2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

İran-İsrail qarşıdurması: “Azərbaycan da müharibəyə cəlb oluna bilər”

Zərdüşt Əlizadə deyir ki, müharibə regiona mənfi nəticələr vəd edir

“Müharibə ola bilər, çünki güclü dövlətə bu cür aşkar hücum olsa, həmin dövlət də cavab addımları və özünü müdafiə barədə düşünür. Artıq müharibə ehtimalının artdığını hesab edirəm”.

Bunu siyasi şərhçi Zərdüşt Əlizadə yanvarın 28-dən 29-a keçən gecə İran İslam Respublikasının hərbi obyektlərində baş verən partlayışları Meydan TV-yə şərh edərkən deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Göstərilən tarixdə Tehran rəsmiləri İsfahandakı hərbi zavodun iki pilotsuz aparatla vurulduğunu etiraf edib.

İslam Respublikasının Müdafiə Nazirliyi bildirir ki, hava hücumundan müdafiə bölmələri İsfahan şəhərinin mərkəzindəki hərbi emalatxanaya pilotsuz təyyarənin hücumunu dəf ediblər.

Azad Demokratlar Partiyasının (ADP) sədri Sülhəddin Əkbər yanvarın 28-dən 29-a keçən gecə baş verənləri müəyyən posesin başlanğıcı adlandırır.

Sülhəddin Əkbər Meydan TV-yə deyib ki, müasir dövrdə müharibələr strateji xarakter daşıyır, çoxtərəfli olur, zamana hesablanır: “Bu kontekstdə baxarıqsa, İranın bəzi hərbi obyektlərinin vurulması ilkin addımlardan sayıla bilər. Yəni strateji müharibənin ayaq səsləri hesab oluna bilər”.

O hesab edir ki, əgər hədəf Tehranın danışıqlardan imtina edib Rusiyaya hərbi yardım göstərməsi və İranın nüvə proqramının dayandırılmasıdırsa, müharibə ehtimalı artan xətlə yüksələcək.

“Müharibə olacağı təqdirdə, bölgə üçün yaxşı heç nə gözləmirəm”

Zərdüşt Əlizadə müharibənin region üçün mənfi nəticələr vəd etdiyi qənaətindədir:

“Ümumiyyətlə, bütün müharibələr mənfi nəticələr verir, fərqi yoxdur, lokal, yaxud böyük müharibələr. Baxın, hansı müharibədən sonra inkişaf olub? Olmayıb! Müharibələr ölüm və dağıntıdır. Odur ki, müharibə olacağı təqdirdə, bölgə üçün yaxşı heç nə gözləmirəm”.

Siyasi şərhçi deyir ki, İranda 20-25 milyon azərbaycanlı yaşayır:

“Müharibənin onlara təsir edəcəyi şübhəsizdir. Düzdür, quru sərhədlərimiz bağlıdır. Ancaq beynəlxalq qanunvericiliyə görə köçkünlərin, qaçqınların yolunu kəsmək düzgün deyil”.

“Azərbaycan Ukraynanın yox, ona qonşu ölkələrin rolunu daşıya bilər”

Sülhəddin Əkbərin hesab edir ki, bu savaş ən azı Yaxın Şərqə yayılacaq:

“Çünki İrana zərbələr vurulacağı halda, Tehran da öz vəkillərindən istifadə edəcək. Yəməndən başlamış Livana, İraqa, Suriya və hətta Azərbaycana qədər müharibə yayıla bilər. Burada Ədən körfəzi və dünya okeanını da nəzərə almaq lazımdır. İran ən azı öz perimetri üzrə İsrail və ABŞ-nın maraqlarına zərbə vurmağa çalışacaq”.

O, Azərbaycanın müharibəyə cəlb olunması ehtimalını kənara qoymur:

“Cəmiyyətimizi qorxutmaq istəmirəm, istənilən müharibədə humanitar böhran qaçılmazdır. Əgər Bakı-Tehran münasibətlərinin xarakterini, İranda mərkəzdən qaçma perspektivlərini nəzərə alsaq, humanitar istiqamətdə mənfi proseslər başlayacaq. Bunun hansı miqyasda inkişaf edəcəyi prosesin dərinləşməsindən asılıdır. Gedişat qısa müddətli şəkildə İrana zərbələr vurulması ilə bitəcəksə, yəni məqsəd nüvə potensialını sıradan çıxartmaqdısa, böhran olmaya da bilər. Yox, genişmiqyaslı müharibəyə çevrilərsə, rejim dəyişikliyi hədəfi qoyularsa, o zaman onun təsirləri ağırlaşar”.

“Genişmiqyaslı savaşda Azərbaycan Ukraynanın yox, ona qonşu ölkələrin rolunu daşıya bilər. Məsələn, Azərbaycan Polşanın, Rumıniyanın durumuna düşər. Yəni Azərbaycan istəməsə də, prosesə cəlb olunar və İran hansısa bəhanəylə ölkəmizi vurar. Onsuz da Tehran rəsmiləri indidən deyirlər ki, Azərbaycanda İsrailin hərbi obyekti yerləşdirilib. Hansısa obyekti İsrailin bazası elan edib zərbələr endirərlər. Bu mənada Azərbaycan məcburi prosesə qoşular. Yaxud vəziyyət elə dərinləşər ki, Azərbaycan ərazisindən istifadə olunar. Necə ki Rusiya Belarus, yaxud NATO ölkələri müəyyən qədər Polşa ərazisindən istifadə edir”, – Sülhəddin Əkbər belə deyib.

