2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

İrəvanda şərt qalmadı… – 24 saat

“Beynəlxalq ictimaiyyət Türkiyənin müttəfiqi olan Azərbaycanın ərazi bütövlüyünü tanımayan yeganə ölkə olmanın təhlükəsindən açıq şəkildə danışır”. Bunu parlamentin iclasında çıxışı zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. O, deputatlar qarşısında kifayət qədər açıq danışıb və Azərbaycanın şərtlərini qəbul etməkdən başqa yol olmadığını bildirib: 

“Bu gün beynəlxalq ictimaiyyət bizə deyir: Dağlıq Qarabağ məsələsində “plankanı” bir az aşağı salın. Bununla siz Ermənistan və “Artsax” ətrafında daha böyük beynəlxalq konsolidasiyaya malik olacaqsınız. Əks halda, bizə ümid bağlamamağı xahiş edirik, sizə kömək edə bilmirik. Amma siz kömək üçün şərait yarada bilərsiniz”.

Paşinyan bəyan edib ki, beynəlxalq tərəfdaşlar İrəvanın hazırkı mövqeyinin təkcə “Artsax” üçün deyil, həm də Ermənistanın özü üçün böyük təhlükə olduğunu bildirirlər. Onun fikrincə, bu gün dünyada öz sərhədləri ilə kifayətlənməyən az ölkə var. Məhz bu səbəbdən Paşinyan əmin edib ki, o, Ermənistan üçün sülh gündəliyinin alternativinin olmadığını təkrar etməyə məcburdur.

Saytların yığılması Saytlarin yigilmasi

Baş nazir daha sonra Türkiyə-Ermənistan danışıqlarından bəhs edib. O deyib ki, İrəvan Ankara ilə müzakirələrdə bütün riskləri və tələləri anlayır. Amma eyni zamanda, Türkiyə ilə danışıqları davam etdirmək, dialoq qurmaq lazımdır. Paşinyan da hesab edir ki, Türkiyə ilə danışıqlarda durğunluq yaşanmaması üçün hər şeyi etmək lazımdır. Onun sözlərinə görə, Ermənistan prosesin o qədər də sürətli olmayacağını anlayır və bu barədə beynəlxalq tərəfdaşlarına məlumat verir: “Amma bu sürətli nəticələr olmadıqda durğunluq yaranması təhlükəsi var. Onun qarşısını almaq üçün kiçik addımlarla irəliləmək lazımdır”.

Baş nazir onu da vurğulayıb ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi beynəlxalq tərəfdaşların tam dəstəyini alır: “Əsas məsələ ondan ibarətdir ki, dəstəyin miqyasına və alətlərinə son dərəcə diqqətli olmaq lazımdır, çünki söhbət ikitərəfli münasibətlərdən gedir”.

Xatırladaq ki, aprelin 6-da Brüsseldə Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan Prezidenti ilə Ermənistan Baş naziri arasında keçirilən görüşdə mühüm irəliləyişlərin əldə olunduğu bəyan edilib. Tərəflər aprelin sonuna qədər sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı birgə komissiya qurmağa razılaşıblar. Paşinyan bu gün deyib ki, bu quruma üzvlər təyin ediləcək. Həmçinin, Ermənistan Azərbaycanın irəli sürdüyü 5 maddəlik baza prinsiplərini qəbul etdiyini bəyan edib. Bu sənəd tərəflərin qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınmasını, güc tətbiq etməmək və sərhədlərin dəqiqləşdirilməsini, kommunikasiyaların açılmasını ehtiva edir. 

Bu bəyanatlardan sonra Paşinyan hökuməti açıq şəkildə daxildə Rusiyapərəst müxalifətin artan təzyiqləri ilə üzləşir. Dünən onların nümayəndəsi, keçmiş müdafiə naziri Seyran Ohanyan bir qrup həmkarı ilə Xankəndinə gəlməyə cəhd edib. Azərbaycanın Rusiya sülhməramlılarına sərt xəbərdarlığından sonra onlar Laçın dəhlizindən Qarabağa buraxılmayıb. 

