Loading...
Loading...
SEÇMƏ

İqtisadçı Fərid Mehralızadə: “Əhalinin xərclədiyi 2 manatdan biri qida və ərzağa gedir”

Azərbaycanda ərzaq və qeyri-ərzaq məhsullarında qiymətlərin bahalaşması adi hala çevrilib. Vəziyyət o həddə çatıb ki, maliyyə naziri Samir Şərifov da ötən gün “inflyasiya kəskinləşib” deyə etiraf etdi.
Yaranmış vəziyyətin səbəbləri və gələcək gözləntiləri ilə bağlı suallarımızı iqtisadçı Fərid Mehralızadəyə ünvanladıq.

  • Fərid bəy, Statistika Komitəsi istehlak bazarında qiymət artımını açıqladı və məlum oldu ki, yanvar-aprel aylarında inflyasiya 12,4 faizdir. Sizcə, bugünkü sürətli bahalaşmanın fonunda bu rəqəm nə dərəcədə real görünür?
  • Bəli, komitənin sonuncu açıqlamasında belə bir məlumat yer alıb. Əvvəla, devalvasiyadan sonrakı ili nəzərə almasaq, Azərbaycanda ikirəqəmli inflyasiyanın açıqlanması o qədər də tez rast gəlinən hadisə deyil. Nadir hallarda rəsmi şəkildə ikirəqəmli inflyasiyanın açıqlandığını müşahidə edirik. Digər tərəfdən, nəzərə alınmalıdır ki, 12.4 faiz inflyasiya ərzaq və qeyri-ərzaq bazarını əhatə edir. Əgər konkret olaraq ərzaq qiymətlərinə fokuslansaq, rəsmi rəqəmlərə görə artım ötən ilin eyni dövrünə nəzərən 18 faizdir, hətta daha yüksəkdir. Həm də ərzaq inflyasiyası 100-dən çox məhsulun orta bazar qiyməti əsasında hesablanan göstəricidir. Bunların içərisində bəzi məhsullarımız var ki, bizim qida rasionumuzda, istehlak səbətimizdə daha çox yer tuturlar. Məsələn, duru yağları, un məmulatları, bəzi tərəvəz məhsullarını əlavə etmək istəyirəm ki, onlarda bahalaşma nəinki 18, hətta 30, 40 və 50 faiz civarındadır. Hansı ki, biz bu məhsullardan daha tez-tez istifadə edirik. Bu baxımdan həm iqtisadi nəzəriyyəyə, həm də iqtisadi siyasətə görə ikirəqəmli inflyasiya problemin göstəricisidir.
  • O zaman sürətli qiymət artımına təsir göstərən daxili və xarici faktorlar hansılardır?
  • Təbii ki, son iki ildə pandemiya məhdudiyyətlərinin tətbiqindən bəri qlobal iqtisadiyyatın ən çox müzakirə etdiyi məsələlərdən biri qiymət artımları və inflyasiyadır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı da tez-tez qlobal ərzaq qiymətləri ilə bağlı göstəriciləri açıqlayır, son 30 ilin rekord bahalaşması dünya üzrə müşahidə olunur. Ümumilikdə qiymət artımlarının bir yox, bir neçə paralel səbəbi var. İlk öncə problem 2020-ci ilin əvvəllərindən başladı, pandemiyayla bağlı məhdudiyyətlər tətbiq edildi və bu, təhcizat zəncirini pozdu. Bəzi ölkələrdən ümumiyyətlə qida məhdullarını daşımaq mümkün olmurdu, mümkün olduğu təqdirdə isə daşıma xərclərində ciddi bahalaşma qeydə alınırdı. Nəticədə daşıma xərcləri artdığı üçün məhsulların maya dəyəri artmağa başladı. Bəzi ölkələrdə məhdudiyyətlərə görə mövsümlü sahələrdə məhsuldarlıq aşağı düşdü. Ötən il Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi bildirmişdi ki, sərhədlər bağlı olduğuna görə Mərkəzi Asiya ölkələrindən mövsümlü kənd təsərrüfatı işçiləri şimal ölkəyə gələ bilmədiyindən məhsulun bir hissəsi toplanmadı. Beləliklə, səbəblərdən biri pandemiya və onun gətirdiyi çətinliklərdir. İkinci ciddi amil iqlim dəyişiklikləridir. Bir neçə il öncəyə qədər