2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

İran şahının “Ağ inqilab”ı

Referendumdan sonrakı hadisələr müəyyən siyasi kataklizmlərlə müşayiət olundu

1963-cü il yanvarın 9-da Məhəmməd Rza şah Pəhləvi altı bənddən ibarət islahatlar proqramını açıqladı. İslahatın müddəaları bunlar idi:

Saytların yığılması Saytlarin yigilmasi

1.Torpaq islahatı və feodalizmin ləğvi.
2. Meşələrin və otlaqların milliləşdirilməsi.
3. Dövlət müəssisələrinin satılması.
4. Qadınlara seçmək və seçilmək hüququnun verilməsi.
5. Fəhlələrin işlədikləri müəssisələrin gəlirlərində pay sahibi olmaları.
6. Savadsızlığın ləğvi üçün Maarif korpusunun yaradılması.

Şah 1950-ci illərin sonlarından etibarən İranın sosial-iqtisadi geriliyini aradan qaldırmaq və modernləşdirmək üçün köklü islahatlar üzərində düşünürdü. Amma belə bir islahatlarların müqavimətlə üzləşəcəyi şübhəsiz olduğundan elan edilməsi bir qədər ləngidi. İslahatın əsas maddələrindən biri torpaq islahatı idi, bu isə iri torpaq sahibkarları ilə yanaşı ruhanilərin də mənafeyinə toxunacaqdı. Çünki İranda əkinə yararlı torpağın 20 faizi vəqf torpaqları idi və üləmanın ixtiyarında idi.

Hökumətlə üləma arasında ilk toqquşma 1962-ci ilin oktyabrında baş verdi. Əsədulla Aləm hökumətinin imzaladığı yerli seçkilər haqqında fərmanda qadınlara seçmək və seçilmək hüququ verilirdi. Bundan əlavə, seçiləcək şəxslərin səmavi kitaba deyil, müqəddəs kitaba and içəcəyi göstərilirdi.

Bu addım ruhanilərin etirazına səbəb oldu. Onlar hesab edirdilər ki, bununla bəhailərə “Kitabi-əqdəs”ə and içmək icazəsi veriləcək. İki böyük müctəhid – Gülpeyqani və Şəriətmədari, eləcə də ayətullah Xomeyni şaha məktub yazaraq etiraz etdilər. Şah da geri çəkildi və fərman ləğv edildi. Qadınlar seçki hüququ qazanmadılar, and içmək üçün isə əvvəlki kimi Quran, Bibliya, Tövrat və Avestadan istifadə oluna bilərdi.

Amma bundan nəticə çıxarıldı, qadınlara seçib-seçilmək hüququnun verilməsini torpaq islahatı kimi daha populyar tədbirlərlə birlikdə təqdim etmək, xalqın dəstəyini qazanmaq üçün referendum keçirmək qərara alındı.

Qansız inqilab olduğuna işarə edən “Ağ inqilab” adı ilə tarixə düşən islahatlar proqramı 1963-cü ildə yanvarın 26-da referenduma çıxarıldı. Pozitiv mahiyyətinə baxmayaraq, bütün müxalif cameə – Milli Cəbhə, İran Azadlıq Hərəkatı, Tudə və b. islahatların əleyhinə çıxırlar. Xomeyni “İslama uyğun olmayan” referendumu boykota çağırdı.

Rəsmi nəticələrə görə, referendumda 5,5 milyondan çox adam iştirak etdi və onların 99,93 faizi islahatlara “hə” dedi. Yalnız 4115 nəfər mənfi cavab verdi. Onu da qeyd etmək lazımdır ki, səsvermə əslində gizli deyildi. “Hə” deyənlər qutuya ağ kağız, “yox” deyənlər isə yaşıl kağız salmalı idilər. İslahatlar təklifi əhali arasında ümumən populyar idi, amma bu qədər çox səs toplamasının bir səbəbi də qeyri-gizlilik idi.

Referendumdan sonrakı hadisələr müəyyən siyasi kataklizmlərlə müşayiət olundu, bu barədə “İran inqilab öncəsi” adlı məqaləmdə bəhs etmişəm. Təbəddülatlar Ruhulla Xomeyninin İrandan sürgün olunması ilə nəticələndi və şah rejimi vəziyyətə nəzarəti ələ ala bildi.