Z.Əlizadə Tehranın nədən zərbəni vuran dövlətin adını çəkməməsini belə izah edib:

“Görünür, İranın öz taktikası var. Bunun doğru olub-olmadığını izah etmək çətindir, çünki biz İran rəhbərliyinin əlində olan informasiyadan xəbərsizik”.

Sülhəddin Əkbər və Zərdüşt Əlizadə. Foto: Meydan TV

“İran dünyada nadir ölkələrdəndir ki…”

Zərdüşt Əlizadə 27 yanvarda Azərbaycan səfirliyinə hücuma şərh verməyin tez olduğunu bildirib.

Onun fikrincə, istintaq orqanları hələ nəticələr barədə açıqlama vermədiyindən ehtimallarla danışmaq doğru olmazdı:

“İlkin xəbər odur ki, Tehran hadisənin şəxsi zəmində olduğunu deyir, bu isə Bakını qane etmir”.

Z.Əlizadənin sözlərinə görə, münaqişə öz həllini tapmayınca, Azərbaycanın Tehrandakı səfirliyi bağlı qalacaq: “Məsələ ondadır ki, dövlət başçısında və xarici işlər nazirində olan məlumat bizdə yoxdur. Onlar da hansısa məlumatlar əsasında bu qərarı qəbul ediblər”.

O, İran İslam Respublikasında son 15-20 ildə səfirliklərə basqınları Tehranın xarici siyasəti ilə bağlayır:

“İran dünyada nadir ölkələrdəndir ki, imperialist dövlətlərə baş əymir. Milli maraqlarını anladığı şəkildə müdafiə edir. Bunun nə qədər uğurlu və uğursuz olduğunu İran xalqı deyə bilər. Son iğtişaşlardan belə nəticə çıxartmaq olar ki, İran xalqı rəhbərliyin siyasətindən razı deyil”.

“27 yanvar hadisəsi Azərbaycan rəhbərliyini İsraildə səfirliyin açıqlmasına görə təhdiddir”

S.Əkbər isə deyir ki, İran zərbə vuran dövlətin adını çəksə, ən azı ictimai rəyə görə cavab verməlidir:

“Cavab verəcəyi halda da eskalasiya başlayacaq və daha ciddi cavab alacaq. Görünür, İran eskalasiyada maraqlı deyil. Onsuz da Tehran zərbənin Təl-Əvivdən olduğunu bilir. Bir məqamı xatırlayım, 27 yanvarda həm bizim səfirliyə, həm də Qüdsdə sinaqoq yaxınlığında terror hücumları oldu. Elə həmin gün İsrail hökuməti dar çərçivədə toplaşdı, Netanyahu söylədi ki, cavabları sürətli və güclü olacaq. Bu, artıq zərbənin İsrailin vurduğunu deməyə əsas verir”.

“Düzdür, İsrail rəsmən açıqlama vermir, bu, onların taktikasıdır, qeyri-müəyyənlik xətti siyasətlərindədir. Suriyaya da zərbələr endirir, amma heç də hər zaman etiraf etmir. Bir müddət əvvəl ABŞ-İsrail hərbi təlimləri keçirildi, məqsəd İrana hərbi zərbələr endirmək idi. Bütün hallarda mövcud gedişatda İran-Azərbaycan, İsrail-Azərbaycan münasibətlərinin xarakteri risklər daşıyır. Bakı bunlara hazır olmalıdır”, – deyə o bildirib.

“Hökumət səfirliyin fəaliyyətini dayandırmaqla doğru addım atdı”

S.Əkbər 27 yanvar olayını terror adlandırıb:

“Bunun üçün xüsusi ekspert olmağa ehtiyac yoxdur. Baxın, hücum baş verir və heç bir polis əraziyə yaxınlaşmır. Bu amil hücumun məqsədli təşkil olunduğunu göstərir. 27 yanvar hadisəsi Azərbaycan rəhbərliyini İsraildə səfirliyin açıqlamasına görə təhdiddir. Birinci dəfə deyil ki, belə təhdid olub. Ona görə hökumət səfirliyin fəaliyyətini dayandırmaqla doğru addım atdı. Əgər bir ölkədəki səfirlik müdafiə olunmursa, dünənki qərar tamamilə yerində atılıb”.

Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.

Hücum edən Yasin Hüseynzadə mühafizə xidmətinin rəisi Orxan Əsgərovu ölüdürüb, 2 nəfəri isə yaralayıb.

Səfirliyin təhlükəsizlik əməkdaşı Vasif Tağıyev Yasin Hüseynzadəni zərərsizləşdirib.

Yasin Hüseynzadə bu hücumu həyat yoldaşının 9 aydır ki, səfirlikdə saxlanılması ilə izah etsə də, Azərbaycan rəsmi orqanları onun dediklərini rədd edib.

Hadisəni terror adlandıran Azərbaycan XİN elə həmin gün İranın Bakıdakı səfiri Abbas Musəvi nazirliyə çağırıb.

Görüşdə Azərbaycanın Tehrandakı Səfirliyinə qarşı törədilmiş silahlı basqının, terror aktının şiddətlə qınanıldığı, diplomatik nümayəndəliklərə qarşı bu kimi hücumların qəbuledilməz olduğu deyilib.

Həmçinin “Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası”ndan irəli gələrək nümayəndəliyin binasını hər cür hücumlardan qorumaq və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsinin qəbul edən tərəfin vəzifəsi olduğu səfirin diqqətinə çatdırılıb.

Dövlət Təhlükəsizlik Xidməti Azərbaycanın İrandakı Səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı cinayət işi açıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button