2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

İran Azərbaycanla müharibəyə başlasa…

İran İslam Respublikası (İİR) ilə Azərbaycan arasında münasibətlər son dərəcə gərgindir. Müstəqillik tarixində siyasi, diplomatik münasibətlər ilk dəfədir bu qədər aşağı səviyyəyə enib. Qarşılıqlı hədələr, sərt ritorika “soyuq müharibənin” davam edəcəyi, hətta yeni fazaya keçəcəyi barədə narahatlıq yaradır.

Səbəb nədir?

Birincisi, 44 günlük müharibədən sonra regionda yaranmış vəziyyət İranı narahat edir. Azərbaycan işğal altında olan 137 kilometrlik sərhədinə nəzarəti təmin edib, 2021-ci ilin sentyabrın 12-də dövlət sərhədində, Qafan-Gorus yolunun Azərbaycandan keçən hissəsində polis və gömrük postu qoyub, ölkə ərazisinə girən İran nömrəli yük maşınlarını gömrük rüsumuna cəlb edib.

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycanın Zəngəzur dəhlizinin açılmasında israrlı mövqeyi Tehranda ciddi narahatlıqla qarşılanır, rəsmilər bunu “qırmızı xətlərin aşılması” (?) kimi təqdim edirlər. Qeyd edək ki, Azərbaycan Ermənistanla sərhədlərə qədər bu dəhlizi formalaşdıracaq avtomobil və dəmir yolunun inşasını həyata keçirir. 

İkincisi, son 5 ildə İsraillə müdafiə və təhlükəsizlik sahəsində əlaqələr dərinləşib, Azərbaycan bu ölkədən milyardlarla dollar dəyərində müasir hərbi texnika, pilotsuz təyyarələr, hava hücumundan müdafiə sistemləri alıb. İran bu əməkdaşlığı öz təhlükəsizliyinə təhdid sayır.

Üçüncüsü, müharibədən sonra Azərbaycan cənub sərhədlərini kifayət qədər möhkəmləndirib, sərhəd qoşunlarının ən müasir silah sistemləri ilə, o cümlədən İsrail və Türkiyənin müdafiə sənayesinin məhsulları təchiz edib, işğaldan azad edilən bölgələrdə yeni hərbi infrastruktur formalaşdırıb. İran hakimiyyəti fakt-sübut təqdim etmədən Azərbaycanın həyata keçirdiyi bu tədbirləri İsrailin Tehrana qarşı hücum hazırlıqları kimi təqdim edib və Bakıdan sərt cavab alıb.

Dördüncüsü, 44 günlük müharibədən əvvəl, hərbi əməliyyatların gedişində və sonra Türkiyə – Azərbaycan ittifaqı olduqca effektli təsir bağışlayıb. Şuşa bəyannaməsinin imzalanması, müdafiə sənayesi sahəsində, hərbi, iqtisadi, siyasi sahələrdə güclənən əməkdaşlıq İranı qıcıqlandırıb.

Beşincisi, işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında və bərpasında İrandan heç bir şirkətin dəvət olunmadı, Azərbaycan əsasən Türkiyə və Qərb kampaniyaları ilə əməkdaşlığa üstünlük verdi. 

Altıncısı, Azərbaycan xüsusi xidmət orqanları İranın ölkədə “yumşaq gücünü” təşkil edən qruplara, o cümlədən uzun illər ərzində formalaşdırılan kəşfiyyat qruplarına ciddi zərbələr endirərək, onları xeyli zəiflətdi.

Yeddincisi, Azərbaycan İranın narazılığını gözardı edərək, İsraillə siyasi-diplomatik münasibətləri də üst səviyyəyə çıxardı. Əvvəlcə Təl-Əvivdə ticarət nümayəndəliyi, ardınca səfirliyimiz açıldı.  

