2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

İqtisadçı prezidentin xarici iş adamları ilə görüşünü “səmərəsiz” adlandırdı

Qubad İbadoğlu: ““Kəkələyən iqtisadi artım” investorları narahat edir”

Prezident İlham Əliyev Berlinə səfəri çərçivəsində alman iş adamları ilə görüşüb.

Əliyev deyib ki, Azərbaycan iqtisadi cəhətdən müstəqildir:

Saytların yığılması Saytlarin yigilmasi

“Bu da hökumətimizin ən əsas hədəflərindən biri idi. Biz, əslində, beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən layihələrin həyata keçirilməsini tamamlamaq üzrəyik və yeni kreditlər götürməyi planlaşdırırıq. Son iyirmi il əsasən enerji sektoru sayəsində sürətli iqtisadi artım illəri olub. İndi isə hədəf iqtisadiyyatımızın daha çox şaxələndirilməsi üzərində işləməkdir”.

“Son 20 ildə iqtisadiyyatımız üç dəfədən çox artıb. Düşünürəm ki, bu, dünya rekordu hesab oluna bilər”, – deyə ölkə başçısı qeyd edib.

Dövlət başçısı xarici investorları Azərbaycana yatırımlar qoymağa dəvət edib.

Əvvəllər də ölkə başçısı daxil olmaqla, bir sıra rəsmilər oxşar çağırışlar ediblər. Ancaq Azərbaycanda siyasi, məhkəmə islahatlarının olmaması xarici biznesmenlərdə tərəddüdlər yaradıb. Hətta 2015-ci il devalvasiyasından sonra Azərbaycanı tərk edən şirkətlər də var idi.

Nəticədə ölkəyə xarici yatırımlar hər il azalan xətlə müşahidə olunurdu. Məsələn, 2022-ci ilin məlumatına görə, 2015-ci ildə ölkəyə yatırılan xarici investisiya 10719,1 milyon, 2016-cı ildə 10161,1 milyon, 2017-ci ildə 9120,5 milyon, 2018-ci ildə 8236,5 milyon, 2019-cu ildə 7129,1 milyon, 2020-ci ildə isə 6125,4 milyon manat olub.

Ötən ilin fevralında isə Heritic Fondunun (Heritage Foundation) dünyada iqtisadi azadlığın durumuna dair açıqladığı “2022-ci il İqtisadi Azadlıq İndeksi”ndə Azərbaycan iqtisadiyyatı “orta azad” kateqoriyasına salınmışdı.

Bu baxımdan Fildişi Sahili (Afrikada ölkə) ölkəsi ilə yan-yanadır. İqtisadiyyatının azadlığına görə, Vanuatu, Paraqvay və Bəhreyn Azərbaycandan öncə gələn 3 ölkədir.

“Ola bilməz axı, xarici investorlara çağırış edəsən, şərait yaradasan, onlar da gəlməsin”

İqtisadçı Natiq Cəfərli Meydan TV-yə deyib ki, İlham Əliyev uzun illərdir xarici səfərlərdə investorların Azərbaycana gəlməsi üçün çağırışlar edir.

Onun sözlərinə görə, 20 ildir ki, investorlar bu çağırışlara məhəl qoymur, ölkəyə gəlmirlərsə, demək, başqa səbəblər var: “Ola bilməz axı xarici investorlara çağırış edəsən, şərait yaradasan, onlar da gəlməsin”.

İqtisadçı səbəblərin idarəetmə və hüquq sistemindən qaynaqlandığı qənaətindədir:

Burda iqtisadi məsələlərdən çox, idarəetmə və hüquqi sahədə yaranan problemlər önə çıxır. İstənilən intestisiyanı cəlbetmə bacarığı olan ölkənin tarixinə baxanda, ilk atılan addım hüquq, məhkəmə islahatları olub. Bura Cənubi Koreyanı, Sinqapuru, Çilini əlavə edə bilərik. Ondan sonra investorlar üçün güvənli bir şərait yaradılıb, ardınca vergi-gömrük güzəştləri tətbiq edilib. Son 50-60 ildə investisiya cəlb etməyi bacaran ölkələrin təcrübəsi eynidir. Amma Azərbaycanda hər şey tərsinə olduğu kimi bu məsələdə də şəxsi güvən, prezidentin şəxsi zəmanəti ilə investor cəlb etmək istəyirlər. Bu, doğru deyil və dünyada belə praktika da yoxdur. Çünki investorlar orta və uzunmüddətli düşünürlər”.

