon manat subsidiya xərclənib:

“Belə çıxır ki, taxılı 17 min hektarda əkib, 50 min hektara subsidiya alıblar.

Digər tərəfdən də, bu gün büdcəni belə dağıdırlar. Sonra da prezidentdən tutmuş kənd təsərrüfatı nazirinə kimi hamısı aqrar sektorda yaranan bütün problemləri quraqlığın üzərinə atırlar”.

İqtisadçı bildirir ki, bu gün Azərbaycan tutumuna və həcminə görə üçüncü olan Araz çayı üzərindəki Xudafərin su anbarı, eləcə də Tərtər, Həkəri və Bazar (və ya Bərgüşad) çaylarına nəzarəti ələ alıb. Qarabağda ən vacib su mənbələrindən biri olan Sərsəng su anbarı yeganə vacib su ehtiyatıdır ki, “kapitulyasiya olmuş ermənilərin” nəzarətində qalıb:

Gözdən qaçırmayın:  Yerevandakı partlayışda ölənlərin sayı 15-ə çatıb

“Görün, bunlar kənd təsərrüfatını nə günə salıblar. 1 hektardan 10 setnerdən az məhsul götürmək nə deməkdir? Yalandan bağ belə, bostan belə danışmaqla deyil. İşi bilənlərə tapşırmaq lazımdır”.

Qubad İbadoğlu: Foto: Meydan TV

Qubad İbadoğlu düşünür ki, aşağı məhsuldarlıq probleminin kökündə korrupsiyada və yarıtmaz idarəetmə dayanır:

“Torpağı sahibinə verin. Onlar bilirlər, necə əkib- becərmək lazım olduğunu. Adicə əkin sahəsində prezidentin çəkdirdiyi fotodan da görünür ki, əkin sahəsinə aqro-texniki qulluq edilməyib və ordan məhsul əldə olunmayacaq. Amma elə təqdim ediblər ki, elə bil prezident müasir və məhsuldar təsərrüfatı müşahidə edir”.

Bir müddət öncə kənd təsərrüfatı naziri İnam Kərimov bu il 100 min hektara yaxın kənd təsərrüfatı sahəsinin məhv olduğunu açıqlamışdı.

2022-ci ildə Azərbaycanda əvvəllər əkilmiş çoxillik otlar nəzərə alınmaqla ümumi əkin sahələri 2022-ci ildə 1 milyon 623,9 min hektar təşkil edib. Bu, əvvəlki illə müqayisədə 20,6 min hektar və ya 1,3 faiz azdır. Bununla yanaşı, bu il kənd təsərrüfatı müəssisələrinin əkin sahələri 7,3 faiz artıb, ailə və təsərrüfat təsərrüfatları üzrə isə 2,5 faiz azalıb.

Əkin sahələrinin 60,7 faizi (985,7 min hektar) dənli və paxlalı bitkilərin payına düşür. 547,2 min hektarda buğda 386,3 min ha arpa, 30,5 min ha qarğıdalı və s. əkillib.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button