iqlim dəyişikliklərindən gələcək zamanda danışırdıq ki, problemlərlə üzləşə bilərik. Ancaq təəssüf ki, bu gün iqlim dəyişiklikləri və onun ortaya çıxartdığı problemlər reallığa çevrilib. Dünyanın bir çox ölkəsində quraqlıq və su çatışmazlığı kimi problemlər məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Nəhayət, üçüncü problem Rusiyanın Ukraynaya hərbi təcavüzü ilə bağlıdır. Çünki hər iki ölkə kənd təsərrüfatı bazarlarında ciddi oyunçudur. Rusiya özünə qarşı sanksiyalardan qorumaq məqsədi ilə bir çox məhsulun ixracını məhdudlaşdırıb, Ukraynada isə müharibə yalnız hərbi yox, mülki infrastrukturu da dağıdıb. Bu baxımdan hazırda Ukraynadan məhsulların daşınması ilə bağlı problemlər var, həm də bu ölkənin kənd təsərrüfatı fəaliyyəti ümumiyyətlə dayanıb. Bir daha təkrar edirəm, hər iki ölkənin kənd təsərrüfatında güclü oyunçu olması və bütün sadaladığım amillər dünyada, eləcə də Azərbaycanda qida məhsullarında güclü bahalaşma yaradıb.
  • Azərbaycanda əhalinin gəlirləri bu bahalaşmaya nə dərəcədə adekvatdır? Yoxsulluğun artımına, alıcılıq qabiliyyətinə necə təsir göstərəcək?
  • Yenə dövlətin açıqladığı rəsmi rəqəmlərə görə Azərbaycanda əhalinin xərclərinin tən yarısını qida və ərzaq məhsulları təşkil edir. Rəsmi rəqəmlərə görə əhalinin xərclədiyi 2 manatdan biri qida və ərzağa gedir. Bu rəqəm ölkədə iqtisadi vəziyyəti qiymətləndirmək üçün yaxşı göstəricidir. Çünki inkişaf etmiş ölkələrin əksəriyyətində xərclərin təxminən 10-15 faizi qidaya gedirsə, Azərbaycanda bu rəqəm 50 faiz civarındadır. İqtisadi nəzəriyyəyə görə insanların qidaya xərclədiyi vəsait onların ümumi xərclərinin nə qədər çox hissəsini təşkil edirsə, deməli, əhalinin sosial durumu aşağıdır. Bu baxımdan qida məhsullarının qiymətlərinin artımı əhalinin sosial durumuna birbaşa və çox ciddi təsir edir. Vəziyyətdən necə çıxması haqda suala gəlincə, 2022-ci ilin yanvarın 1-də minimum əmək haqqı 250 manatdan 300 manata qədər artırıldı, dövlət qurumlarında çalışan bəzi işçilərinin də maaşı artırıldı. Amma bu da əhalinin çox məhdud hissəsinin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir. Çünki Azərbaycanda indeksləşdirmə effektiv və çevik deyil. Xatırlayırsınızsa, 2021-ci ilin ilk iş günündə yanacaq qiymətləri artırılmışdı, ümumiyyətlə, keçən il bütün kommunal qiymətlər artdı. Amma hökumət əhalinin maaşlarını bir il sonra artırdı. Əslində, maaş artımı, indeksləşmə daha çevik olmalıdır. Çünki ötən il ərzində əhali qiymət artımından əziyyət çəkib, hökumət həmin andaca maaş artımına getsəydi, daha effektiv olardı, nəinki bu ilin əvvəlində. Digər amil də Azərbaycanda qeyri-məşğulluğun əhatə dairəsinin geniş olmasıdır. Hökumət rəsmiləri də tez-tez qeyd edir ki, 100 minlərlə insan qeyri-rəsmi çalışır. Təbii ki, minimum əmək haqqı və digər artımlar rəsmi gəliri olan, əmək müqaviləsi ilə çalışan insanlar üçün mexanizm ola bilər. Ancaq əmək müqaviləsi ilə işləməyən və “kölgə iqtisadiyyatı“nda olanların əmək münasibətləri də qanuna uyğun qorunmur. Bu baxımdan Azərbaycanda qeyri-rəsmi məşğulluğun azaldılmasının özü də sosial siyasətin ən vacib komponentlərindən biri olmalıdır.