Sadalanan və yazılmayan başqa faktorlar İranın özünün nüfuz dairəsi kimi gördüyü Azərbaycanda onun təsir imkanlarını kəskin azaltdı. Tehran rejimi müstəqilliyin ilk illərindən müxtəlif vasitələrlə Azərbaycanda dünyəvi, sivil, inkişaf etmiş, Türkiyə və Qərblə yüksək səviyyəli münasibətlərə malik dövlətin formalaşmasını əngəlləməyə çalışıb. İran əmindir ki, əhalisinin böyük əksəriyyəti ilə eyni millətə, dinə, mədəniyyətə, ortaq tarixə bağlı ölkənin yüksəlişi teokratik rejimin sütunlarını laxlada bilər. Ona görə də Tehran rejimi Azərbaycana qarşı erməni işğalını maksimum dəstəkləyib, dini ekspansiya ilə xalqın milli kimliyini islam ümməti ilə dəyişdirməyə çalışıb. Bu hədəfə nail olmaq üçün ağıla gələn-gəlməyən vasitələrdən istifadə edib, külli miqdarda vəsait xərcləyib. Azərbaycan cəmiyyətinin bugünkü mənzərəsi İran təsirinin izlərini özündə müəyyən qədər əks etdirsə də əsas sütunlar möhkəm dayanıb. Dövləti-cəmiyyət münasibətlərində İranla bağlı vahid mövqe var, müharibədən sonra bu həmrəylik daha da möhkəmlənib. 

İran hakimiyyətində hesab edirlər ki, hərbi-siyasi təhdidlər Azərbaycanı müstəqil xarici siyasətini Tehranla razılaşdırmağa vadar edə bilər. Qonşu ölkənin hədə ritorikası, sərhədlərimizdə güc nümayişi, Londonda, Tehranda səfirliyimizə silahlı hücumlar, Ermənistana silah ötürülməsi, Xankəndiyə terrorçu-diversantlar göndərilməsi bu siyasətin elementləridir.  

Bu günlərdə məlum olub ki, İranın Ermənistana yeni səfir təyin edib. Hazırkı diplomat Abbas Badaşxan Zohurini İranın Suriyadakı səfiri Mehdi Subhani əvəz edəcək. Tehran rejiminin “qırğılarından” olan Subhaninin Ermənistana təyinatı Azərbaycana açıq mesajdır. İran Ermənistanda mövqelərini gücləndirərək, Azərbaycana qarşı təzyiq alətlərini çoxaltmaq və gücləndirmək niyyətindədir. 

Azərbaycan İranın təhdidlərinə qarşı adekvat müqavimət göstərir və yürütdüyü xarici siyasətində qərarlılıq nümayiş etdirir. Martın 28-də İsraildə səfirliyin açılış mərasimində verilən bəyanatlar bu baxımdan əhəmiyyətlidir.

Həmin tədbirdə İsrailin xarici işlər naziri Eli Kohen çox diqqət çəkən bir açıqlama verib. O, deyib: “Azərbaycan və İsrail İranın təhdidini bölüşür. İran regionumuzu təhdid edir, terrora dəstək verməklə, maliyyələşdirməklə Yaxın Şərqdə qeyri-stabillik yaradır. Biz İrana qarşı birgə hərəkət etməliyik. İranın nüvə imkanlarını genişləndirməsinə imkan verməməliyik”.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanani isə cavab olaraq “Azərbaycan hökumətindən sionist rejimin xarici işlər nazirinin Azərbaycanla İrana qarşı vahid cəbhə yaratmaq razılaşması ilə bağlı bəyanatlarını izah etməyi xahiş etdik”, – bəyanatını səsləndirib.

İİR Ordusunun Quru Qoşunlarının Komandanı Kiomərs Heydəri isə cavabında Azərbaycanda guya “sionist” qüvvələrin olmasını və 44 günlük müharibədə Azərbaycanın Suriyadan gətirilən İŞİD terrorçularından istifadə etdiyini və onların hələ də ölkə ərazisində olduğunu iddia edib. O, eyni zamanda İran tərəfindən Ermənistan ilə sərhəddə dəyişikliklərə icazə verilməyəcəyini deyib.

Azərbaycan Müdafiə Nazirliyinin Kiomərs Heydəriyə cavabı olduqca sərt olub: “…Bu gün də heç kimə sirr deyil ki, Ermənistanın dünyada iki əsas müttəfiqi varsa, onlardan biri Fransa, ikincisi isə İrandır. 44 günlük Vətən müharibəsində Azərbaycanın guya İŞİD terrorçularından istifadə etməsinə dair ittihama cavab olaraq bildiririk ki, şanlı Azərbaycan ordusu təkbaşına torpaqlarımızı işğaldan azad edərək zəfər salnaməsi yazmışdır. Bu iddia cəfəng ittiham və iftiradan başqa bir şey deyildir. Bu ittihamın məhz terrorizmi dəstəkləyən və adı dünyanın müxtəlif ölkələrində terror əməllərinin törədilməsində keçən dövlətin yüksək çinli hərbçisi tərəfindən irəli sürülməsi istehza və gülüş doğurur”.