Sonrakı illərdə daha 13 maddə əlavə olunan Ağ inqilab bir sıra müsbət nəticələr doğurdu. Amma eyni zamanda başqa amillərdən dolayı xeyli mənfi nəticələri də oldu. Bütün bunlar sonda etirazların artmasına, qanlı inqilaba və monarxiyanın devrilməsinə aparıb çıxardı.

Torpaq fondunun 20 faizi, dediyimiz kimi, vəqflərə, 50 faizi iri mülkədarlara, 10 faizi dövlətə və yalnız 20 faizi azad kəndlilərə məxsus idi. Qanuna görə, feodallar maksimum bir kəndə aid torpaq sahəsinə malik ola bilərdilər. Kən təsərrüfatı naziri Həsən Ərsəncani deyirdi: “Biz əvvəlcə 150 kəndə sahib olan, yeganə istedadları narkotik qəbul etmək və kəndliləri döymək olanlardan başlayacağıq”. Sonrakı illərdə daha konkret ölçülər tətbiq edildi: bir nəfər yalnız maksimum 30 hektar suvarılan və 200 hektar suvarılmayan (dəmyə əkinçiliyi) əraziyə malik ola bilərdi.

Göstəriləndən artıq olan torpaqları hökumət “ədalətli qiymətlə” feodaldan alır və 30% ucuz qiymətə kəndlilərə satırdı. Bu zaman kəndliyə çox aşağı faizlə 25 illik kredit verilirdi. Nəticədə, feodalların kəskin müqavimətinə, bəzən göz qorxutmaq üçün hətta qətl törətmələrinə baxmayaraq, milyonlarla kəndli torpaq sahibi oldu.

Meşələrin və otlaqların milliləşdirilməsi bu ərazilərin istismarının və qırılmasının qarşısını aldı. Ağ inqilab dövründə 9 milyon ağac əkildi, şəhərlərin və avtomobil yollarının ətrafında 28 min hektar yaşıl zolaq salındı.

Dövlət müəssisələrinin satışa çıxarılmasında məqsəd bir tərəfdən onların daha effektli idarəçiliyinə nail olmaq, digər tərəfdən isə torpaq islahatının həyata keçirilməsi üçün maliyyə əldə etmək idi. Nəticədə 55 zavod səhmdar cəmiyyətə çevrilərək satıldı.

1963-cü ildə keçirilən seçkilərdən sonra ilk dəfə parlamentdə altı qadın təmsil olundu. Monarxiyanın sonuna qədər fəaliyyət göstərmiş daha üç parlamentdə qadınların sayı 7, 17 və 20 oldu. Fərruxru Parsa 1968-ci ildə təhsil naziri vəzifəsini tutaraq İran tarixində ilk qadın nazir oldu.

Fəhlələr işlədikləri müəssisələrin qazancından pay almağa başladılar. 1977-ci ildə özəl və dövlət müəssisələrində işləyən 530 min fəhlə müəssisələrin qazancından 12 milyard rial əldə etdilər ki, bu da onların 1-2 aylıq maaşına bərabər idi. Bu hal fəhlələri öz əməklərinin məhsuldarlığında maraqlı edirdi.

Ağ inqilabdan öncə təhsil sahəsində vəziyyət bərbad idi. 1958-ci ildə yaşı 15-dən yuxarı olan kişilərin 67,2 faizi, qadınların isə 87,8 faizi yazıb oxuya bilmirdi. Əhalinin 75 faizi kənddə, 25 faizi şəhərdə yaşadığı halda, müəllimlərin yalnız 24 faizi kənddə, 76 faizi isə şəhərdə dərs deyirdi.

Ağ inqilabdan öncə təhsil sahəsində vəziyyət bərbad idi. 1958-ci ildə yaşı 15-dən yuxarı olan kişilərin 67,2 faizi, qadınların isə 87,8 faizi yazıb oxuya bilmirdi. Əhalinin 75 faizi kənddə, 25 faizi şəhərdə yaşadığı halda, müəllimlərin yalnız 24 faizi kənddə, 76 faizi isə şəhərdə dərs deyirdi.

Kəndin müəllimlərə olan ehtiyacını ödəmək üçün “Maarif korpusu” deyilən qurum təşkil edildi. Orta məktəbi bitirən gənclər orduda xidmət etmək əvəzinə kəndlərə gedərək müəllimliklə məşğul olurdular. Bəzən onlar hərbi xidmət müddəti bitəndən sonra da ödənişli əsaslarla müəllimliyə davam edirdilər. Maarif korpusuna qızlar da cəlb edilirdi.