  • Dünya mediasında beynəlxalq təşkilatların taxıl ehtiyatının tükənməyə doğru getməsinə dair proqnozlar səsləndirirlər. Ümumilikdə ərzaq məhsullarının istehsalı ilə bağlı bədbin proqnozlar var. Ukrayna-Rusiya müharibəsi davam edərsə, bu proqnozlar özünü doğrulda bilərmi?
  • Bəli, hətta BMT-nin Baş katibi səviyyəsində dünya ölkələrinə çağırışlar var. Məsələ ondadır ki, biz pandemiyanın başlanğıcında və son dövrlərə qədər qiymət artımlarının problemindən danışırdıq. Hazırda vəziyyət o həddə çatıb ki, artıq ərzaq bahalaşması yox, ərzaq təhlükəsizliyi gündəmə gəlir. Çünki RusiyaUkrayna dünyada taxıl ixracında olan ilk beşliyə daxil olan ölkələrdir. Hər iki ölkə faktiki olaraq taxıl icracını məhdudlaşdırır. Burda yeni ölkələr meydana çıxmışdı, Qazaxıstan, Hindistan və başqaları, son aylarda onlar da ixracı məhdudlaşdırdılar. Artıq proqnozlar o yöndədir ki, iqlim dəyişiklikləri, təhcizat zəncirinin pozulması qiymətlərin bahalaşmasına gətirdisə, həm də qıtlıq gözləntisi də var. Ona görə ölkələr ixracı stimullaşdırmaqdansa, ehtiyatlarını artırmağı əsas götürürlər. Əhalisinin ən çox olan ölkə Çin keçən il bir çox məhsullara görə ehtiyatlarını 50 faizə qədər artırıb. Ehtiyatı artırmaq siyasəti ixracatı məhdudlaşdırır və belə olan təqdirdə hansı ölkələr ki, qida məhsulları ilə təminatda xarici bazarlardan asılıdır, həmin ölkələrdə ciddi risklər çıxa bilər. Burda da ən vacib məsələ taxılla bağlıdır. Çünki Azərbaycanın özünün xaricdən taxıl asılılığı var. Dövlət Statistika Komitəsinin rəqəmlərindən görürük ki, hər il Azərbaycan özünə lazım olan taxılın 60 faizə qədərini özü istehsal edir, 40 faizini isə idxal edir. Bu yaxınlarda I rübün yekun müşavirəsində yeni rəqəm səsləndirildi, dövlət başçısı qeyd etdi ki, Azərbaycanın ərzaqlıq buğdayla özünü təminatı 25 faizdir. Ərzaqlıq buğda deyəndə un, çörək məhsulları nəzərdə tutulur. Bu məsələdə asılılığımız daha yüksəkdir. Təbii ki, Azərbaycanda kəskin problem yaranma ehtimallarından biri buğda bazarıdır. Amma yenə Dövlət Gömrük Komitəsinin rəqəmlərindən görürük ki, yanvar-fevral-mart aylarında un-buğda idxalında ciddi artım var. Xüsusilə Qazaxıstandan çox böyük həcmdə idxallar var. Bu baxımdan düşünürəm ki, yaxın aylarda ciddi problem gözlənilməz. Düzdür, taxıl ehtiyatlarının nə qədər olması heç vaxt ictimaiyyətə açıqlanmır, ona görə dəqiq vəziyyətin nə yerdə olduğunu bilmirik. Ancaq idxal-ixrac göstəriciləri göstərir ki, ən azı yaxın müddətdə bir problemlə üzləşə bilmərik, qiymət artımlarını kənara qoyuram, mən təminatı nəzərdə tuturam. Əgər problemlər daha uzun müddətə davam etsə, idxaldan asılı ölkə olduğumuzdan problemlə üzləşə bilərik. Bir vacib məsələ odur ki, son günlər sərəncamlar imzalandı, Azərbaycanla bir çox ölkənin hökumətlərarası işçi qruplarının tərkibinə Qida Təhlükəsizliyi Agentliyinin rəsmiləri də əlavə edildi. Ardınca Azərbaycanla İsrail arasında bir anlaşma oldu ki, onlar bizi texnologiyalarla təmin etsinlər. Eyni zamanda, Türkiyənin müvafiq strukturunun rəsmiləri Azərbaycana səfər etdilər, həm də Gürcüstanla da bu yöndə təmaslar oldu. Hökumətin atdığı addımlara baxanda görürük ki, artıq onlar da nəinki ərzaq qiymətləri, ərzaq təhlükəsizliyinin də prioritet olduğunu başa düşürlər. Bu, artıq hökumətlərarası müzakirənin ciddi predmetinə çevrilib.
