2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

İradə Gülməmmədova bütün tikinti işlərinə haqq qoyub: 2 min manat – İDDİA

“İlham Əliyev onu vəzifəyə təyin edib ki, xalqa xidmət göstərsin, o isə xalqın qanına susayıb”

Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədovanın idarəçiliyindən qaynaqlanan problemlərdən kifayət qədər yazılıb. Yazılanların, göstərilən faktların nəticəsizliyi göz qabağındadır, amma neyləyək ki, medianı özünə sonuncu dayaq sayan vətəndaşların şikayətləri səngiçək bilmir. Odur ki, faydasızlığına əmin olsaq belə eyni mövzuya dönə-dönə qayıtmaq zorunda qalırıq. Beləliklə…
Bu dəfə bəlli səbəblərdən adını, soyadını və konkret ünvanını göstərməyən şikayətçi savash.org-a Abşeron RİH nümayəndələrinin ondan pilləkəninin üstünü bağlamaq üçün 1000 (min) manatı necə “qopartdıqlarının” təfərrüatlarını yazıb. Onun şikayətindən bir hissəni olduğu kimi diqqətinizə çatdırırıq: “Təsəvvür edin ki, evimin qabağında 3 metr uzunu 3 metr də eni olan pilləkənin üstünü bağlamaq istəyirdim. Pilləkənin üstü açıq olduğu üçün yağış, qar yağanda çox əziyyət çəkirik. Evim də 1 sot torpağın içində tikilib. Həmin pilləkənin kənarına divar tikdirib üstünə də dam örtüyü vurdurub, evə birləşdirmək istəyirdim. Ustanı çağırdım, gəlib fundamenti qazıb qurtardı. Yeni 2-3 daş hörmüşdü ki, Post Patrul Xidməti qapını kəsdi və məndən “şirinlik” istədilər. Çıxarıb, 20 manat təklif etdim. Öncə razılaşmadılar sonra isə “yaxşı, ver” deyib, pulu alıb getdilər. Bunlar yenicə getmişdilər ki, icradan nümayəndələr gəldi. Onlar da gəlib iş avandlığı verdikdən öz “şirinliklərini” istədilər. Başımı ağrıtmamaq üçün bir 20-lik də onlara uzatdım. Pulu üstümə atdılar ki, dilənçiyəmi verirsən? Qısası, mənə dedilər ki, 2 min manat verməsən, bir daşı da daş üstünə qoya bilməyəcən. Mən də dedim ki, ev tikmirəm, sadəcə evimin qabağına artırma edirəm. Yağış bütün pilləkənin üstünə yağır, çox əziyyət çəkirik. Dedilər, bizə fərqi yoxur. İcra başçısı İ.Gülməmmədova deyib ki, tikinti aparan qohumum da olsa, 2 min manat almadan gəlməyin”
Əvvəlcə tələb olunan məbləği vermək istəməyən şikayətçinin sonrakı hekayəti isə daha maraqlıdır: “Onlara bildirdim ki, sizə bir qəpik də verən deyiləm. Gedin, bildiyiniz edin, mən işi davam etdirəcəm. Bir də baxdım ki, evə “ekskavator” gətirdilər ki, ev qarışıq həmin tikilini uçuracağıq. Gördüm artıq vəziyyət gərgindir, tikintini dayandırdım. Onlara da bildirdim ki, daha tikinti aparılmayacaq. Beləcə bunlar çıxıb getdi. Sonradan icra hakimiyyətinin işçilərindən gündə biri gəlirdi ki, gəl, 1500 manat ver, işi düz-qoş edək, tikintini davam etdir. Nəysə, həmin “xeyirxahlardan” birinin köməkliyi ilə İ. Gülməmmədovanı 1000 manata razılaşdırdıq və tikintini apardım”.
Şikayətçi daha sonra bildirir ki, hətta evi yanmış sakinlər də evlərini yenidən bərpa etdirən zaman İ.Gülməmmədovaya “haqq” verməli olurlar: “Təsəvvür edin ki, qonşulardan birinin evinin damı yandı. Həmin şəxs evinin damını yenidən təmir etmək istəyirdi. İcra ondan rüşvət tələb etdi.O da, şikayətləndi ki, mənim evim yanıb, mənə köməklik göstərməkdən, məndən “haqq” istəyirsiniz. Xülasə, həmin qonşumdan 500 manat almamış evinin damını bərpa etdirməyə icazə vermədilər. 500 mantı aldıqdan sonra icazə verdilər. Hətta hazırda kimsə evinin köhnəlimş damını bərpa etmək və ya yeniləmək istəyirsə, icraya 500 manat pul ödəməlidir. Dərdimizi kimə deyək bilmirik. Polisə şikayət edirsən, deyir get məhkəməyə ver. Məhkəməyə gedirsən, məhkəmə də onları dəstəkləyir”.
Şikayətçinin sözlərinə görə, İ.Gülməmmədova hər məhlədə özünə bir xəbərçi tutub: “ İnanın ki, evdə “laqonda” ilə xırda nəsə doğrayanda da icradan nümayəndə gəlir ki, nə tikirsən. Belə dəhşət olar? Hər küçədə özlərinə bir satqın saxlayırlar. Onların vasitəsilə də harada nə iş görüldüyünü bilirlər”. Sonda sakin onu da əlavə edib ki, İ.Gülməmmədova Prezidentlə xalq arasında uçurum yaradır: “Bilirik ki, dövlət başçısı bundan xəbər tutsa, İ. Gülməmmədovanı dərhal həbs etdirər. Amma Prezidentin bundan xəbəri olmur. İlham Əliyev onu vəzifəyə təyin edib ki, xalqa xidmət göstərsin, o isə xalqın qanına susayıb”.

savash.org

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button