1966-cı ildə məktəb təhsili 12 il müəyyən olundu və ibtidai, orta, yuxarı hissələrə bölündü. İbtidai təhsil pulsuz və məcburi idi. Ağ inqilab dövründə İranda 3 mindən artıq məktəb tikildi. 1978-ci ildə kişilər və qadınlar arasında savadsızlıq faizi 44,2 və 53 faizə endi.

Şah qabaqcıl universitetlərin açılmasını təşviq edirdi. Massaçusets Texnologiya İnstitutu örnək götürülərək 1966-cı ildə Aryamehr Texnologiya Universiteti (indiki Şərif Texnologiya Universiteti) yaradıldı, 1977-ci ildə onun İsfahanda filialı açıldı ki, indi müstəqil İsfahan Texnologiya Universitetinə çevrilib. 1946-cı ildə açılan Şiraz universiteti ABŞ-ın Sarmaşıq liqası universitetlərinin təcrübəsi əsasında yenidən quruldu.

Ümumiyyətlə, əgər 1953-cü ildə 14500 tələbənin təhsil aldığı 4 universitet vardısa, 1977-ci ildə 16 universitetdə 154 mindən çox tələbə oxuyurdu. Bundan əlavə, daha 100 min iranlı əsas, xüsusi və qısamüddətli proqramlar üzrə Qərb ölkələrində (50 mini ABŞ-da) təhsil alırdılar, onların bir hissəsi bunu dövlət hesabına edirdi.

Sonrakı illərdə Ağ inqilaba daha 13 maddə əlavə edildi. Bunlardan birincisi Səhiyyə korpusunun yaradılması idi. Bu zaman Maarif korpusunun yaradılması prinsiplərindən istifadə olundu. Tibbi xidmət alan gənclər hərbi xidmətlərini əyalət şəhərlərində və kəndlərində əhaliyə tibbi xidmət göstərərək keçirdilər. İran milli universitetinin və Tehran universitetinin nəzdində fəaliyyət göstərən tibb fakültələri ilə yanaşı 1973-cü ildə ayrıca Tibb elmləri universiteti açıldı.

Eyni əsaslarla Rekonstruksiya və inkişaf korpusu yaradıldı. Kənd təsərrüfatı mütəxəssisləri, tikinti, yol və energetika mühəndisləri əyalətlərə göndərildilər. Maarif, Səhiyyə, Rekonstruksiya və inkişaf korpusları İran kəndinin geriliyini xeyli aradan qaldırdılar.

1973-cü il Məşhər günü savaşından sonra neft qiymətlərinin artması şah rejiminə sosial tədbirləri artırmaq imkanı verdi. Müəyyən öhdəliklər müqabilində pulsuz ali təhsil də almaq olardı. Uşaq bağçasına gedənlərdən 14 yaşlı məktəblilərə qədər gündə bir dəfə pulsuz yeməklə təmin olunurdular. Ehtiyacı olan analar və iki yaşa qədər körpələr də pulsuz yemək ala bilərdilər.

Ağ inqilabın başqa maddələri məhkəmə və inzibati islahatı, su ehtiyatlarının milliləşdirilməsini, şəhərlərin abadlaşdırılmasını, sosial təminat tədbirləri və sığortanın tətbiqini, fəhlələrə işlədikləri sənaye müəssisələrinin səhmlərini almaq hüququ verilməsini, qiymət artımına və korrupsiyaya qarşı mübarizəni nəzərdə tuturdu.

İslahatlar İranın dinamik inkişafına səbəb oldu. Ölkə artım tepmlərinə görə yalnız Yaponiyadan geri qalaraq Asiyada ikinci yerə çıxdı. Ağ inqilabdan sonrakı ilk 10 il ərzində ümumi milli məhsul 3,6 dəfə artdı. Yeni sənaye sahələri – qara və əlvan metallurgiya, maşınqayırma, kimya və qaz sənayesi və başqaları – meydana gəldi. 1970-ci illərin əvvəllərində sənaye müəssisələrində məhsul artımı 20% təşkil edirdi. Aşağıdakı cədvəl bəzi sənaye məhsullarının istehsalındakı fərqi göstərir:

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button