  • Ərzaq qıtlığı və bahalaşmadan ən çox əziyyət çəkən ölkələr hansılardır və Azərbaycan da o sıradadırmı?
  • Ümumiyyətlə, kənd təsərrüfatıyla bağlı uğurlu təcrübələrə baxanda iki cür ölkələrin olduğunu görürük. Ya çox böyük ərazi ehtiyatları var, onun hesabına məhsuldarlığı artıra bilirlər. Ya da yüksək texnologiyalardan geniş istifadə edirlər. Azərbaycanın kənd təsərrüfatında yüksək texnologiyaların istifadə edildiyini deyə bilmərik. Ərazimiz Cənubi Qafqazda təbii ki, böyükdür, amma ölkədə ciddi su qıtlığının olduğunu bilməliyik və burda da müəyyən çətinliklərlə üzləşirik. Ona görə də qlobal problemlərdən yoxsul və ərazisi kiçik ölkələr, həm də əhalisi çox olan ölkələr əziyyət çəkəcəklər. Çünki texnologiyaların kənd təsərrüfatında istehsal prosesinə tətbiqi çox xərcli prosesdir, həmin yoxsul ölkələrin bunu maliyyəlləşdirmə imkanları məhduddur. Belə olan təqdirdə burda iqtisadi asılılıqla yanaşı həm də siyasi asılılıq üçün yeni bir mexanizm ortaya çıxacaq. Ola bilər Rusiyaya yaxın bəzi ölkələr taxıl asılılığına görə Moskvayla hesablaşmağa məcbur olsunlar.
  • Azərbaycan ərzaq məhsullarının idxalından nə qədər asılıdır? Daxili istehsal tələbatı ödəmək imkanları nə qədər genişdir?
  • Azərbaycanda əsasən taxıl məhsullarında ciddi asılılığımız var. Kənd təsərrüfatının digər sahələrində müəyyən qədər özümüzü təminat səviyyəmiz var. Azərbaycanın gələcək illərdə qarşılaşdığı əsas çətinlik su çatışmazlığı olacaq. Aqrar Təhqiqatlar Mərkəzinin taxıl istehsalı ilə bağlı açıqladığı rəqəmlərə görə, taxıl əkinlərinin cəmi 30 faizində su var, 70 faiz ərazidə su problemi var. Bəzilərində su qıtlığı yaşanır, bəzilərində dəmyə üsulu ilə əkinləri həyata keçirirlər. Ölkədəki təsərrüfatların cəmi 5 faizində müasir suvarma sistemləri quraşdırılıb. Nəzərə almaq lazımdır ki, Azərbaycan Cənubi Qafqazda şirin su ehtiyatları ilə ən az təmin olunan ölkədir. Təxminən regiondakı şirin suyun 10 faizi bizim ölkəmizdədir. Baxmayaraq ki, Azərbaycan sahəsinə görə Ermənistandan və Gürcüstandan böyükdür. Digər problem ondadır ki, Azərbaycana gələn suyun mütləq əksəriyyəti qonşu ölkələrdən gəlir.
