2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

İran səfiri ölümlə təhdid edir: “…dəfn edəcək” – AKTUAL ŞƏRH

İran düşmən saydığı İsrail və ABŞ-ı hər yerdə izləyir. Tehran təmsilçiləri digər dövlətlərin ərazisində də bu iki ölkənin bütün fəaliyyəti ilə maraqlanır. Bura İsrail və ABŞ-ın siyasi, sosial, mədəni, hərbi və başqa sahələrdəki fəaliyyəti daxildir. 

Vəziyyət o yerə çatır ki, üçüncü ölkə ərazisində keçirilən oyunlarda iranlı idmançılar israilli həmkarları ilə yarışmaqdan imtina edirlər. Qeyd edək ki, indiyədək israilli idmançıların belə addımı ilə bağlı xəbər yayılmayıb. 

Rəsmi Tehranın təmsilçiləri və tərəfdarları ölkə xaricində İran hakimiyyətini tənqid edənləri də “İsrail, ABŞ casusu” adlandıraraq, şərləyirlər. İslam Respublikası rəhbərləri ölkə daxilindəki çatışmazlıqları, etirazları, ictimaiyyət üçün müəmmalı qalan qətlləri, ölüm hallarını, hətta yağışın yağmamasını, quraqlığı belə İsrail və ABŞ-la əlaqələndirirlər. 

Saytların yığılması Saytlarin yigilmasi

Bir örnək göstərək.  Qərbi Azərbaycan əyalətində yerləşən Urmiya gölü quruyur. Hakimiyyətin bu ekoloji fəlakətə laqeyd münasibətinə dünya azərbaycanlıları, ətraf mühitin təmizliyi uğrunda mübarizə aparanlar, mütəxəssislər 20 ildən artıqdır etiraz edirlər. İran isə əməli bir iş görmək yerinə boş-boş vədlər verir, bəhanələr gətirir. Ölkənin keçmiş Prezidenti Mahmud Əhmədenijat isə Urmiya gölünün qurumasında İsrail və ABŞ-ı ittiham etmişdi. Demişdi ki, gölün üzərini örtəcək yağışlı buludları bu iki ölkə dağıdır: “Ona görə də əraziyə yağış yağmır. Bu da gölün qurumasına səbəb olur”. Arqument o qədər gülüncdür ki, onu yozmağa belə ehtiyac qalmır. 

İranın Azərbaycandakı səfiri Abbas Musəvinin İsrailin Azərbaycandakı səfiri Corc Dikin tvitinə cavabı da buna oxşayır. 

İsrailin Azərbaycandakı səfiri Corc Dik ötən gün tvitter səhifəsində “Təbrizin sehrli nağılları” kitabını oxuduğunu əks etdirən foto və belə bir qeyd paylaşıb: “Bu yaxınlarda mənə ərməğan edilən bu möhtəşəm kitabdan Təbriz Azərbaycan tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm”.

Abbas Musəvi isə ona belə cavab verib: “Bu macəraçı oğlancığazın məlumatı üçün: Bizim əziz Təbrizimiz İranın qürurlu tarixində Birincilərin diyarı kimi tanınır. Görünür, ilk şər sionisti də qeyrətli Təbriz camaatı dəfn edəcək. Qırmızı xəttimizi heç vaxt keçmə, heç vaxt!”

İranlı səfirin “sionist” deyə adlandırdığı Corc Dik sadəcə Azərbaycan tarixi və Təbriz haqqında çox mətləbi öyrəndiyini yazıb. Onun tvitində İran hakimiyyətinə qarşı çağırış, Urmiyanın üstündəki buludları dağıtmağa cəhd və başqa pis fikir yoxdur. Əksinə, vətəndaşı olduğu ölkənin bir bölgəsinin tarixini oxuyub, öyrəndiyi üçün Musəvi Dikə təşəkkür belə edə bilərdi. Axı, diplomatlar həm də əlaqələr və münasibətlər qurmaq üçündür. Ölümlə hədələmək isə diplomatların deyil, terrorçuların işidir. Bir də Abbas Musəvi hakimiyyətinin ölkə daxilində səsləndirdiyi “İsrailə ölüm!” şüarını Azərbaycanda irəli sürməklə beynəlxalq normaları pozub. 

İkinci bir məsələ. “Birincilərin diyarı” ifadəsi ilə çoxmənalı fikirlərini bildirib. Corc Dik Təbrizin Azərbaycana aid olduğunu bildirməklə tarixi reallığı qeyd edib. Ancaq Abbas Musəvi İrana hakim olan İran mərkəzli fars düşüncə sisteminin nümayəndəsi olduğunu gizlədə bilməyib. O, “birincilərin diyarı” ifadəsinin Təbrizin Azərbaycana deyil, farslara məxsus olmasına dair saxta tarixi iddianı irəli sürür. Çünki panfarsçı və İran mərkəzli fars düşüncə sisteminə görə, farslardan başqa ölkədəki qeyri-farslar, özəlliklə türklər gəlmədir. İran və ətraf ərazilər, hətta Ərəbistanın bir hissəsi “Persiya”dır. Bu, təxminən ermənilərin “dənizdən dənizə” iddiasına oxşayır. 

Üçüncü məsələ. Belə ehtimal etmək olar ki, İran səfiri İsraillə Güney Azərbaycan türklərinin yaxınlaşacağında ehtiyat edirmiş kimi tez bu statusu paylaşıb. Onların yaxınlaşmaması üçün guya Təbriz əhalisinin İsrailə qarşı olduğunu, hətta qısqanclıq edib, “… dəfn edəcək” deyə yazıb. Yəni yəhudi dövlətinin səfirinin Təbrizi Azərbaycan ərazisi saymasına təbrizlilər etiraz edəcəklər.

Təbrizin hazırda İranın Şərqi Azərbaycan əyalətinin mərkəzi olduğunu heç kim danmır. Deməli, səfirin iddialarını atalar sözü ilə belə ümumiləşdirmək olar: “Xain xoflu olar”…

Adətən belə hallarda səfirdən izahat istənilir. Odur ki, Abbas Musəvi İsrailin səfirini ölümlə hədələdiyi üçün Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət edilsə və hədələyici tvitinə görə ondan izahat alınsa, daha məntiqi olar. Çünki Corc Dikin həyati təhlükəsinə çağırış var. Baş verə biləcək hadisənin məsuliyyətini çağırış etdiyi üçün Abbas Musəvi də daşıyır.

Səfirin tvitindən Azərbaycanı Argentinaya, Bakını Buenos-Ayresə çevirmək istəyinin də qoxusu gəlir. Yeri gəlmişkən, 1994-cü il iyulun 18-də Buenos-Ayresdə Yəhudi mədəniyyət mərkəzində terrorçu-intiharçının bomba partlatması nəticəsində 85 nəfər ölmüş, 300-dən çox insan yaralanmışdı. Ölən və xəsarət alanların çoxu yəhudilər idi…

Sədrəddin Soltan

Orta Doğu Araşdırmalar Mərkəzi

24 saat” “İran səfiri ölümlə təhdid edir: “…dəfn edəcək” – AKTUAL ŞƏRH” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button