ÖLKƏ

İran Azərbaycanda aktiv ideoloji təbliğatla məşğuldur

ABŞ-ın Vaşinqton universitetində sosiologiya üzrə doktorantura tələbəsi Ramin Cabbarlı müsahibəsində İran rəsmilərinin sərnişinlərinin çoxunun iranlı olduğu Ukrayna hava yollarına məxsus təyyarənin hərbi qüvvələr tərəfindən vurulduğunu etiraf etməsindən sonra baş qaldırmış etirazların xarakteri, İran Azərbaycanında hazırkı hadisələrə reaksiyalar və İranın Azərbaycanda dini-ideoloji təbliğat səyləri haqda danışıb.

Ramin Cabbarlı İranda hazırkı etirazların ölkədə insanların ciddi narazılığının göstəricisi olduğunu bildirib və “hakimiyyətin legitimliyinin sual altında olduğunu” deyib. Onun fikrincə, bu etirazların davam etməsi ölkədə “ciddi bir legitimlik böhranının yaranmasına” gətirib çıxara bilər. O, etirazların davam edəcəyini gözlədiyini deyib.

Ramin Cabbarlı “İran azərbaycanlılılarının etirazlara qoşulmasının bir neçə vacib səbəbləri” olduğunu qeyd edib. “Birinci, azərbaycanlılar təkcə fars olmayan etnikdirlər ki, həm İranın mərkəzində yaşayırlar, həm də İranın sərhədyanı bölgələrində. Yəni həm Azərbaycan bölgəsində, həm Tehranda və başqa şəhərlərdə də bir sıra təxminlərə görə ən azı 5 faiz azərbaycanlılar yaşayır. Hətta farsların çoxluqda yaşadıqları bölgələrdə. Onun üçün yəni bunların, azərbaycanlıların etiraza qoşulması önəmlidir bu baxımdan. Keçən etirazlarda da, indiki etirazlarda da azərbaycanlılar bəlli dərəcədə qoşulmuşdular. Bu, milli hərəkatın tam şəkildə etiraza qoşulması anlamında deyil. Amma milli hərəkat da bu etirazlara təbii ki, müsbət baxır. Amma bir məsələ də var. Yəni azərbaycanlılar və başqa fars olmayan etniklər bu hərəkatlardan sonra, yəni etirazlardan sonra nə əldə edəcəkləri haqqında daha çox düşünürlər. Yəni bu qədər riskdən sonra, etiraz riskindən sonra – orada ölüm riski var, həbs olunma riski var- ondan sonra nə ola bilər. Mənim şəxsi düşüncəm budur ki, azərbaycanlılar və fars olmayan digər etniklər, hətta farslarla birlikdə bəlli bir gələcək haqqında, yəni İslam cumhuriyyətindən sonra İran hakimiyyəti hansı yönə gedə bilər, bu haqda daha çox danışmalı, daha çox anlaşmalı və ümumi etirazlar başlanmalıdır.”

Ramin Cabbarlının fikrincə, hazırkı etirazlara keçən ilin noyabr ayında benzinin qiymətinin artırılmasından sonra hökumət əleyhinə nümayişlərin yatırıldığı kimi sərt reaksiya göstərilməməsinin bir səbəbi İran hakimiyyəti daxilində fikir ayrılıqları ilə əlaqədar ola bilər. O, hakimiyyətin öz daxilində birliyin saxlanmasına çalışdığını deyib. Ramin Cabbarlı “daxildəki böhranın” ABŞ sanksiyarına görə iqtisadi imkanları ciddi şəkildə azalmış İran hökumətinin bölgədəki xarici siyasətinə də öz təsirini göstərə bildiyini bildirib. O, İran hakimiyyətinin bölgədə Suriya, İraq və Livanın daxili işlərinə müdaxilə ilə yanaşı, qonşu Azərbaycan və Gürcüstanda “aktiv şəkildə” siyasi-ideoloji təbliğatla məşğul olduğunu deyib. Ramin Cabbarlı Qasım Süleymaninin öldürülməsindən sonra Azərbaycanda verilən reaksiyaları xüsusi qeyd edib.

“Azərbaycana qarşı, Azərbaycanın mənafelərinə qarşı İrandan iki ana təhdid var” – deyə, o bildirib.

“Biri çox əvvələ gedir bu məsələ. Misal üçün, hətta 1918-ci ildə Azərbaycan Cumhuriyyəti qurulandan sonra İranın qəzetlərində birbaşa iddialar var idi ki, siz Azərbaycan adını verə bilməzsiniz cumhuriyyətinizə, çünki ora Azərbaycan deyil, ora Arandır. Bu, daha çox İran milliyyətçiliyinin, İran millətçiliyinin və hətta irqçiliklə qarışmış bir millətçiliyinin Azərbaycan mənafeyinə qarşı təhdidi idi. O zaman Məmməd Əmin Rəsulzadə şəxsən cavab verirdi Tehran qəzetlərinə və orada yazıları yayılırdı. Hətta bəzən bir sıra güneylilər də İran millətçilərinə qarşı məqalələr yazırdı və nəşr olunurdular. Bunlar sonra Bakıda da nəşr olundu. Bu, İran millətçilərinin təhdididir.”

Ramin Cabbarlı İranın “dini-ideoloji təbliğatının Azərbaycan üçün daha bir təhdid olduğunu” bildirib.

“İkinci bir təhdid İran dinçilərinin, İranda dini ideologiyadan istifadə edənlərin təhdididir. Yəni dini ideologiyadan istifadə edənlər hakimiyyətlərini sadəcə İranın indiki coğrafiyasında görmürlər. Yəni onlar daha çox şiələrin yaşadığı yerləri onların potensial hakimiyyət coğrafiyaları kimi görürlər və bunun üçün ciddi təbliğatlara başlayırlar. Ciddi təbliğatlar misal üçün, Qumda dini bir müəssisə var və ora Azərbaycandan burslu şəkildə insanlar gedirlər dini təhsil alırlar və bu, sadəcə dini təhsil deyil, bu, eyni halda bir ideoloji təhsildir və bu ideoloji təhsil İranın maraqlarına qulluq edən bir ideoloji təhsildir. Və onlar təsəvvür edin, qayıdırlar Azərbaycan Respublikasına ki, bir ideoloji sistemdən çıxıb və ideoloji sistemdən çıxdıqdan sonra, sovet dağıldıqdan sonra ciddi bir şəkildə bir ideoloji böhran içindədir. Bu ideoloji böhranı doldurmaq üçün təbii, ciddi şəkildə milli fəallar və milli düşüncəli insanlar fəaliyyət göstəriblər. Ciddi bir ideoloji və milli rəvayət lazım olduğu halda, təəssüf ki, bunu tam məncə, Azərbaycan içində hələlik oturuşdura bilməyiblər. Yəni istər Azərbaycan hakimiyyəti olsun və ya istər Azərbaycan aydını, ziyalısı, məncə, bir Azərbaycan rəvayəti olmalıdır burada, yəni ideoloji bir şəkildə və Azərbaycan vətəndaşları özlərini ona bağlı bilməlidirlər. Bu, təbii ki, milli bir Azərbaycan rvayəti olmalıdır. Və bunun içində libellar da ola bilər, solçular da ola bilər. Yəni fərqli ideoloji baxışlar ola bilər, amma Azərbaycan üçün ideoloji baxışlar. Bunlar İranın müdaxiləsinin qarşısını ala bilər.”

Amerikanın səsi

24saat.org

Mənbə – azadliq.info

Etiketlər
Daha çox

Bənzər məqalələr

Back to top button
Close
Close