Bəs 40 ildən artıqdır ki, Qərblə savaş halında olan, nüvə silahı yaratmaq üçün var gücü ilə çalışan, Rusiya ilə müttəfiq olan 80 milyonluq İranla mübarizədə Azərbaycana güc verən nədir?

Şübhəsiz ki, ilk növbədə Azərbaycan güclü müttəfiqləri olan Türkiyə və İsrailə güvənir. Hər iki ölkə Azərbaycana qarşı Tehrandan qaynaqlanan hərbi təcavüzə adekvat cavab vermək əzmindədirlər.

İkincisi, Azərbaycanın 44 günlük müharibədə uğurlu performans göstərən, döyüş təcrübəli, yaxşı silahlanmış, yenidən komplektləşdirilmiş ordusu var. 

Üçüncüsü, Cənubi Azərbaycanda yaşayan on milyonlarla türk əhali Tehran rejiminin Azərbaycana qarşı təcavüzünə qarşı çıxa bilər. 44 günlük müharibənin gedişində güneylilərin ordumuzu açıq dəstəkləməsi, İrandan Ermənistana göndərilən yardım karvanlarının qarşısını kəsməsi Tehran hakimiyyətini ciddi narahat etmişdi.   

Dördüncüsü, İran daxilində baş vermiş iğtişaşlar hakim rejimi xeyli zəiflədib, teokratik quruluşun ideoloji əsaslarına ağır zərbə vurub. Xalq-hakimiyyət münasibətlərinin düşmənçilik həddinə çatması Tehranın xarici təcavüzdə əl-qolunu bağlayır.

Beşincisi, ABŞ, Böyük Britaniya, İsrail başda olmaqla güc mərkəzlərinin İranın nüvə silahı əldə etməsinə qarşı vahid fəaliyyəti, vaxtaşırı onun Suriya, Yəməndə, İraqdakı proksi qüvvələrinə hərbi zərbələr endirilməsi Tehranı Azərbaycana qarşı təcavüzdən çəkindirir.

Altıncısı, İran ağır sosial-iqtisadi böhran içindədir, yüksək inflyasiya əhalini yoxsullaşdırıb, narazılıq kəskin artıb, hansısa ölkəyə qarşı müharibə qərarı isə hər şeydən əvvəl güclü, davamlı iqtisadiyyata söykənərək verilməlidir. İranın yaxın illərdə bu problemi aradan qaldırması istisna olunur. 

Beləliklə, mövcud şərait İranla Azərbaycan arasında hərbi qarşıdurmanı istisna edir. Amma münasibətlərin ənənəvi məcraya qayıtması yaxın aylarda mümkün olmayacaq və təhdid ritorikası, qarşılıqlı proksi əməliyyatlar gündəmdə olacaq. Azərbaycan hətta ideal şərait olsa belə, milli təhlükəsizliyin qorunması üçün bütün vacib tədbirləri təxirə salmadan həyata keçirməlidir. Nəzər almaq lazımdır ki, regionda mövcud status-kvo dəyişir və gələcəkdə hansı şərtlərin hakim olacağını proqnozlaşdırmaq çətindir. 

Burada ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayzanın İran-Azərbaycan gərginliyi ilə bağlı yerli mediaya dediyi fikri xatırlatmaq yerinə düşər: “ABŞ Azərbaycana hansısa xüsusi kömək edərmi, bu, inandırıcı deyil. Yəni, ABŞ borclu deyil ki, hansısa ölkəni İrandan qorusun. Amma Azərbaycan hökuməti  istəyərsə, İran təhlükəsinə qarşı Birləşmiş Ştatlarla işbirliyi qura bilər…”

Turqut

The post İran Azərbaycanla müharibəyə başlasa… appeared first on 24 saat.

24 saat” “İran Azərbaycanla müharibəyə başlasa…” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button