Bundan əvvəl isə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında ilk telefon danışığı həyata keçirilib. Tərəflər Brüssel görüşündə əldə olunmuş razılaşmaların icrasını müzakirə ediblər.   

Dünən Azərbaycan Prezidenti İlham Əliyev də hökumətin müşavirəsində nazirlərin telefon danışığını və ümumiyyətlə, prosesin gedişini, beynəlxalq birliyin reaksiyasını müsbət dəyərləndirib: 

“Avropa İttifaqı ilə bizim təmaslarımız müharibədən sonra daha intensiv xarakter alıb. Avropa İttifaqı da postmünaqişə dövrünün reallıqlarını qəbul edib. Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişelin təşəbbüsü ilə dekabr və aprel aylarında üçtərəfli görüşlər keçirilib. Görüşlər haqqında məlumat verilmişdir, bu məsələ ilə əlaqədar çox da danışmaq istəmirəm. Ancaq əlbəttə ki, həm ekspertlər, həm Azərbaycan ictimaiyyəti gördülər ki, yekun kommunikedə “Dağlıq Qarabağ” adı yoxdur, bu da təbiidir. Çünki Azərbaycan buna etiraz edib və “münaqişə” sözü də yoxdur. Bu da təbiidir, çünki münaqişə yoxdur. Münaqişə həll olunub. İndi isə Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur və son aprel görüşündə – 6 aprel tarixində keçirilmiş görüşdə bu məsələlər müzakirə edilib”.

İlham Əliyev daha sonra bildirib ki, Azərbaycanın iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün təklif etdiyi 5 prinsipə Ermənistan tərəfi də müsbət yanaşır: “Brüssel görüşündə mən bunu özüm aydınlaşdırdım ki, Ermənistan 5 prinsipi qəbul edir. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir. Yəni, əgər bu 5 prinsipi qəbul edirsə, – bu, aprel görüşündə təsdiqləndi, – bu məsələlər bu 5 prinsipin tərkib hissəsidir. Bu, çox müsbət haldır və hesab edirəm ki, ikitərəfli əlaqələrin normallaşdırılması üçün əsas şərtdir. Razılaşdırıldı ki, həm sərhədlə, həm də sülh müqaviləsinin hazırlanması ilə bağlı işçi qrupları yaradılsın. Bildiyiniz kimi, bu günlərdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında hesab edirəm ki, yaxın tarixdə, bəlkə də son 30 il ərzində birinci dəfə telefon söhbəti də oldu. Biz bunu da müsbət qiymətləndiririk. Çünki iki ölkə arasındakı münasibətləri iki ölkə həll etməlidir. Buna köməklik göstərmək istəyənlər kömək göstərməlidirlər. Mən bunu belə görürəm, bizim mövqeyimiz bundan ibarətdir. Hesab edirəm ki, sərhədin delimitasiyası ilə bağlı aprelin sonuna qədər formalaşdırılacaq işçi qruplar, eyni zamanda, sülh müqaviləsinin hazırlanmasına dair işçi qruplar tezliklə öz işinə başlamalıdır. Bu prosesə biz çox böyük ümidlərlə baxırıq və vaxt itirmək lazım deyil”

Beləliklə, həm İrəvandan, həm də Bakıdan ən yüksək səviyyədə verilən bəyanatlarda antaqonist məqamlar yoxdur. Xüsusən, Ermənistan rəhbərinin mövqeyi ilk dəfə postmüharibə dövrünün real situasiyasına uyğundur və bu da Azərbaycanı qane edir. 

Prosesin nə qədər rəvan gedəcəyini isə hadisələrin inkişafı göstərəcək. Çünki Rusiya və onun Ermənistandakı uzantıları, habelə Qərbdəki erməni lobbisi Paşinyanın konstruktiv mövqeyindən narahatdır. Qarşıdakı günlərdə İrəvanda və Qarabağdakı mövqelərdə yeni təxribatların baş verəcəyi istisna deyil…

Turqut 

24 saat” “İrəvanda şərt qalmadı… – 24 saat” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button