İqtisadçı deyir ki, bu, Azərbaycanın indiki idarəetmə və hüquq sistemində mümkün deyil:

Bir daha təkrar edirəm, ölkə başçısının son 20 ildəki çıxışlarını yenidən araşdırsaq, görərik ki, bu, effekt verməyib. Deməli, məsələ kökündən araşdırmalı, idarəetmədə olan problemlər həllini tapmalıdır. Bunun yolu məhkəmə islahatlarıdır”.

Məhkəmələr ədalətli və tez qərar vermə mexanizmi yaratmasa, heç bir investor Azərbaycana yatırım qoymaz. Hətta bununla bağlı qəribə hadisələr də yaşanır, dövlət başçısı yeni icra başçıları təyin edərkən, onlara intestor cəlb etməyi tapşırır. Bu, anlaşılan deyil. Çünki yerli icra orqanlarının investisiya cəlb etmək səlahiyyəti də yoxdur. Onların qanunla investorların işinə müdaxiləsi də qadağandır. İnvestorları cəlb etmək seçkili orqanların səlahiyyətindədir. Məsələn, İstanbul, Ankara bələdiyyələri, İzmir milyardlarla investisiya cəlb edə bilir. Deməli, seçilmiş bələdiyyə institutuna keçmək lazımdır ki, investorları cəlb etmək mümkün olsun. Onun üçün də qanunvericiliyə dəyişiklik edilməlidir ki, bələdiyyələrin belə imkanları olsun”, – deyə Cəfərli əlavə edib.

Natiq Cəfərli
Foto: Meydan.TV

İqtisadçı düşünmür ki, Prezidentin Almaniya səfərindən sonra investisiyalarla bağlı hansısa irəliləyiş olsun.

Onun fikrincə, Azərbaycanda yeganə cəlbedici investisiya sahəsi energetikadır:

Çünki energetika sahəsində “oyun qaydaları” fərqlidir. Bütün müqavilələr parlament tərəfindən təsdiqlənib konstitusion hüquqa malik olur və hökumətin onu pozmağa səlahiyyəti olmur. Hakimiyyət dəyişsə də, müqavilələri pozmaq mümkün deyil. O baxımdan hələ də energetika sahəsində alman şirkətlərini cəlb etmək mümkündür. Amma belə səfərlərlə digər sahələrə investorları cəlb etmək yox, yalnız tanışlıq ola bilər”.

“Əvvəla, müstəqil məhkəmə hakimiyyətinə ehtiyac var”

Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu İlham Əliyevin alman iş adamları ilə görüşünü çox səmərəsiz adlandırıb.

Q.İbadoğlu deyir ki, Almaniyaya səfər edib Azərbaycanda fəaliyyət göstərən iş adamları görüşmək və söhbətin böyük hissəsini enerji sektoruna həsr etmək Bakının götürdüyü strategiyaya uyğun deyil:

İlham Əliyev çıxışına başlayanda bildirdi ki, iqtisadiyyatın şaxələndirilməsi üçün xarici dəstəyə ehtiyac var. Amma əslində iqtisadiyyatın şaxələndirilməsi o deməkdir ki, qeyri-enerji sektoruna investisiya cəlb etmək lazımdır. Görüşün isə 75 faizi enerji sektoruna həsr olundu. Başqa sektorlara gəlincə, danışıqlar çox bəsit aparıldı. Tikinti sektoru ilə bağlı “Knauf” Şirkətlər Qrupunun tərəfdaşı Uve Knotzerlə söhbəti izlədim. Əslində, bu şirkət Azərbaycanda işləyir və deyir ki, ehtiyatları tükənir, yeni ehtiyatlar istəyirlər ki, istismar etsinlər. Kənd təsərrüfatında isə daha çox kartofdan danışdılar. Halbuki katrof toxumu ilə bağlı şirkətin Azərbaycana gəlməsi o qədər də önəmli deyil. Bizə önəmli olan yeni texnologiyalar və innovasiyalar gətirən şirkətlərdir. Amma onlar da gəlmirlər”.