  • Bəs işğaldan azad olunan bölgələrdə su ehtiyatlarının olması barədə deyilənləri necə şərh edərdiniz?
  • Bunlar həmin ərazilərə və ora yaxın yerlərə çox töhfə verə bilər, vəziyyəti də yaxşılaşdırar. Amma ölkədə suvarma sistemlərinin ciddi şəkildə yenilənməsinə ehtiyac var. Rəsmi rəqəmlərə görə ölkədə suyun üçdə biri israf olunur, bu, dəhşətli rəqəmdir. Onsuz da Azərbaycanda su qıtlığı var və biz olan suyun üçdə birini itiririk. Əgər kənd təsərrüfatının problemlərlə üzləşməsini istəmiriksə, suvarma sistemlərinə ciddi investisiya qoyulmalıdır. Bizdə məhsuldarlığın aşağı olmasının səbəblərindən biri də toxumlarla bağlıdır. Çünki dünyanın bir çox ölkəsinin kənd təsərrüfatında toxumların keyfiyyətinə nəzarət mexanizmlərini görürük. Azərbaycanda bu mexanizm yoxdur, biz bilmirik ki, kəndli, fermer hansı sort toxumlardan istifadə edir. Buna nəzarət mexanizmləri olsa, məhsuldarlığı artıra bilərik. Digər vacib amil sığorta və subsidiya mexanizmləri ilə fermerləri təşviq etməkdir. Həm də biz Azərbaycanda yerli istehsaldan danışırıqsa, yerli istehsalın dəyər zəncirinin formalaşmasında ixracın ciddi rolu var. Məsələn, bugünlərdə Azərbaycanda siqaret çatışmazlığı gündəmə gəldi, bəzi marka siqaretlər bazarda yox idi. Həmin istehsalçı şirkət açıqladı ki, xammalı Ukraynadan idxal edirlər, indi isə müharibəyə görə yollar bağlıdır, ala bilmirlər. Əslində, rəsmi rəqəmlərə görə Azərbaycan siqaret ehtiyacının böyük hissəsini özü edir, siqaretlər burda istehsal olunsa da, tütün Ukraynadan gəlir. Ona görə istər kübrələr, yaxud kənd təsərrüfatı texnikası olsun, kənardan alırıq. Təbii ki, bu asılılıqdan qurtarmaq üçün Azərbaycan mütləq qaydada su problemini həll etməlidir, bura məhsuldarlığın, yerli istehsalın payının artırılması vacibdir ki, çətin dövrdən daha rahat keçməsinə təsir göstərər.
  • Azərbaycan hökumətinın ərzaq qıtlığı və bahalaşmadan daha az zərərlə çıxması üçün hansısa alternativ yollar düşündüyü görünürmü?
  • Hökumətlərarası rəsmi diplomatik ritorikada bunu görürük. Prezidentin sərəncamları vardı ki, hökumətlərarası işçi qruplarının tərkibinə kənd təsərrüfatı və qida təhlükəsilə bağlı əməkdaşlar da daxil edildi. Amma bu məsələ daha geniş miqyasda qoyula bilər. Məsələn, torpaq bölgüsüylə bağlı çətinliklər qalmaqdadır, fermerlər öz məhsullarını birbaşa bazara çıxarmaqda çətinlik çəkirlər. Ona görə hökumətin təkcə rəsmi diplomatik addımları yetmir. Bu da olmalıdır, amma fermerlərin rahat işləmələri və məhsullarını bazara rahat çıxarmaları üçün ciddi islahatlara ehtiyac var. Həm də son dövrlər kənd təsərrüfatında daha çox aqroholdinqlərin paylarının artırılması görünür. Məncə, orta və kiçik fermerlər birliklərinin yaradılması aqroholdinqlərin bazarda payının yüksək olmasına nəzərən daha çox bazarı canlandıra bilər.
Gözdən qaçırmayın:  Ramiz Göyüşov da Əli Əliyevi məhkəməyə verdi

The post İqtisadçı Fərid Mehralızadə: “Əhalinin xərclədiyi 2 manatdan biri qida və ərzağa gedir” appeared first on MEYDAN.TV.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button