Xarici investorların Azərbaycana gəlməməsi sualına cavab verən İbadoğlu bildirir ki, bunun üçün bir sıra islahatlar həyata keçirilməlidir:

Əvvəla, mülkiyyət toxunulmazlığı üçün müstəqil məhkəmə hakimiyyətinə ehtiyac var. Təəssüf ki, investorların hüquqlarının qorunması baxımından müstəqil məhkəmə inkişaf etməyib, ümumiyyətlə, yoxdur. İkincisi, ölkənin daxilində sabit artım olmalıdır. Azərbaycanda isə keçən ay 1.5 faiz enmə, bu ay 0.4 faiz artım olub. Sənaye sektorunda da tənəzzül davam edir. Yəni “kəkələyən iqtisadi artım” investorları narahat edir. Üçüncüsü, Azərbaycanda qiymətli kağızlar bazarı yoxdur, bu isə investorlar üçün çox önəmlidir. Dördüncüsü, Azərbaycanda tenderlər bir mənbədən bölüşdürülür, açıq rəqabətli tenderlər keçirilmir”.

Qubad İbadoğlu: Foto: Meydan TV

İnhisarçılıq inkiaf edir, korrupsiyaya görə isə 180 ölkə arasında 157-ci yerdəyik. Eyni zamanda, hökumətin valyuta siyasəti çox sərtdir, ölkədən valyuta çıxartmaq problemləri var. İqtisadi azadlıqlar, liberallaşdırma, ticarət açıqlığı zəifdir. Azərbaycan valyutası dəyərini itirir, “üzən valyuta” rejimi ilə onun məzənnəsi müəyyənləşdirilmir. Ona görə devalvasiya riskləri qalır”, – Qubad İbadoğlu belə deyir.

O bildirib ki, Azərbaycanın Dünya Ticarət Təşkilatının üzvü olmadığına görə məhkəmə iddialarını beynəlxalq səviyyəyə qaldırmaq imkanları məhduddur.

Qubad İbadoğlu sadaladıqlarını əsas götürərək hesab edir ki, yaxın dövrlərdə Azərbaycana xarici investorlar gəlməyəcək:

Gələnlər də enerji sektorunda dövətin sərmayələrindən bəhrələnmək üçün istifadə etməyə çalışacaq. Enerji sektoru da Rusiya-Ukrayna müharibəsinin getdiyi dövrdə cəlbedicidir, müharibə bitəndən sonra fərqli yanaşma olacaq. Yeri gəlmişkən, prezident görüşdə 2030-cu il strategiyasına əsasən borc alacağımızı və toplayacağımız ümumi məbləğin 40-50 milyard dollar olduğunu açıqlayıb. Bu, Azərbaycan üçün böyük məbləğdir. Təəssüf ki, investor tapmayan Azərbaycan borclanma yolunu seçir. Bu isə gələcək nəsillər üçün böyük məsuliyyət və öhdəliklər deməkdir”.

Həmin pulların korrupsiyalaşmış sektora yatırılması onların mənimsənilməsi ilə nəticələnəcək. Təəssüf ki, o borcların qaytarılması gələcək nəsillərin üzərinə düşəcək. Bu, yolverilməzdir. Ölkə o qədər borca girsə, postneft dövründə onun altından çıxmaq mümkün olmayacaq, defolt vəziyyəti yaşaya bilərik”, – deyə İbadoğlu qeyd edib.

“Bu məsələlər tədricən aradan qaldırılacaq”

Deputat Vahid Əhmədov Meydan TV-yə deyib ki, Azərbaycanda investisiya qoyulması ilə bağlı ciddi problemin olmadığı qənaətindədir:

“Ancaq indi Qarabağın azad edilən əraziləri ortaya çıxıb, ora da küllü miqdarda vəsait lazımdır. Əsas çağırış da bununla bağlıdır. Dövlət büdcəsindən ərazilərin bərpasına bu il üçün 2-3 milyard ayrılıb, amma o qədər böyük deyil. Çünki bölgədə 10 minlərlə evlər, iaşə obyektləri tikilməlidir. Bilirsiniz ki, 2026-cı ilə qədər qayıdış proqramı var, buna uyğun olaraq maliyyə vəsaitinə ehtiyac var. Prezident də buna görə çağırış edir”.

Vahid Əhmədov. Foto: Meydan TV

Vahid Əhmədov Azərbaycan məhkəmələrində və digər sahələrdə sahibkarlarla müəyyən problemlərin olduğunu da deyir:

“Tədricən bu məsələlər də aradan qaldırılacaq, amma problemlər var”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button